Siyasət 

Haqq nazilər, amma üzülməz…

Xaçaturyan və onun kimi erməni cəlladların ədalət mühakiməsindən qaçması mümkün deyil

SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cümlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-sovet hərbi qüvvələri Xocalı şəhərini zəbt ediblər. Düşmən əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali Ağdam rayonuna çatmaq ümidi ilə oranı tərk etməli olub. Ancaq bu istək baş tutmayıb. Şəhəri yerlə-yeksan etmiş erməni silahlıları və 366-cı motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutublar. Bu qırğın nəticəsində 613 nəfər həlak olub, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri qocalar idi. 8 ailə tamamilə qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb ki, onlardan 76 nəfəri uşaq idi. Faciə zamanı 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Xocalıdan əvvəl və sonra da əzəli torpaqlarımızda ermənilər tərəfindən neçə-neçə faciə törədilib. 1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Malıbəyli kəndi işğal edilərək yandırılıb. 1992-ci il yanvarın 25-də məlum “Daşaltı əməliyyatı” zamanı həlak olduğu güman edilən 64 soydaşımızın meyiti tapılmayıb, əsirlər qaytarılmayıb. Ondan 20 gün sonra erməni quldurları xarici muzdluların, xüsusilə də 366-cı motoatıcı alayın köməyilə hər tərəfdən əlaqəsi kəsilmiş Qaradağlı kəndinə hücuma keçiblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə aparıb. Biri qadın olmaqla, 14 nəfər həyatını itirib. Silah-sursatı tükənən soydaşlarımız sonda əsir götürülüblər və onların növbəti məşəqqətləri başlanıb. Kəndin Bəylik bağı adlanan yerində 23 sakini erməni cəlladları güllələyib, yaralılar diri-diri silos quyusuna tökülərək üstləri torpaqlanıb. Əsirlərin bir hissəsi Qaradağlı – Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülüb və nümayişkaranə şəkildə güllələnib. Girovluqda olan 8 nəfər kənd sakini işgəncələrlə qətlə yetirilib. Kəndin 77 sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub. Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılan 54 nəfərdən 15-i əsirlikdən qurtulduqdan sonra ermənilərin verdiyi hədsiz zülmlərin nəticəsi olaraq vəfat edib.

Bu da bir həqiqətdir ki, müxtəlif zaman kəsiyində və müxtəlif xalqlara qarşı həyata keçirilmiş cinayətlərin, daha dəqiq desək, soyqırımı aktlarının törədilməsinə əmr verənlər, həmçinin bu qanlı olayların icraçılarının bir qismi ədalət mühakiməsindən qaça bilməyib. Eyni zamanda, insanlıq əleyhinə cinayətlər törədənlərin beynəlxalq məhkəmə önündə dayanması ilə bağlı yaxın tariximizdə kifayət qədər faktlar var. Bir neçə gün bundan öncə beynəlxalq axtarışda olan şəxslərdən biri, Xocalı və Meşəli cəlladı Vaqif Xaçaturyanın həbsi Ermənistanın terrorçu dövlət olduğunu bir daha sübut etmiş oldu. Xaçatryan beynəlxalq humanitar müdafiə altında gizlənərək cəzadan yaxa qurtarmağa çalışıb. O, sıradan bir cinayət törətməyib. Soyqırımı, deportasiya və insanlıq əleyhinə ağır cinayətlərin iştirakçısı olub. İndi Ermənistan XİN onu “oğurlanan 68 yaşlı xəstə” adlandırmaqla ətrafında bir müdafiə çəpəri qurur. Lakin Azərbaycanın xüsusi xidmət orqanlarının əlində Xaçaturyanın əməlləri barədə xeyli məlumat, həmçinin sözügedən qanlı hadisələri öz gözləri ilə görmüş və yaşamış şahidlər var. İstintaqla müəyyən edilib ki, qeyd olunan tarixdə 1955-ci il təvəllüdlü, Azərbaycan vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib azərbaycanlılardan 25 nəfəri öldürüb, 14 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb. Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Ermənistan tərəfinin cinayətkar Vaqif Xaçaturyanın həbsindən sonra yaratdığı hay-küy isə əbəsdir. Artıq erməni qatillərinin beynəlxalq hüquq çərçivəsində ədalət məhkəməsinə cəlb olunması üçün tarixi proses başlayıb. Düzdür, beynəlxalq məhkəmənin digər müharibə cinayətkarlarına qarşı sərgilədiyi münasibəti ermənilərə qarşı da nümayiş etdirib-etdirməyəcəyi hələlik məlum deyil. Bu cür düşünməyimizə səbəb isə bəzi dövlətlərin və beynəlxalq qurumların ermənilərlə bağlı məsələdə ikili standartlar nümayiş etdirməsidir. Ancaq bu halda belə, Xaçaturyan və onun kimi erməni cəlladların ədalət mühakiməsindən qaçması mümkün deyil. Çünki onların bir çoxu Azərbaycan vətəndaşlarıdır və sözügedən cinayətləri də Azərbaycan vətəndaşı olaraq, özü də Azərbaycan ərazisində törədiblər. Buna görə də Azərbaycan dövlətinə asi çıxdıqları üçün onlar gec və ya tez ölkəmizin qanunları çərçivəsində cinayət məsuliyyətinə cəlb edilərək, layiq olduqları cəzanı alacaqlar. Əli günahsız körpələrin, qadın və qocaların qanına batmış erməni cəlladları üçün böyük divan qurulur. Necə deyərlər, haqq nazilər, amma üzülməz! Sırada isə Robert Köçəryanlar, Serj Sarkisyanlar, Zori Balayanlardır.

Sevinc Azadi, “İki sahil”

Daha çox xəbərlər