Komandolarımız “Vur!” əmrini gözləyir…
Qarabağda separatizmə son qoyulmalı, qeyri-qanuni silahlı erməni dəstələri ərazimizdən çıxarılmalıdır
Separatçıların Qarabağda vəziyyəti hər vəchlə gərginləşdirmək cəhdlərinin arxasında kənar qüvvələrin olduğu sirr deyil. Son günlər qeyri-qanuni erməni silahlı birləşmələrinin mütəmadi şəkildə atəşkəsi pozmasının, ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa edilən cəhdlərin, təxribat xarakterli digər addımların ssenarisi böyük ehtimalla Azərbaycanın hüdudlarından kənarda yazılır. Elə Xankəndidəki aksiyalarda iştirak edən, Ağdam yolunun köhnə asfalt örtüyünü dağıdan, yolu Əsgəran istiqamətində beton plitələrlə bağlayan bir dəstə separatçının da Qarabağın erməni ictimaiyyətinə aidiyyəti yoxdur. Çünki dinc sakinlər onların üzərindən oyun oynamaq istəyənlərin əməllərindən, yaranmış gərginlik nəticəsində üzləşdikləri problemlərdən beziblər. Odur ki, separatçı qurumun təzyiqi və qorxusu olmasa, onlar Azərbaycan cəmiyyətinə reinteqrasiya üçün addımların atılmasına nəinki etiraz etməz, əksinə şad olarlar.
Reinteqrasiya üçün münbit şərait yaranan kimi, sanki gözəgörünməz bir əl prosesi pozmaq və ya ləngitmək üçün fəaliyyətə keçir. Görünür, Azərbaycanın növbəti dəfə humanist mövqe nümayiş etdirərək Beynəlxalq Qırmızı Xaç Komitəsinə Qarabağdakı ermənilərə zəruri qida və dərman məhsullarını çatdırmaq üçün Ağdam-Xankəndi marşrutunu təklif etməsi və bu təklifin sonuncu Brüssel görüşü zamanı Avropa İttifaqı tərəfindən də dəstəklənməsi hansısa qüvvələrin planlarını pozub. Xankəndidə “oturaq” aksiya keçirən qondarma qurumun “prezidenti” Araik Arutyunyanın şantaj xarakterli “Qarabağda vəziyyətin qismən normallaşması məqsədilə addımların atılması üçün bir həftə vaxt veririk” bəyanatı, hətta “tələbləri” yerinə yetirilməyəcəyi təqdirdə Qarabağda və onun hüdudlarından kənarda daha sərt vasitələrə əl atacaqları “hədəsi” isə Azərbaycanın səbrinin daşması, suveren ərazimizdə separatizmin sonunun başlanğıcı ola bilər.
Sual yaranır: Əgər həqiqətən də Ermənistanın siyasi rəhbərliyinin də iddia etdiyi kimi, Qarabağ ermənilərinin humanitar təminat problemi varsa, o zaman niyə onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi marşrutundan istifadə etməsinə qarşı çıxır, öz nicat yollarını beton plitələrlə bağlayırlar? Demək ya Qarabağ ermənilərinin heç nəyə ehtiyacları yoxdur, həmişə olduğu kimi yalandan şou düzəltməklə beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar, ya da məqsədli şəkildə vəziyyəti gərginləşdirməklə hərbi eskalasiya təhlükəsi yaradırlar. İkinci variant proseslərdən yararlanmağa çalışan qüvvələrə ermənilərin reinteqrasiyasını ləngitmək üçün lazım ola bilər.
Ancaq həm separatçılar və onların cinayətkar rəhbərləri, həm Ermənistandakı revanşistlər, həm də üçüncü qüvvələr bir şeyi unudurlar. Azərbaycanın qüdrətli ordusu istənilən təxribatın qarşısını layiqincə almaq üçün hazır vəziyyətdədir. Elə təkcə qondarma qurumun dırnaqarası “prezidenti” Araik Arutyunyanın son sayıqlamaları
Azərbaycana mümkün təxribatların qarşısını almaq məqsədilə separatçıların mövqelərini sıradan çıxarmaq hüququ verir. Bu hüququ yaradan daha bir vacib məqam var: Nə Ermənistan bu vaxta qədər 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə uyğun olaraq öz məğlub ordusunun tör-töküntülərini Qarabağdan çıxarmayıb, nə də burada müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti öz missiyasına uyğun bunu etməyib. Deməli, Azərbaycanın öz hüquqları və beynəlxalq qanunlar çərçivəsində antiterror əməliyyatı keçirməsi zərurəti yaranıb. Necə deyərlər, çıxarmırlarsa, özləri çıxıb rədd olmurlarsa, biz çıxarmağı və ya da məhv etməyi bilirik. Bütün Silahlı Qüvvələrimiz, ələlxüsus da Xüsusi Təyinatlı Qüvvələrimiz və komandolarımız Ali Baş Komandanın “Vur!” əmrini gözləyir…

