Gündəm 

Bəs deyirdiniz aclıqdır?

Qarabağdakı separatçıların qondarma “dövlət naziri” etiraf edir ki, ərzaq da var, yanacaq da…

Ermənistan hakimiyyətinin Avropa İttifaqının bu ölkədəki müşahidə missiyasının “şahidliyi” ilə Azərbaycanın Qarabağ iqtisadi rayonundakı ermənilərə guya “humanitar yardım” göndərmək adı altında təşkil etdiyi siyasi şounun 15 günü tamam oldu. On doqquz yük maşınından ibarət avtomobil karvanı hələ də iki ölkə sərhədindəki Laçın sərhəd-buraxılış məntəqəsinin yaxınlığında, Ermənistanın Gorus rayonunun ərazisində dayanıb, nə irəli, nə də geri hərəkət edə bilir. Nikol Paşinyan hökumətinin növbəti avantüra və təxribat xarakterli addımları da Azərbaycanın beynəlxalq hüquqa əsaslanan qətiyyətli mövqeyi qarşısında iflasa uğradı. İlk vaxtlar ucuz erməni təbliğatının ruporuna çevrilərək ölkəmizə müxtəlif vasitələrlə təzyiq etməyə çalışan bəzi fransızlar da, cozef borrellər də sonunda anladılar ki, Azərbaycanın dövlət sərhədi bütün normal ölkələrdə olduğu kimi, qeyri-qanuni keçidlər üçün birdəfəlik bağlanıb. Anlamasalar da, hər halda, reallıqla barışmağa məcbur oldular. Göründüyü kimi, “humanitar yardımı Qarabağa buraxın” çağırışları artıq səngiyib, hətta demək olar dayanıb.

Humanitar məsələlərdə həssas görünməyə çalışan beynəlxalq təşkilatların və bir sıra dövlətlərin Ermənistan-Azərbaycan sərhədində baş verənlərə “təmkinli” (halbuki başqa vaxt bu reaksiyalar adətən ikili standartlara əsaslanır-red.) reaksiyasının iki mühüm səbəbi var. Birincisi, ermənilərin iddia etdiyinin əksinə olaraq Xankəndi-Laçın yolu bağlı deyil və demək olar hər gün bu yoldan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə erməniəsilli şəxslərin sərbəst keçidinin təmin edilməsinin görüntüləri yayılır. Elə dünən – avqustun 8-də də Laçın sərhəd-buraxılış məntəqəsində çəkilmiş görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması və gediş-gəlişlərinin təmin edilməsi əks olunub. Bu isə o deməkdir ki, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanması barədə yalan və böhtan dolu iddialarına rəğmən, mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneə, hər hansı çətinlik yoxdur. Yeri gəlmişkən, Qarabağdan erməniəsilli şəxslərin BQXK vasitəsilə İrəvana aparılması haqqında məlumatları Ermənistan mətbuatı da yayır. Özləri məlumatları yayırlar, özləri də ardınca “blokada” deyə Azərbaycana iftira atırlar. Laçın sərhəd-buraxılış məntəqəsindəki görüntüləri ehtimal ki, Cənubi Qafqazdakı prosesləri yaxından izləyən maraqlı qüvvələrin əksəriyyəti izləyirlər. Odur ki, ürəklərindəki erməni sevgisi ədalət hissini üstələyənlər belə çox hay-küy sala bilmirlər.

İkincisi, hər gün bir az daha artıq məlum olur ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun müəyyən ərazisində yaşayan erməni azlıq heç bir “humanitar böhran”la üzləşməyib, ərzaq, dərman və yanacaq çatışmazlığı ilə bağlı deyilənlər siyasi spekulyasiyadan başqa bir şey deyil. Əgər Qarabağdakı ermənilərin həqiqətən iddia etdikləri problemləri olsaydı onda Azərbaycanın yardım təkliflərini qəbul edər, Laçın yoluna alternativ və daha sərfəli olan Ağdam-Xankəndi marşrutunun açılmasına nəinki mane olmaz, hətta sevinər, özləri bu yolu Əsgəran istiqamətində bağlamazdılar. Üstəlik, vəziyyət Ermənistan hakimiyyətinin və separatçıların dediyi kimi gərgindirsə, o zaman öz təbirlərincə desək, “8 aydır” nə ilə və necə dolanırlar? Axı, məntiqlə ərzaqları da, tibbi ləvazimatları da, yanacaq da çoxdan bitməli idi. Ancaq bitməyib. Nikol Paşinyan hakimiyyətinin yaratdığı “Qarabağda humanitar böhranın idarə olunması üzrə işçi qrupu”nun nümayəndəsi Vardan Sarkisyan avqustun 8-də “yardım” daşıyan avtomobillərin Azərbaycana buraxılmamsı haqqında “təəssüflə” danışaraq qeyd edib ki, “Laçın yolunun bu qeyri-qanuni blokadasından sonra Qarabağda vəziyyət getdikcə pisləşir, böhran özünü daha qabarıq şəkildə büruzə verir. Qarabağdakı qondarma qurumun “dövlət naziri” Qurgen Nersisyan isə elə həmin gün verdiyi bəyanatda açıq şəkildə etiraf edir ki, “hökumətin” gördüyü işlər sayəsində hazırda Qarabağda yaşayan ermənilər “minimum miqdarda” ərzaq, meyvə və tərəvəz əldə edə bilirlər. Onun sözlərinə görə, kənd təsərrüfatı və biçin işləri, həmçinin “ölkənin daxili həyatının təşkili üçün” lazımi miqdarda yanacaq verilir. Bundan başqa, “hökumət” hər gün davamlı şəkildə yüzlərlə imkansız ailəyə dəstək olur. Özü də yardım üçün müraciət edən hər kəsin evinə şəxsi ziyarət təşkil edilir.

Q.Nersisyanın bəyanatından da aydın olur ki, əslində Qarabağda ərzaq da var, yanacaq da. Ancaq nə varsa separatçıların nəzarətindədir və özləri istədikləri kimi paylayırlar. Deməli, Qarabağdakı erməni azlığın üzləşdikləri problemlərin əsas günahkarı otuz ildən artıqdır mülki əhalini təzyiq altında əsarətdə və qorxu içində saxlayan qondarma rejimdir. “Dövlət naziri”ni bu etirafları etməyə vadar edən səbəb də yerli əhali arasında separatçılara qarşı narazılığın son həddə artmasıdır. Q.Nersisyan bəyanatının əvvəlində şikayətlənir ki, onlar problemləri həll etmək üçün daim çalışırlar. Həmin işlərin çoxu sakit şəkildə həyata keçirilir və bir sıra məsələlər var ki, məlum səbəblərə görə ictimaiyyət qarşısında danışmaq mümkün deyil: “Amma belə şəraitdə də hələ də boş-boş işlərlə məşğul olanlar var ki, onların əsas məqsədi “dövlətə və dövlət orqanlarına” nifrət və düşmənçilik toxumu səpməkdir.”

Göründüyü kimi, Qarabağın erməni əhalisi artıq əsl düşmənini tanıyır və onlara olan nifrətini gizlətmir. Separatçıların sonunu gətirəcək ən mühüm amillərdən biri də məhz, budur. Deyəsən, başda qondarma qurumun “prezidenti” Araik Arutyunyan olmaqla cinayətkar xuntanın bütün “rəhbərliyi” Azərbaycan qanunları qarşısında cavab vermədən öncə Qarabağdakı ermənilərə hesab verməli olacaqlar…

Daha çox xəbərlər