Siyasət 

Separatçılar “dəmir yumruq” üçün darıxıblar…

44 günlük müharibədə sağ qalmaq üçün Ermənistanın dərinliklərində gizlənən Araik birdən-birə zühur edərək cəsarətli bəyanatlar verməyə başlayıb. Belə ki, Qarabağdakı quldurbaşı Araik Arutyunyan 17 iyun gecə saatlarından etibarən oturaq aksiyaya başladığını elan edib. Ermənilərə müraciətində Araik onları oturaq aksiyada fəal iştirak etməyə səsləyib, Azərbaycana, habelə beynəlxalq təşkilatlara xitabən çoxsaylı tələblər irəli sürüb. Bildirib ki, “Xankəndinin blokadası”na son qoyulmalı, Laçın yolu açılmalı, “artsax xalqı”nın bütün tələbləri “təcili” yerinə yetirilməlidir. Baş separatçı qeyd edib ki, əgər onların tələbləri nəzərə alınmasa, o zaman “daha sərt tədbirlərə” əl atacaqlar.

Araik daha sərt tədbirlər deyəndə konkret hansı addımları atacaqlarını bildirməsə də, baş separatçının yeni terror aktlarını və təxribatları nəzərdə tutduğu şübhəsizdir. Bu isə Azərbaycana təzyiq üçün vasitə hesab edilə bilməz. Əvvəla ona görə ki, 2020-ci il 10 noyabr tarixli Bəyanat – Ermənistanın imzaladığı kapitulyasiya sənədi ölkəmizlə terror və təhdid dili ilə danışmaq istəyənlərin aqibətinə ən yaxşı sübutdur. Yəni, Araikin terror hədəsi Azərbaycan üçün praktiki baxımdan heç bir əhəmiyyət kəsb etmir.

Araik Arutyunyanın oturaq aksiyası, Azərbaycanın ünvanına təhdidlər səsləndirməsi baş separatçının “dəmir yumruq” həsrətində olduğunu göstərir. Əslində, bu açıqlama ölkəmizin Qarabağda yeni antiterror əməliyyatı keçirməsini şərtləndirən ciddi arqumentlərdən biridir. İndiki şəraitdə belə bir əməliyyatın keçirilməsi ölkəmizin qanunları ilə yanaşı, beynəlxalq qanunvericilik və konvensiyalarla da təsbit edilən bir hüquqdur. Ölkəmizə qarşı ünvanlanan real terror təhlükəsinin qarşısını öncədən almaq, dövlətimizin və xalqımızın təhlükəsizliyini təmin etmək zərurəti belə bir əməliyyatı vacib edir. Şübhəsiz, antiterror əməliyyatına start veriləcəyi təqdirdə 44 günlük Vətən müharibəsində olduğu kimi, Qarabağdakı separatçıları qısa zamanda darmadağın edəcəyi birmənalıdır.

Xankəndinin quldurbaşısının son bəyanatının ikinci səbəbkarı isə rəsmi İrəvan, hökumətdəki revanşist qüvvələr ola bilər. Mümkündür ki, İrəvan Araiki bu cür açıqlamalar verməyə təhrik etməklə sülh müqaviləsinin imzalanmasını qeyri-müəyyən vaxta qədər təxirə salmağa çalışır. Aydındır ki, işğalçı ölkə sülh prosesinə müxtəlif iddialarla maneçilik törədir.

Araikin daha bir ümid  yeri isə sülhməramlılardır. Çünki postmüharibə dövründəki bütün proseslərin təhlili göstərir ki, Qarabağdakı separatçıların əsas himayədarlarından biri qismində Rusiya sülhməramlıları çıxış ediblər. Xankəndi və ətraf ərazilərə Ermənistandan qanunsuz silah-sursatın daşınması, separatçıların Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasına göz yummaları, Azərbaycan toponimlərini erməniləşdirmələri və s. kimi faktlar bunun isbatıdır. Yəni, Rusiya sülhməramlılarının razılığı və dəstəyi olmadan Araikin beynəlxalq aləmə meydan oxuması, Azərbaycanı sərt tədbirlərlə hədələməsi mümkün deyil. Yeri gəlmişkən, sülhməramlı adı ilə bölgəyə yerləşdirilmiş hərbi qüvvə Rusiyanın burada mövcudluğunun əsas elementidir. Üçtərəfli Bəyanatda onun qalma müddətinin 5 il olduğu göstərilib. O da qeyd olunub ki, əgər müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hansısa biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Aydın məsələdir ki, Moskva bu müddətin uzadılmasını istəyəcək. Bölgədə ona ehtiyacın olduğunu bəyan edəcək. Rusiyanın Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə imkan verməməkdə əsas niyyətlərindən biri də sülhməramlıların qalma müddətini uzatmaq üçün əsaslar yaratmaqdır. Sülhməramlıların qalma müddətinin başa çatmasına iki il dörd ay vaxt qalıb. Azərbaycan isə qarşısına qoyduğu hədəflərə doğru addım-addım irəliləyir. Prezident İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüş zamanı dediyi kimi, Vətən müharibəsinin başa çatmasından ötən iki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq. Dövlətimizin başçısı qeyd etdi ki, o addım da atılacaq və buna şübhə etmir. Bəli, Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq. Buna yaxın-uzaq xaricdə heç bir qüvvə şübhə etməməlidir.

Daha çox xəbərlər