Gündəm 

Ermənilərin yalanla dolu qovluqları qoltuqlarına verilir

Beynəlxalq ictimaiyyət isə artıq hayların göz yaşlarına inanmır

Azərbaycanın Qarabağ bölgəsinin ermənilər yaşayan hissəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçirdiyi təcili iclas təcavüzkar ölkənin növbəti ifşası ilə başa  çatdı.

Güman etmək olardı ki, məkrli niyyyətləri puç olan Ermənistan Azərbaycanın guya Laçın dəhlizini blokadaya alması və Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasına bir daha qayıtmayacaq. Lakin həmin uğursuzluğu həzm edə bilməyən haylar bu istiqamətdə yenə də fəaliyyətlərini davam etdirirlər. Yəni, onların “hücumları” səngimir. Belə ki, Ermənistana və Qarabağdakı separatçılara maddi və siyasi yardım göstərən, “erməni soyqırmını” tanıtmaq isitqamətində dəridən-qabıqdan çıxan, ölkəmizə qarşı amansız mübarizə aparan Amerika Erməniləri Milli Komitəsinin üzvləri xüsusi elektron platformaları vasitəsilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə, vitse-prezident Kamala Harrisə və Konqresin hər iki palatasının nümayəndələrinə  200 mindən çox məktub göndərərək onları  Qarabağda gözlənilən “soyqırımının” qarşısını almağa çağırıblar. Bildiriblər ki, guya Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladığı gündən Qarabağ bölgəsində yaşayan ermənilər “blokada” şəraitində yaşayırlar. Özü də onlar Laçın-Xankəndi yolunun Qarabağ bölgəsini Ermənistanla birləşdirən yeganə yol olduğunu vurğulayaraq, bu marşrutun açılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə qəbul etməsinin, üstəlik, “blokadaya” görə məsuliyyət daşıyan Azərbaycana Amerika qanunvericiliyi ilə müəyyən edilmiş sanksiyaların tətbiqinin vacibliyini bildiriblər. Onların məktublarında bu sətirlər də əksini tapıb: “ABŞ hökuməti, Avropa İttifaqı, BMT ekspertləri və Rusiya blokadanı pisləsələr də, dəhlizin müntəzəm hərəkət üçün açılmasını tələb etsələr də, Azərbaycan aylardır bu cür bəyanatlara məhəl qoymur… ABŞ konkret addımlar atmalı və beynəlxalq hüquq və nizamın tələblərinə qayıtması üçün Azərbaycana dərhal təzyiq göstərmək üçün digər vasitələrdən istifadə etməlidir”.

Avqustun 23-də isə Ermənistanın Daimi Nümayəndəliyi BMT-nin mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizlincə, yəni bağlı qapılar arxasında Laçın yolu ilə bağlı müzakirə təşkil edib. “Tədbirdə” BMT Baş katibinin soyqırımının qarşısının alınması üzrə keçmiş xüsusi müşaviri, Amerika Universitetinin insan hüquqları üzrə professoru Xuan Mendesin ermənipərəst ekspert rəyi, həmçinin ölkəmizə qarşı qərəzli mövqe tutan digər ekspertlərin çıxışları dinlənilib. Müzakirələrin gedişində, həmçinin BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçirilən təcili iclasından söz açılıb və bildirilib ki, BMT növbəti cinayətin törədilməsinə imkan verə bilməz və onun qarşısını almaq üçün müvafiq  addımlar atmalıdır. Şübhəsiz, bu addımı dezinformasiya yaymaq və vəziyyəti təhrif etmək məqsədi daşıyan növbəti erməni təxribatı adlandırmaq olar. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi erməni diplomatlarının sülh və sabitliyin bərqərar edilməsi səylərinə xələl gətirən yanlış interpretasiyaların formalaşdırılması və təşviq edilməsi üçün BMT platformasından sui-istifadəsini pisləyib: “Açıq debatlarda Azərbaycana növbəti dəfə böhtan atmaq cəhdlərinin nəticəsizliyi ilə üzləşən Ermənistanın Daimi Nümayəndəliyinin bunu gizli, bağlı qapılar arxasında etməkdən başqa çarəsi yoxdur. Aydındır ki, bu cür yanaşma BMT Nizamnaməsinin ruhu və hərfi, Təşkilatın məqsədləri ilə bir araya sığmır”.

Göründüyü kimi, Ermənistan və onun havadarları yenə də manipulyasiya üçün BMT-dən istifadə etməkdə israrlıdırlar. Başqa sözlə desək, onlar BMT Təhlükəsizlik Şurasına heç bir ilkin şərt olmadan Laçın dəhlizinin “qeyri-qanuni blokadasını” aradan qaldırmaqla bağlı qətnamə qəbul etdirmək niyyətindədirlər. Amma  anlamırlar ki, Azərbaycan öz haqq işini yerinə yetirir və bu yolda ona təsir etmək qeyri-mümkündür. Çünki Azərbaycanın öz suveren ərazindəki sərhəd-buraxılış məntəqəsi Ermənistanın silah, sursat, mina daşınmasının, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını almaq məqsədilə təşkil edilib. Mülki ermənilərin  sərhəd-buraxılış məntəqəsindən keçidində isə heç bir mane, hər hansı çətinlik yoxdur. Üstəlik, onlara təminat məsələsində Ağdam-Xankəndi yolundan istifadə etmək də təklif olunub. Bu məsələdə isə güzəştdən söhbət gedə bilməz.

Əslində isə nə Ermənistana, nə də onun havadarlarına Qarabağdakı erməni sakinlərinin gələcək taleyi zərrə qədər də maraqlı deyil. Onların əsas məqsədi bölgədə və dünyada söz sahibi olan Azərbaycanı zəiflətmək, onun Cənubi Qafqazda sülh yaratmaq missiyasına kölgə salmaqdır.  Ermənistan da, onun Fransa kimi havadarları da anlamalıdırlar ki, hazırda bölgədə beynəlxalq hüquqa, haqq-ədalətə uyğun şəkildə şərtləri diktə edən rəsmi Bakıdır. Azərbaycanın istəyi isə Cənubi Qafqazda, eləcə də suveren ərazisində qayda-qanunun bərqərar olmasıdır. Digər tərəfdən, artıq beynəlxalq aləm daha Ermənistanın saxta göz yaşlarına inanmır. Bu mənada elə indidən demək olar ki, hayların bu cəhdi  flaskoya uğrayacaq və Azərbaycan diplomatiyası bu dəfə də onların yalanlarla dolu qovluğunu qoltuğuna verəcək.

Daha çox xəbərlər