Qiyamətə qalmayacaq qisas
Xocalı rayonu Cəmilli kənd sakini: Mühasirəni yara bilməsəydik ermənilər növbəti soyqırımını Cəmillidə törədəcəkdilər!
Qarabağdakı əzəli torpaqlarımızın işğal edilməsi, orada yaşayan azərbaycanlıların zorla qovulması ilə bağlı məkrli planlar hələ qanlı sovet imperiyası süquta uğramazdan əvvəl hazırlanmışdı. Biz digər SSRİ xalqları ilə olduğu kimi, ermənilərlə də mehriban qonşuluq, dostluq şəraitində yaşadığımız vaxtlarda onlar gizlin şəkildə pul toplayır, Qarabağın erməni azlığı arasında “dənizdən dənizə böyük Ermənistan” xülyasının növbəti mərhələsinin təbliğatını aparır, qanlı cinayətlərə başlamaq üçün silah-sursat tədarük edirdilər. Ötən əsrin 90-cı illərində İttifaqın dağılmasından sonra ermənilər Qərbi Azərbaycandakı yüzminlərlə soydaşımızı deportasiyaya məruz qoyaraq onların öz tarixi torpaqlarından zorla qovulması prosesini yekunlaşdırdılar. Dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların laqeydliyi, cəzasızlıq ermənilərin daha da azğınlaşmasına səbəb oldu. Daha sonra növbə Azərbaycan torpaqlarına, gözəl Qarabağımızın şəhər və kəndlərinə çatdı. Xankəndidə keçirilən nümayişlər dinc azərbaycanlıların yaşayış məntəqələrinə edilən hücumlarla, getdikcə sayı və atış intensivliyi artan raketlərlə, mərmilərlə əvəzlənmişdi. Kəndlərimiz, şəhərlərimiz üçün təhlükə hər gün bir az daha artırdı. Azərbaycana həmin dövrdə rəhbərlik edənlərin səriştəsizliyi və biganəliyi dinc, əliyalın azərbaycanlıları yaxşı silahlanmış amansız düşmənlə üzbəüz qoymuşdu.
Ermənilərin işğalçılıq və soyqırımı siyasətinin yeni dalğasının ilk hədəfləri Xankəndi şəhərinə daha yaxın məsafədə yerləşən yaşayış məntəqələrimiz idi. Xüsusilə, Xocalı şəhəri və rayonun azərbaycanlılar yaşayan kəndləri tez-tez atəşə tutulur, hücumlara məruz qalır, dinc sakinlər öz heyvanlarını otardığı yerdə, həyət-bacasında işləyən zaman güllələnərək qətlə yetirilirdi. Yenə də cəzasızlığın və sahibsizliyin acı nəticələri özünü çox gözlətmədi, ermənilər tərəfindən Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin işğalına start verildi. Sadəcə işğalınamı? Xeyr, qəddar düşmən bununla kifayətlənmir, hər fürsətdə günahsız mülki insanlarımıza qarşı kütləvi qətliamlar, qırğınlar törədirdilər. XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımına gedən yol da məhz rayonun digər yaşayış məntəqələrinin ələ keçirilərək yandırılmasından başladı…
Əgər 1991-ci il dekabrın 15-də qonşu kənddən köməyə gələnlər vaxtında yetişərək qəhrəmanlıqla döyüşüb mühasirəni yara bilməsəydilər ermənilər bir gündə Xocalı rayonunun Cəmilli kəndində yüzlərlə azərbaycanlını qətlə yetirəcəkdilər. Cəmilli sakinləri İsmayılov Akif Baxşeyiş oğlu və Qəhrəmanov Ramiz Əhliman oğlu ilə görüşüb həmin hadisənin təfərrüatlarını öyrəndik.
“Eybi yox, qoy tiksinlər, onsuz da bizə qalacaq.”

A.İsmayılov: Cəmilli Xankəndiyə ən yaxın Azərbaycan kəndlərindəndir. Aradakı məsafə 2 km-dən bir az artıq olardı. Piyada 15-20 dəqiqəyə getmək mümkün idi. Hələ “sovet vaxtı” Xankəndidə işləyənlər çox vaxt elə piyada gedib-gəlirdilər. Mən uzun illər Xankəndidəki ayaqqabı fabrikində işləmişəm. Ona görə də erməni dilini yaxşı bilirdim. Əvvəllər açıq şəkildə heç nə deməsələr də, ermənilərin bizə qarşı gizli kin-küdurəti həmişə olub. Bir faktı deyim. 1988-ci il idi. Həmin vaxt Cəmilli ermənilərin yaşadığı Ballıca “sovetliyinə” tabe idi. Ballıcadan gəlib bizim kənddə iclas keçirirdilər. Öz aralarında danışanda biri kəndimizdə tikilən yeni evləri göstərib erməni dilində dedi ki gör, nə qəşəng evlər tikirlər? O biri də cavab verdi ki, eybi yox, qoy tiksinlər, onsuz da bizə qalacaq. Dediklərini başa düşsəm də, nəyi nəzərdə tutduqları mənə sonralar çatdı. Bir müddət sonra Xankəndidə vəziyyət gərginləşdi, saqqallı daşnaklar işlədiyimiz fabrikə gəlib bizi hədələdilər ki, bir də bura gəlməyin.
Deməli, onlar əvvəldən torpaqlarımıza göz dikmişdilər.
Əgər mühasirəni yara bilməsəydik…

R.Qəhrəmanov: Cəmilli tək Xankəndinə deyil, ermənilərin yaşadığı Ballıca və Xənəzək kəndlərinə də yaxın məsafədə yerləşirdi. Ona görə də üç istiqamətdən tez-tez hücum edirdilər. Biz də postlar qurub müdafiə olunmağa çalışırdıq. Bizim əlimizdə yalnız az sayda avtomat vardı: mən də daxil olmaqla altı nəfər kənd sakini Xocalı özünümüdafiə batalyonuna yazılıb silah almışdıq. Bir də kəndə köməyə gəlmiş on iki nəfərdə və milisdə işləyən bir-iki öz kəndçilərimizdə avtomat vardı, vəssalam. Hətta ov tüfənglərini də ruslar gəlib yığmışdılar. Deyirdilər ki, ov tüfənglərini “Xalq cəbhəsi” yığdırıb.
Kəndimiz daha yüksəkdə yerləşdiyindən erməni mövqelərini rahat müşahidə edə bilirdik. 1991-ci il dekabrın 13-də gördük ki, ermənilər çoxlu qüvvə toplayıblar. Bir gün sonra – ayın 14-ü axşam şiddətli hücum başladı və səhərə qədər atışma davam etdi. Elə gecəynən qumbaraatanlarla kəndin məktəbini vurub yandırdılar.
Səhər təxminən saat 9-da qısa müddət atəşi dayandırdılar. Əvvəl elə bildik hücum bitdi. Ancaq az keçməmiş yenidən başlandı. Özü də yaxınlığımdakı ağaca dəyən güllənin istiqamətindən başa düşdüm ki, kəndin baş tərəfindəki Kosalara (Xocalı rayonunun azərbaycanlılar yaşayan kəndi) gedən sonuncu çıxış yolumuzu da tutublar və artıq mühasirədəyik. Ermənilərin, daha doğrusu ermənilər tərəfdən hücuma qoşulmuş rusların zirehli texnikaları əvvəl-əvvəl uzaqdan atəş açır, yaxınlaşmağa cürət etmirdilər. Elə bilirdilər bizim də texnikamız, iriçaplı silahlarımız var. Ancaq hiss edəndə ki, necə deyərlər, əliyalınıq, başladılar kəndə doğru irəliləməyə. Son yolumuz da bağlandığı üçün kəndin 500-dən artıq dinc sakini mühasirədə qalmışdı. Ermənilərin məqsədi hamını qırmaq, bununla da digər kəndlərdə müqavimət göstərən azərbaycanlıların da gözünü qorxutmaq idi. Artıq iki nəfərimiz, mülki şəxs Zeynalov Mamed Mikayıl oğlu və köməyə gəlmiş Məhəmməd adlı şəxs şəhid olmuşdu, bir nəfərimiz yaralanmışdı. Son məqamda Kosalar kəndindən kömək gəldi. Onlarda da yalnız avtomatlar vardı, hətta bəziləri ov tüfəngləri ilə silahlanmışdılar. Yenə də biz “içəridən”, onlar əks tərəfdən mühasirəni yarmaq mümkün oldu. Sağ olsunlar, Kosalar camaatının köməyi və qəhrəmanlığı ermənilərin kütləvi qırğınının qarşısını aldı. Mühasirə yarıldıqdan sonra sakinlər kəndi tərk edə bildilər. Biz kəndin baş tərəfindən çıxanda artıq ermənilər aşağı tərəfdə evlərimizi talan edib yandırırdılar…
Qisas qiyamətə qalmayacaq…
Bu il iyulun 29-da Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğının iştirakçısı və təşkilatçılarından biri Xaçaturyan Vaqif Çerkezoviçin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Xankəndidən Ermənistana qaçmaq istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq Bakıya gətirilməsi yəqin ki, ermənilərin daha neçə cinayətinin üstünün açılmasına şərait yaradacaq. Əbəs deməyiblər ki, qisas qiyamətə qalmaz. Bu gün Azərbaycan 44 günlük Vətən müharibəsində olduğu kimi, yenə də özü təkbaşına ədaləti bərpa edir, günahsız azərbaycanlılara qarşı insanlığa sığmayan vəhşiliklər törətmiş erməni cəlladlarının qanun qarşısında cavab verməsi təmin olunur. V.Xaçaturyanın həbsi hər birimizdə, xüsusilə xocalılılarda dərin inam yaradır ki, digər erməni cinayətkarların da ədalət məhkəməsi qarşısına çıxarılacağı gün çox da uzaqda deyil.
P.S. Ramiz Qəhrəmanovun oğlu Tural Vətən müharibəsində öz soyadının haqqını verərək qəhrəmancasına döyüşüb. Göstərdiyi sücaətə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən müxtəlif medallarla təltif olunub. Atasına zarafatla deyir ki, sizin yarımçıq işlərinizi biz tamamladıq, qisasınızı aldıq…
Mahir Rəsuloğlu, “İki sahil”


