Fuad Qəhrəmanlının avara qəhrəmanlığı
Xaricdəki azərbaycanlıları ölkəmiz əleyhinə qaldırmaq erməni dəyirmanına su tökməkdir
Dünyanın inkişaf etmiş ölkələrində hakimiyyət konstruktiv müxalifətin olmasında maraqlıdır. Ona görə ki, müxalifətsiz cəmiyyət inkişafsız cəmiyyətdir . Adətən konstruktiv müxalifət hakimiyyətin qüsurlarını kənardan aydın görüb onu şərh edir, təkliflər verir, seçkilərdə rəqibinə qarşı bu faktlardan yararlanaraq sivil şəkildə mübarizə aparır.
Təbii ki, Azərbaycanda da konstruktiv müxalifətin formalaşması mövcud hakimiyyətin istəyidir. Çünki bu, ölkənin demokratik inkişafı üçün vacib şərtlərdən biridir. Lakin xaricdəki və daxildəki anti-Azərbaycan qüvvələr ölkəmizdə sivil müxalifətin yaranmasına deyil, dağıdıcı müxalifətin formalaşmasına nail olublar.
Belə ki, AXCP sədri Əli Kərimli və onun inhisarında olan qondarma «Milli Şura» xarici maliyyə vəsaitləri hesabına dövlətimizə və onun milli mənafeyinə qarşı zərərli addımlarını bu gün də davam etdirir. Bu dağıdıcı siyasi təşkilatların fəaliyyəti və xarakteri imkan vermir ki, onlar ciddi sosial baza toplamaqla seçkilərdə müsbət nəticələrə nail olsunlar. Son 30 ildə iştirak etdikləri bütün növ seçkilərdə məğlub olanlar nəinki istefa vermirlər, hətta partiyalarında diktatura şəraiti yaradıblar.
Bəli, AXCP-nin inhisarında olan qondarma «Milli Şura» indi bir qrup donosbazın, qaragüruhun şər-şəbədə yuvasına çevrilib. Tofiq Yaqublu, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli və onlarca bu kimi xaraktersizlər bu gün də sosial şəbəkələrdə ölkəmizin uğurlarına böhtan atmaqla məşğuldurlar. Onların gündəmində FETÖ terror təşkilatının üzvü hesab edilən, hətta saxta pul kəsməklə məşğul olduğu bildirilən Qubad İbadoğlunun haqlı həbsindən istifadə etməklə Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmağa çalışmalarıdır.
Onlar xaricdəki anti-Azərbaycan qüvvələrin dövlətimiz əleyhinə ənənəvi qarayaxmalarına Qubad İbadoğlu məsələsini gündəmdə saxlamaqla dəstək verirlər. Xüsusilə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı daha dərinə gedərək xarici ölkələrə mühacirət etmiş azərbaycanlılara müraciət edərək onları müdafiə etməməkdə qınayır. Fuad Qəhrəmanlı üçün Azərbaycan hakimiyyətinə və dövlətinə nə qədər çox böhtan atılsa onun olmayan vicdanı daha çox rahatlayar. Onun xaricdəki azərbaycanlılara belə bir çağırışı, əslində Azərbaycan dövlətinə qarşı tam rəzilliyin nümunəsidir. Həm də elə bir vaxtda ki, ölkəmiz indi işğalçı Ermənistanı dəstəkləyən, islamofobiya və Azərbaycanofobiyalara qarşı qətiyyətlə, təkbaşına mücadilə edir. Bir sözlə, xaricdəki azərbaycanlıları ölkəmiz əleyhinə qaldırmaq erməni dəyirmanına su tökmək deməkdir.
Bu gün dağıdıcı düşərgənin fəaliyyəti çox iyrənc bir vəziyyətə gəlib çıxıb. Yəni, bu partiyalar demokratiyadan dəm vursalar da, əslində, burada çoxluğun azlıq üzərində diktaturası hökm sürür. Ona görə ki, onların liderləri partiyadaxili demokratik islahatları qəbul etmirlər. Fikir verin, Əli Kərimli 20 ildən çoxdur ki, AXCP sədridir. Bu dövrdə onun ideologiyasında, siyasi texnologiyalarında, cəmiyyətə sivil baxışlarında heç bir proqressiv dəyişiklik yoxdur.
Eyni zamanda bu da biabırçı faktdır ki, heç bir sivil cəmiyyətdə siyasi partiyaya bu qədər uzunmüddətli rəhbərlik etmirlər. Xüsusilə də bütün seçkilərdə məğlub olan partiya sədri dərhal istefa verərək ya siyasətdən, ya da ki, partiya rəhbərliyindən uzaqlaşmalıdır.
Digər tərəfdən, dağıdıcı müxalifət partiyalarının kadr potensialı o qədər zəifdir ki, hətta onların funksionerlərini cəmiyyətin böyük qismi tanımır. Çünki dağıdıcı düşərgənin rəhbərləri cəmiyyəti cəlb edəcək alternativ proqramlarla çıxış etmək gücündə də deyillər. Sanki onların vəzifələri sadəcə, hakimiyyətə böhtan atmaq, hətta ən yaxşı işlərinə kölgə salmaqdır. Bununla da Əli Kərimlinin trol dəstəsinin rəzil kimliyi və xarakteri tam aydın görünür.

