Ədalətin təcəssümü…
Meşəli faciəsinin şahidləri: Ermənilərin məqsədi kəndimizin bütün sakinlərini qırmaq idi!
Ötən əsrin sonlarında ermənilərin azərbaycanlılara qarşı yönəlmiş işğalçılıq və soyqırımı siyasətinin yeni dalğasının başlaması yüzminlərlə soydaşımızın öz ev-eşiklərindən zorla qovulub çıxarılması ilə nəticələndi. Qəddar düşmən sadəcə kəndlərimizin, şəhərlərimizin işğalı ilə kifayətlənmir, hər fürsətdə günahsız mülki insanlarımıza qarşı kütləvi qətliamlar, qırğınlar törətməyə çalışırdılar. Ancaq bu gün Ermənistan hakimiyyətinin və Qarabağdakı cinayətkar separatçı qurumun rəhbərliyinin dünya ictimaiyyətini aldatmağa yönəlmiş, əslində siyasi manipulyasiya olan “blokada” və “humanitar fəlakət” şoularının tamaşasından daha çox iştirakçısına çevrilmiş avropalı müşahidəçilər, diplomatlar bir dəfə də olsun ermənilərdən onların vəhşicəsinə törətdikləri Xocalı, Ağdaban, Meşəli, Qaradağlı, Başlıbel və daha neçə soyqırımı aktlarının hesabını soruşmayıblar. Eybi yox, biz bu ədalətsizliklərə öyrənmişik artıq. Əvəzində tanrının ədaləti var. Və bir də Azərbaycan 44 günlük Vətən müharibəsində olduğu kimi, yenə də özü təkbaşına ədaləti bərpa edir, qoca, qadın, uşaq, xəstə demədən günahsız azərbaycanlılara qarşı insanlığa sığmayan vəhşiliklər törətmiş erməni cəlladlarının qanun qarşısında cavab verməsini təmin edir.
Erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğının iştirakçısı və təşkilatçılarından biri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində beynəlxalq axtarışa verilmiş Xaçatryan Vaqif Çerkezoviçin yaxalanaraq Bakıya gətirilməsi də məhz, ilahi ədalətin təcəssümüdür. Bu il iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana qaçmaq istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılan V.Xaçatryanın həbsi Meşəli soyqırımının şahidlərinin də, necə deyərlər, yanan ürəklərinə su səpib. Ermənilərin otuz iki il əvvəl törətdikləri insanlığa sığmayan cinayətin təfərrüatlarını xatırlamaq, soyqırımı iştirakçısı V.Xaçatryanın həbsinə münasibətlərini öyrənmək üçün Xocalı rayonu Meşəli kənd sakinləri Əkbərov Nadir Həsənbala oğlu və Salmanov Ədalət Yekəfi oğlu ilə görüşdük.
Daha böyük faciənin qarşısını alan təsadüfi güllə…
N.Əkbərov: Ermənilərin azərbaycanlıların yaşadığı kəndlərə, şəhərlərə hücumları gücləndikcə Meşəli üçün də təhlükə artmaqdaydı. Neçə dəfə yolla gedən, təsərrüfat işləri məşğul olan kənd sakinlərini gülləyə tutmuşdular, iki nəfər yaralanmışdı. Badara, Daşbaşı, Qayabulaq kimi “erməni kəndlərinə” yaxın yerləşdiyi üçün Meşəlinin müdafiəsini təşkil etmək də çətin idi. Badara ilə aramızdakı məsafə 6-7 km ancaq olardı. Onu da deyim ki, soyqırımı baş verməmişdən bir müddət əvvəl kimdə nə silah vardısa hamısını ruslar gəlib yığmışdılar. Ov tüfənglərini də. Kimin iki silahı vardı birini gizlədib saxlamışdı deyə, az sayda tüfəngimiz qalmışdı. Bir də Milli Ordudan 11 nəfər köməyə gəlmişdi. Onlarda olan avtomatlardan başqa müdafiə üçün heç nəyimiz yox idi. Nə iriçaplı silahlar, nə də hərbi texnika. Hər ehtimala qarşı Badara yolunu partlatmışdıq ki, ermənilər həmin yoldan istifadə edib kəndə hücum edə bilməsinlər.
Dekabrın 22-si səhər müdafiə postunda Əjdər adlı kəndçimiz təsadüfən bir güllə atdı. Elə-belə. Sən demə, gecənin qaranlığından istifadə edən ermənilər kəndi hər tərəfdən mühasirəyə almağa çalışırmışlar. O güllə ya ermənilərdə əməliyyata başlamaq parolu kimi nəzərdə tutulmuşdu, ya da elə bildilər hücuma hazırlaşdıqlarını öyrəndik. Ona görə də güllə açılan kimi mühasirəni tam başa çatdırmamış kəndi tutdular atəşə. Hər tərəfdən güllə dolu kimi yağır, yer-göy dağılırdı sanki. Özü də tək ermənilər deyildi hücum edənlər, aralarında ruslar da çox idi. Təxminən yarım saat şiddətli döyüş getdi əvvəlcə. Biz onlara kəndin baş tərəfindəki yüksəkliyi də ələ keçirib bizi tam mühasirəyə almağa imkan vermədik. Təsəvvür edin, əgər o təsadüfi güllə atılmasaydı necə böyük faciə baş verərdi…
Ermənilərin məqsədi kənddə yaşayanların hamısını qırmaq idi!
Ə.Salmanov: Dünyanın düz vaxtı ermənilərlə mehriban qonşuluq eləmişik. Get-gəlimiz var idi. Əsas da Badara camaatı ilə yaxın olmuşuq. Meşəliyə avtobus işləmirdi, piyada, atla gedib Badarada avtobusa minirdik. Hətta elə toyumuz olurdu ki, orda azərbaycanlılar qədər də ermənilər iştirak edirdilər. Ona görə də bizim kəndin yolunu-yolağasını yaxşı tanıyırdılar. Elə hücum vaxtı da Suriyadan gəlmiş ermənilərə, ruslara onlar bələdçilik etmişdilər.
Kəndi tam mühasirəyə almaqda tək bir məqsədləri vardı: uşaqlı-böyüklü hamını öldürmək! Elə bizdə faciə baş verməmişdən təxminən iyirmi gün əvvəl, dekabrın 5-də azərbaycanlılar yaşayan Cəmilli kəndini də gecə ilə hər tərəfdən əhatəyə alıb əliyalın insanları qırmaq istəmişdilər. Yalnız qonşu Kosalar kəndindən köməyə gedib mühasirəni yardıqdan sonra camaatı çıxarmaq mümkün olmuşdu…
N.Əkbərov: Ermənilər qumbaraatanlardan, hətta qadağan olunmuş odsaçan silahlardan da istifadə edirdilər. Elə ilk atışma vaxtı bir neçə evi qumbaraatanlarla partlatdılar. Sonra qısa fasilə verib səsgücləndirici ilə Azərbaycan, rus və erməni dillərində bizə dedilər ki, silahları atıb təslim olaq. Erməni dilini yaxşı bilirdim, elə öz dillərində onları söydüm. Dedim, ölsək də döyüşə-döyüşə öləcəyik.
Bax, göstərdiyimiz müqavimətin hesabına, kəndin tam mühasirəyə düşməsinə imkan vermədiyimizə görə, qalan insanların öldürülməsinin qarşısı alındı. Sonradan erməninin hücumundan xəbər tutan Xocalı və Kosalar döyüşçülərindən də kömək gəldi, düşməni geri otuzdura bildik. Ancaq bir neçə saatın içində 25 nəfər qohum-əqrəbamızı öldürdülər, 14 nəfər yaralandı, 2 nəfəri də girov apardılar. Onlardan biri yolda yaralı da olsa qaça bilmişdi.
Ürəyimiz indi rahatlıq tapır…
Ə.Salmanov: Əhalinin sayını nəzərə alsaq ermənilərin Meşəlidə törətdikləri qırğın Xocalı soyqırımı qədər dəhşətlidir. Bizim kənd kiçik bir kənd idi. Əhalisi də çox deyildi, cəmi 360-dan bir az artıq olardı. Onlardan da girov götürülənlərlə birlikdə 30-a yaxını bir gündə vəhşicəsinə qətlə yetirildi.
Mən o cinayətkar Xaçatryanın özünü, atasını,əmisini tanıyırdım. Bizdən sonra Xocalı soyqırımının törədilməsində də iştirak edib.Bu uzun illər ərzində şəhidlərimizin qanı yerdə qalıb deyə, dinclik tapa bilmirdik. Ancaq indi kəndimizdə qanlı cinayətlər törətmiş V.Xaçatryanın həbs olunması ilə ürəyimiz rahatlıq tapır. Elə Meşəli şəhidlərinin də ruhu dincəlir!
N.Əkbərov: Çox şükür, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Vətən müharibəsi zamanı şəhidlərimizin qisası alınıb, torpaqlarımızın işğalına son qoyulub. Həmin döyüşlərdə Birinci Qarabağ müharibəsi vaxtı azərbaycanlılara qarşı vəhşiliklər törətmiş ermənilərin də neçəsi məhv edilib. İndi əməllərinə görə cavab vermək növbəsi onların digər sağ qalanlarınındır. Vaqif Xaçatryanın həbsi ilə ermənilərin neçə-neçə cinayətlərinin üstü açılacaq. Qoy dünya görsün onların necə vəhşi, qəddar, cinayətkar tayfa olduqlarını…
Mahir Rəsuloğlu, “İki sahil”

