İlin sonunadək sülh variantı tapıla bilər
Ermənistan ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoymalıdır
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü hazırda çox fəal dialoq formatına çevrilir
Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə Azərbaycanın tarixi Zəfərimizdən sonra təklif etdiyi sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərin hər biri ölkəmizin diplomatik qələbəsi kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində də bu məqamı xüsusi qeyd etdi ki, görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir. Məsələn, sərhədlərin gələcək parametrləri – Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmayıb. Çünki Sovet İttifaqı süquta uğradıqdan dərhal sonra biz həmin təcavüzlə üzləşdik. İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir. Cənab İlham Əliyev onu da bildirdi ki, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü hazırda çox fəal dialoq formatına çevrilir
Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini Ermənistanın baş naziri Nikol Paşinyan keçirilən görüşlərdə dəstəkləsə də, konkret məqam yetişəndə hələ də gözləmə mövqeyində dayandığı diqqətdən kənarda qalmır. Üç ilə yaxın dövrdə aparılan danışıqlarda əldə olunan nəticələrlə Ermənistanın təxribatlarını müqayisə etdikdə 30 illik işğal dövrünün reallıqları yada düşür. O dövrdə də Ermənistan danışıqlar prosesinin aparılmasında maraqlı tərəf kimi çıxış etsə də, görüşlərdən öncə, yaxud sonra törətdiyi təxribatlarla açıq-aşkar sülh danışıqlarının davam etdirilməsində maraqlı olmadığını nümayiş etdirirdi. Himayədarlarından gələn dəstək işğalçı dövlətin daha böyük iddialarla yaşamasını şərtləndirdi. Yeni ərazilər uğrunda müharibə planı 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına gətirib çıxardı.
Cənab İlham Əliyev tarixi Zəfərimizdən sonra sülh müqaviləsinin imzalanmasını təklif edərkən bu təklifin uzun müddət masa üzərində qalmayacağını bildirdi. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan, həmçinin keçirilən görüşlərdə qəbul olunan sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirdiyi halda Ermənistan məsuliyyətsizliyi ilə diqqətdədir.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərə gəldikdə isə cənab İlham Əliyev sözügedən müsahibədə jurnalistin « Avropa İttifaqı danışıqlar masasına nəyi gətirir» sualına cavab olaraq bildirdi ki, əslində, 1992-ci ildən etibarən, hələ işğal dövründə danışıqlar apardığımız zaman Avropa İttifaqı vasitəçilik prosesinin bir hissəsi olmayıb. Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür. O bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü hazırda çox fəal dialoq formatına çevrilir. Çünki təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu görüş Kişineuda baş tutdu: «Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, yenidən bir növ fasiləyə keçərsə, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik.”

