Hava 

FAKTİKİ HAVA: Yağan leysan nəticəsində iki rayondan sel keçir – YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi Göygöl, Gədəbəy, Gəncə, Salyan, Qobustan, Şamaxı, Şəmkir, Ceyrançöl, Zaqatala, Şəki, Qax, Neftçalada şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

 

Xidmətdən verilən xəbərə görə, xidmət rəisi Nazim Mahmudov qeyd edib ki, yağan leysan nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan və Samux rayonu ərazisində axan Qabırrıçaydan sel keçir.

 

N.Mahmudovun sözlərinə görə, avqust ayı üçün sel hadisələrinin baş verməsi o qədər də səciyyəvi deyil. Son 10 ildə elə illər olub ki, avqust ayında sel qeydə alınmayıb, amma keçən il iki sel hadisəsi müşahidə olunub. Belə proseslər adətən daha çox aprel ayından iyun ayının sonunadək müşahidə edilir.

 

“Eyni zamanda, şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Ağdamda 26 m/s, Goranboyda 22 m/s, Tərtərdə 20 m/s, Altıağacda 16 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,8 metrə çatıb. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağışlı və küləkli hava şəraitinin avqustun 5-də gündüzədək davam edəcəyi proqnozlaşdırılır”.

 

11:56

 

Şəmkir rayonuna leysan yağıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb.

 

“Report”un Qərb bürosunun məlumatına görə, bölgədə yağan güclü yağış bir sıra fəsadlar törədib.

 

Şəmkir rayon Kür qəsəbəsi, Yeniabad, Keçili və Mahmudlu kəndlərində küləklə müşahidə olunan leysan yağışlar nəticəsində elektrik enerjisinin verilişi dayandırılıb.

 

Bəzi küçələrdə piyadaların və avtomobillərin hərəkətində çətinlik yaranıb.

 

Qeyd edək ki, hazırda Gəncə şəhərində və ətraf rayonlarda da qeyri-sabit hava şəraiti müşahidə olunur.

Daha çox xəbərlər