Ölkəmizin dayanıqlı inkişafında regionların payı artır
Dövlət başçısı İlham Əliyevin regionlara son səfəri perspektivlər barədə aydın təsəvvür yaradır
Regionların inkişafı, yeni iş yerlərinin yaradılması dövlət siyasətinin əsasını təşkil edir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoydu. Bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyi önə çəkildi və Regional inkişaf proqramları təsdiqləndi.
Dövlət başçısının Dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə yaxından tanış olmaq məqsədilə bölgələrə davamlı səfərləri ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Cənab İlham Əliyev səfər çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşərək onları narahat edən məsələləri özlərindən eşitməyə çalışır və icrası ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verir. Ölkə Prezidenti müsahibələrində, eyni zamanda, çıxışlarında, hər ilin müvafiq dövrü ilə bağlı keçirilən sosial-iqtisadi yekunlara dair müşavirədə regionların inkişafını prioritet məsələ kimi öndə saxlayır. 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə də ölkəmizin dayanıqlı inkişafında regionların payı xüsusi qeyd edildi.
Reallıq budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə davam edən inkişaf tempinə müvafiq olaraq regionlarda abadlıq-quruculuq, yenidənqurma işləri davam etdirilir. Bu fikir xüsusi qeyd edilir ki, paytaxt bölgələr arasında fərq tamamilə aradan götürülür. Regionlarda əsas diqqət göstərilən məsələlərdən biri infrastrukturun yenilənməsi, bərpasıdır. Dövlət başçısı İlham Əliyevin avqustun 7-də Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri çərçivəsində açılışında iştirak etdiyi sosial obyektlərin sayına diqqət yetirsək yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına xidmət edən addımlara xüsusi diqqət göstərildiyini görərik. Bu rayonlarda görülən işlərin fonunda ümumilikdə bölgələrimiz barədə aydın təsəvvür yaranır. Cənab İlham Əliyev Qazaxda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun, “Venzana” mebel fabrikinin, “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi” çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak etdi. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu. Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin, Samux Rayon Mərkəzi Xəstəxanasının, Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak etdi. Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak etdi. Bu mühüm addımlar dövlət siyasətində vətəndaş amilinin öndə dayandığını bir daha təsdiqləyir. Cənab İlham Əliyevin çağırışlarında bu məqam xüsusi yer alır ki, əhali görülən işlərdən məmnun qalarsa, onda mən də razı qalaram. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində bu hədəfi açıqlamışdır ki, sosial-iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Dövlət başçısının «Neft kapitalını insan kapitalına çevirək!» tezisi də vətəndaş amilinə verilən dəyərdən irəli gəlir. Cənab İlham Əliyevin “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır” çağırışı da bu diqqətin bariz nümunəsidir.
Dövlət başçısının təsdiqlədiyi Regional inkişaf proqramlarının uğurlu icrası bölgələrdə iqtisadi inkişafı təmin etməklə yanaşı, burada yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına və məşğulluğunun artırılmasına geniş imkanlar açır. Hazırda özünüməşğulluq proqramı uğurla icra edilir. Azərbaycan brendi kimi dünyaya səs salan ABAD mərkəzlərinin coğrafiyasının genişlənməsi ailə təsərrüfatlarının inkişafına geniş imkalar yaradır. Hazırda bu mərkəzlərin bölgələrdə sayı artır. Əsas hədəf həm ölkənin dayanıqlı inkişafına, həm də insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına dəstək olmaqdır. Dövlət başçısı İlham Əliyevin bölgələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə Tədbirlər Planını təsdiqləməsi, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlərin ayrılması da regionların inkişafında stimulverici amildir. Müvafiq sərəncamlara uyğun olaraq, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Bütün bu sadalanan amillər ölkə başçımız tərəfindən həm regionlara, həm də orada yaşayan vətəndaşlarımıza, onların sağlamlığına, maddi rifahına göstərilən xüsusi diqqətin təzahürüdür.
Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, paytaxt Bakı ilə yanaşı, regionlarımız da sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Bölgələrimizin ev sahibliyi etdiyi tədbirlər, beynəlxalq maliyyə qurumlarının hesabatları da bunu təsdiqləyir. Bu günlərdə Qəbələdə keçirilən musiqi festivalı özündə mühüm məqamları ehtiva etdi. Öncə bu faktı qeyd etməliyik ki, Azərbaycan böyük turizm imkanlarına malikdir. Hər bir bölgənin malik olduğu potensial Azərbaycanın təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan Qəbələ musiqi festivalı da diqqətçəkən oldu. Musiqi xalqları, dövlətləri bir araya gətirən vasitə olaraq qalib Azərbaycanın hazırkı reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü dedi.
Qısa təhlil bu reallığı söyləməyə əsas verir ki, hazırkı dövr işğaldan azad edilmiş ərazilərimizin bərpası dövrü olsa da, bütün regionlarımızın inkişafı əsasdır. Tezliklə tarixinə qovuşmuş torpaqlarımızda bərpa-quruculuq işləri uğurla başa çatacaq, soydaşlarımız tam şəkildə doğma yurd-yuvalarına qayıdacaq, yeni həyat başlayacaq. Bu gün qürurla qeyd edirik ki, Azərbaycan dünyaya təkmil dirçəliş modelini təqdim edir. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan müasir tələblərə uyğun yenidənqurma işləri ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Yeni avtomobil, dəmir yolları çəkilir, Beynəlxalq Hava limanları tikilib istifadəyə verilir. Təkmil idarəçilik sisteminin tətbiqi hər bir hədəfə zamanında nail olmağa geniş imkanlar yaradır. Bugünümüzdən dünənimizə baxaraq əminliklə deyə bilərik ki, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. Artıq bu il regionların sosial-iqtisadi inkişafına dair sayca dördüncü Dövlət proqramının icrası başa çatır. Yeni hədəflər yeni sənədlərin qəbulunu zərurətə çevirir. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» bu hədəflərin gerçəkləşməsini şərtləndirir.

