Ədalətdən yayınmaq mümkün olmayacaq…
Tarixin qaranlıq və qanlı dövrlərini geridə qoymuş, intibah dövrünü yaşayan və qlobal məkanda güc sahibi olan Azərbaycan dövləti haylar tərəfindən vəhşicəsinə pozulmuş hüquqlarını bərpa etmək qüdrətindədir. Baxmayaraq ki, ədaləti bərpa etməli olan beynəlxalq qurumlar Azərbaycanın haqq səsini duymaqdan imtina edirlər. Lakin Azərbaycan öz gücü hesabına tarixboyu məruz qaldığı bütün cinayət əməllərini beynəlxalq ictimaiyyətin gözü qarşısında sübuta yetirir. 30 illik fasilədən sonra ədalət bərqərar olur – Azərbaycan xalqına qarşı qanlı cinayət törədənlər məhkəmə qarşısında cavab verirlər. Meşəli cinayətinin iştirakçılarından olan, günahsız azərbaycanlıların qətlində iştirak edən Vaqif Xaçaturyanın saxlanılması, istintaqa cəlb edilməsi də ədalətin bərpasının növbəti təntənəsidir.
1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə 1991-ci ildə Meşəli kəndinə silahlı basqın edərək 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə yaşadıqları yerlərdən didərgin salıb. Bundan başqa, Xaçaturyan Vaqif Çerkezoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.
Xocalı rayonunun Meşəli kəndində törədilmiş kütləvi qətliam cəmi 3 ay sonra baş vermiş Xocalı soyqırımına hazırlıq idi. Məhz həmin dövrdə Meşəli faciəsinə dünya birliyi tərəfindən heç bir reaksiyanın olmaması erməni faşistlərinin 1992-ci il fevralın 26-da daha genişmiqyaslı soyqırım törətməsi üçün zəmin yaratdı. Cəzasızlıq mühitindən daha da ruhlanan ermənilər XX əsrin ən böyük cinayətlərindən birini – Xocalı soyqırımını törətdilər: aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü. Bütün bu bəşəri cinayətlərin törədilməsində Ermənistanın siyasi hakimiyyətində vaxtilə ən yüksək postları tutmuş şəxslərin – Serj Sarkisyanın, Seyran Ohanyanın, Robert Köçəryanın birbaşa iştirakı və rolu olması hər kəsə məlumdur. Bunu ermənilər özləri etiraf edirlər.
Xaçaturyan Vaqif Çerkezoviçin barəsində 2013-cü il noyabrın 12-də beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Keçirilmiş axtarış tədbirləri nəticəsində 2023-cü il iyulun 29-da Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Azərbaycan humanizm prinsiplərinə əsaslanaraq Vaqif Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi və ona zəruri tibbi yardımın göstərilməsini təmin edib.
Ölkəmizə qarşı bu qədər təzyiqin, haqsız iradların fonunda, eyni zamanda, Ermənistana görünməmiş dəstəyin, diqqətin yönəldiyi bir vaxtda erməni cəlladın saxlanılması, sözün əsl mənasında çox cəsarətli addımdır. Ermənistan XİN-in yaydığı bəyanat da əslində yaranmış situasiyadan istifadə edib Azərbaycana qarşı təzyiqləri gücləndirməyə yönəlib. İrəvan unutmamalıdır ki, Vaqif Xaçaturyanın həbsi üçün ciddi hüquqi əsaslar var. Beynəlxalq humanitar hüquq müharibə cinayətkarlarının həbsini qadağan etmir. Xaçaturyan beynəlxalq humanitar müdafiə altında gizlənərək cəzadan yaxa qurtarmağa çalışıb. O, soyqırımı, deportasiya və insanlıq əleyhinə ağır cinayətlərin iştirakçısı olub. Ermənistan XİN onu “oğurlanan 68 yaşlı xəstə” adlandırmaqla ətrafında bir müdafiə çəpəri qurur. Azərbaycanın xüsusi xidmət orqanlarının əlində Xaçaturyanın əməlləri barədə xeyli məlumatlar var. Bu günə qədər BQXK vasitəçiliyi ilə tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılan və geri gətirilməyən yüzlərlə erməninin içərisindən yalnız Vaqif Xaçaturyanın saxlanılması Ermənistan XİN-in rəsmi Bakıya qarşı bəyanatındakı arqumentləri darmadağın edir.
Ermənistan, eləcə də onun havadarlarının Vaqif Xaçaturyanın həbsi ilə bağlı ajiotaj yaratmaq cəhdi absurddur. V.Xaçaturyan konkret cinayət əməllərində təqsirli bilinir. Ancaq məlum olduğu kimi Ermənistan, eləcə də Ermənistana havadarlıq edən xarici qüvvələr həmin cinayətkarın saxlanılmasına siyasi don geyindirməyə cəhd edir. Məqsəd Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək, ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqdır. 44 günlük Vətən müharibəsindən sonra da Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir. Əli azərbaycanlıların qanına batmış, Qarabağda dövlət və şəxsi əmlakları məhv etmiş, hərbi cinayətlər törətmiş şəxsləri məsuliyyətə cəlb etmək və ya Azərbaycana təhvil vermək əvəzinə onların müdafiəsinə qalxan Ermənistan dövləti baş vermiş vəhşiliklərin sifarişçisi və təşkilatçısı olduğunu bir daha ortaya qoyur. Bu, bir daha göstərir ki, sözdə guya Azərbaycanla sülh müqaviləsinin imzalanmasını, mehriban qonşuluq münasibətlərinin qurulmasını “istəyən” hazırkı Ermənistan iqtidarı, əslində azərbaycanlılara qarşı soyqırımda əli olmuş şəxsləri müdafiə etməklə, onların törətdiyi cinayətlərə bəraət qazandırmağa çalışır.
Ermənistan faktları təhrif edərək Azərbaycana qarşı qarayaxma kampaniyasından əl çəkməli, müharibə cinayətlərini dəstəkləməməlidir. Əli azərbaycanlıların qanına batmış hər bir erməni bilməlidir ki, gec-tez Azərbaycanın xüsusi xidmət orqanları onları yaxalayacaq və ədalət məhkəməsinin önünə çıxaracaq.
Yaqut Ağaşahqızı, “İki sahil”

