Qarabağ Regional DOST Mərkəzində 770 mindən çox insana xidmət göstəriləcək
Ölkəmizdə həyata keçirilən sosial islahatlar proqramının əsas hədəfi dövlət xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflılıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin missiyası Azərbaycan əhalisinin dövlət tərəfindən təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışının təmin edilməsidir.
Agentliyin DOST mərkəzləri vasitəsilə tam şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Hazırda Azərbaycanda 6 DOST Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98,2 faiz təşkil edir. 2025-ci ilədək mərkəzlərin sayının 17-yə (o cümlədən Bakıda 5, regionlarda 12), yerlərdə xidmətlərin təşkili məqsədilə filialların sayının isə 55-ə çatdırılması planlaşdırılır.
ARANTV.AZ xəbər verir ki, avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST Mərkəzinin istifadəyə verilməsi də əhaliyə göstərilən xidmətlərdə şəffaflığı, operativliyi, vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıyır. Qarabağ Regional DOST Mərkəzinin dördmərtəbəli binası ən yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışacaq, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərəcək. Mərkəzdə gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur. Mərkəzin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 770 mindən çox insana xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir.
Binanın birinci mərtəbəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları tərəfindən hazırlanmış dulusçuluq (keramika), floristika, ağacoyma, vitraj və boyama sənəti üzrə əl işlərindən ibarət sərgi təşkil olunub.
Hazırda Mərkəzdə 14 yaradıcılıq istiqaməti üzrə 195 benefisiara xidmət göstərilir. Onların 146-sı fərdi müraciət əsasında, 49-u müəssisələrlə fərdi əməkdaşlıq çərçivəsində qəbul olunub. Bu benefisiarların 37 nəfəri 6-10, 59 nəfəri 11-18, 99 nəfəri isə 18 yaşdan yuxarı olanlardır.
Bərdədə istifadəyə verilən növbəti DOST Mərkəzi sosial xidmətlər sahəsində daha böyük ərazini və daha çox əhalini əhatə etməklə keyfiyyətli xidmətin coğrafiyasının genişlənməsinə şərait yaradacaq.

