Siyasət 

Biz 30 illik işğaldan əziyyət çəkmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq

Dövlət başçısı İlham Əliyevin çıxışlarında, yerli və xarici televiziyalara müsahibələrində diqqət çəkən əsas məqamlardan biri  dünyada baş verən hər bir məsələ ilə bağlı ölkəmizin mövqeyini əsaslı şəkildə, ədalətə və beynəlxalq hüquqa söykənərək bildirməsidir. Bu fakt inkaredilməzdir ki, Azərbaycan bütün dövrlərdə dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə olub. Lakin dövlətimizin real faktlara, tarixi həqiqətlərə əsaslanan müstəqil  siyasəti hər bir  qərəzli yanaşmanın cavablandırılmasında öz sözünü deyir. Hazırkı dövrdə Ermənistanın «humanitar vəziyyət», «blokada» kimi şoularına dəstək verildiyi, bəzi dünya güclərinin işğalçı dövləti müdafiədən irəli gələn narazılıqlarının  daha qabarıq şəkildə  yer aldığı hazırkı dövrdə dövlət başçısı İlham Əliyevin  49 ölkədən 150 jurnalisti bir araya gətirən Şuşa Qlobal Bakı Forumundakı çıxışının  ardınca,  “Euronews” televiziyasına müsahibəsi mühüm məqamları ilə ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır.  Azərbaycana qarşı geniş təbliğatın aparıldığı bir vaxtda dövlət başçısı həmişəki kimi birbaşa kommunikasiyaya gedərək bütün məsələlər üzrə ölkəmizin haqlı, ədalətli mövqeyini diplomatik ustalıqla ortaya qoyur.

Cənab  İlham Əliyev xarici siyasətimizin əsas prinsiplərinin dəyişməzliyini söylədiyi fikirləri ilə bir daha təsdiqlədi. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr quran Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Bu nöqteyi-nəzərdən  yanaşdıqda dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində Azərbaycanın regionda, həmçinin dünya siyasətində rolunu açıqlayaraq, hazırkı dövrün əsas çağırışlarının nədən ibarət olduğunu bir daha diqqətə çatdırdı. Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil və çevik xarici siyasətimizin uğurları biri-birini əvəzləməkdədir.

Tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycanın çoxəsrlik tarixinin  yazılan Zəfər səhifəsi daim vərəqlənir, 30 illik işğal dövründə yaşananlar əsaslı şəkildə diqqətə çatdırılır. Əbəs yerə deyilmir ki,   zaman hadisələrin düzgün təhlili və dəyərləndirilməsi baxımından zəngin mənbədir. Arxada qalan bir il 10 noyabr 2020-ci il tarixli  Bəyanatın imzalanmasına gedən yola daha aydın işıq salaraq, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, kimin kim olduğunu göstərdi. 30 ilə yaxın dövrdə havadarlarının dəstəyi ilə imitasiya naminə danışıqlara qatılan Ermənistanın fürsət düşən kimi, Azərbaycanı sülh danışıqlarında maraqlı olmamaqda, həmçinin guya hazırda arxivə atılan   ATƏT-in Minsk qrupunun vasitəçiliyini qəbul etməyərək  digər təşkilatları münaqişənin həllində vasitəçiliyə cəlb etməkdə günahlandıraraq  diqqəti yayındırmağa çalışan Ermənistan hakimiyyətinin bu kimi qərəzli təbliğatlarını  nəyə hesabladıqları  bugünümüzdən  baxdıqda daha aydın görünür. Azərbaycanın müdafiə xərclərini artırmasını məsələnin sülh danışıqları yolu ilə həllində maraqlı olmamaq kimi təqdim edən işğalçı dövlət və havadarları niyə illərdir  Ermənistana müxtəlif adlar altında maddi və mənəvi dəstək göstərəndə, silahlandıranda özlərinə məlum, amma başqaları üçün sual doğuracaq məqamları   cavablandırmaq  barədə düşünmürdülər? 44 günlük İkinci Qarabağ  müharibəsi dövründə  Azərbaycan ordusu tərəfindən məhv edilən, yaxud qənimət kimi götürülən erməni hərbi texnikasının say tərkibinə və onların alınması üçün lazım olan vəsaitin miqdarına diqqət yetirmək kifayətdir. Şuşanın işğaldan azad edilməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Şuşa Zəfərindən  sonra düşmənə növbəti ağır zərbə vuruldu. Belə ki, noyabrın 9-da  növbəti şanlı hərbi qələbəmizlə 71 yaşayış məntəqəsi, bir qəsəbə və 8 strateji yüksəklik işğaldan azad edildi.  27 sentyabrdan 10 noyabradək  300-ə yaxın yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə və  strateji yüksəkliklər azad edildi. İşğal altında olan digər rayonlarımızın – Ağdam, Laçın və Kəlbəcərin  10 noyabr Bəyanatına uyğun olaraq qan tökülmədən Azərbaycana qaytarılması hərbi-siyasi qalibiyyətin bariz nümunəsidir. Azərbaycan xalqı Vətən müharibəsində  nə qədər böyük,  vətənpərvər, dəmir iradəyə malik  xalq olduğunu bir daha göstərdi. 30 ilin əziyyəti,  ümidsizliyi,  əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik,  mətinləşdik, gücləndik, özümüzü topladıq, “artıq yetər” deyib  işğalla barışmadığımızı Ermənistana və ona havadarlıq edən dövlətlərə göstərdik. Şuşanın azad edilməsi ilə əslində müharibənin taleyi həll olundu. Noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanatla  Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının tarixini verdi. Hansı ki, dövlət başçısı İlham Əliyev Vətən müharibəsinin gedişində bildirirdi ki, Ermənistan torpaqlarımızdan çıxmaları ilə bağlı tarixi versinlər, müharibəni dayandıraq.

Dövlət başçısı İlham Əliyev  iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsində diqqəti tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına, eyni zamanda,  beynəlxalq aləmdən gözləntilərə yönəltdi.  «Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bu, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi» söyləyən cənab İlham Əliyev qeyd etdi ki,  2020-ci il noyabrın 10-da Bəyanatı imzalayan  zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə  Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq: «Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Sonra yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq.»

Dövlət başçısı İlham Əliyev bu fikirləri ilə bir daha Azərbaycan dövlətinin, xalqının 30 illik işğal dövründə yaşadıqlarına baxmayaraq humanistlik göstərib Ermənistana sülh müqaviləsi təklif etdiyini bildirir. Azərbaycan hər zaman sülhün tərəfdarı olub. 30 illik işğal dövründə qarşı tərəf danışıqlara imitasiya naminə qatılıb vaxt qazanmağa çalışsa da Azərbaycan tərəfi sülh danışıqlarının nəticə verəcəyinə ümid edirdi. Çünki ədalətin və beynəlxalq hüququn tərəfində olan ölkəmiz dünyanın haqqı müdafiə edəcəyini düşünürdü. Lakin əksər  dünya gücləri ədalət və beynəlxalq hüquq məfhumlarını maraqlarının arxasında gizlədərək ikili standartlara əsaslanan siyasətləri ilə  beynəlxalq aləmdə bir etimadsızlıq mühitini yaratdılar. Hansı ki, bu gün bəzi dünya gücləri həmin dövrün reallıqlarını unutmuş kimi, Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanmasına səy göstərir, ən əsası Qarabağın Azərbaycan ərazisi olduğunu bildirirlər. 30 illik işğal dövründə bu reallığı təsdiqləsəydilər sözsüz ki, 44 günlük İkinci Qarabağ müharibəsi yaşanmazdı.

Daha çox xəbərlər