Gündəm 

Erməni diasporu ilə Paşinyan arasındakı münaqişə şiddətlənir

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı həm ölkə daxilində, həm də xaricində təzyiqlər artıb. Xüsusilə avqustun 16-da Ermənistanın təklifi ilə BMT Təhlükəsizlik Şurasının iclasındakı biabırçı uğursuzluq onun nüfuzuna  ciddi zərbə vurub.  Artıq təkcə müxalifət deyil, həm də kilsə də hökumət başçısını sərt şəkildə tənqid edərək istefasını istəyir.

Düzdür, BMT-nin məlum iclasından sonra Paşinyanın Rusiyaya meyilli qüvvələr üzərində də arqumentləri artmış oldu. Belə ki, həmin iclasda Rusiya nümayəndəsinin ermənilərin  Laçın-Xankəndi yolunda düzənlədikləri  «hümanitar şou»suna ciddi reaksiya verməməsi və neytral mövqe tutması Paşinyanın xeyrinə işlədi. Çünki indiyədək Rusiyaya ümid bağlayan revanşistlər umduqlarını ala bilmədilər.

Qeyd edək ki, Paşinyan hələ hakimiyyətinin ilk günlərində anti-Rusiya qüvvələrindən hökumət formalaşdırmışdı. Onun nazirlərindən bəziləri açıq şəkildəRusiya əleyhinə çıxışlar edərək hətta Ermənistanın KTMT-dən çıxmasını tələb edirdilər. Eyni zamanda, Rusiyanın Ermənistandakı qoşun birləşmələrinin ölkələrini tərk etmələrini istəyənlər də var idi Xüsusilə Paşinyan hakimiyyətinin ilk dönəmində Ermənistan televiziyasında yayımlanan yeganə rusdilli verilişin bağlanmasına da göstəriş vermişdi.

Bu gün Nikol Paşinyan əleyhinə ciddi çıxışlar edən digər qüvvə isə  erməni diasporudur. Artıq bu iki qüvvə arasında uçurum hər gün daha da dərinləşir. Məsələn, siyasi şərhçilər bildirirlər ki, Ermənistanın siyasi və hərbi rəhbərliyinin son dövrlər Laçın –Xankəndi yolu ətrafında qaldırdığı hay-küyə erməni diasporunun zəif möqe sərgiləməsi müşahidə olunur.

Ona görə ki, uzun illər Ermənistan və Qarabağ erməniləri üçün «sağmal inək» funksiyasını yerinə yetirən diaspor təşkilatları artıq yorulub və daha onlar üçün mənasız yerə maliyyə vəsaitləri ayırmaq istəmirlər. Məsələn, Rusiya erməniləri ittifaqının prezidenti Ara Abramyan Ermənistan hakimiyyətini anti-Rusiya siyasətinə görə sərt tənqid edib. Həmçinin Paşinyanın ötən həftə Ermənistanın Müstəqillik Bəyannaməsinə qarşı çıxmasına da təpki göstərib.

Qeyd edək ki, Paşinyan bu sözügedən Bəyannaməni sərt tənqid edərək bildirib ki, burada müstəqillik haqqında maddələr olsa da əslində hələ də SSRİ-nin varisi olan Rusiyadan asılılıq mövcuddur.  Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib.

Abramyan, eyni zamanda, hakimiyyəti zəifləmiş Paşinyana mesaj ötürür ki, artıq diaspordan sərmayə və Ermənistana valyuta, pul axını gözləməyə dəyməz. Bu səbəbdən Paşinyana təzyiq vasitəsi kimi ianə və sərmayə məsələsi dövriyyəyə buraxılıb. Sirr deyil ki, ianələr hesabına yaşayan, əhalisi yarıac-yarıtox dolanan, iqtisadiyyatı sıfır vəziyyətində olan Ermənistan üçün ianə və sərmayə, yeni iş yerlərinin açılması indi hava və su kimi lazımdır. Amma görünən odur ki, Rusiyadakı erməni diasporu artıq bu «bulağı» qapatmaq istəyindədir.

Ara Abramyan, eyni zamanda, rusiyalı iş adamlarının Ermənistanda sərmayə qoyuluşuna ciddi maneələrin olduğunu bildirib. İddia edir ki, Ermənistana səfəri zamanı hər dəfə özü ilə müxtəlif ölkələrdən, xüsusilə də Rusiyadan  iş adamları gətirir, sərmayə qoymağa təşviq edir. Ancaq Ermənistanın investisiyalar üçün əlverişli olmadığı reallığı üzə çıxır və iş adamları onun təkliflərini qəbul etmirlər.

Daha bir erməni iş adamı Samvel Aşuryan isə Ermənistanın mövcud hakimiyyətinin xarici siyasətini  sərt tənqid etməkdən çəkinməyib. O deyib ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və bunu dəfələrlə dilə gətirməsi rusiyalı erməniləri narazı salıb.  İş adamı Rusiya-Ermənistan münasibətlərinin də əvvəlki səviyyədə olmadığından şikayətlənib. Qeyd edib ki, Ermənistan hakimiyyətinin siyasəti erməni dövlətçiliyinin maraqlarına xələl gətirməklə yanaşı, Rusiya və digər ölkələrdəki icmaları da çətin vəziyyətə salıb. Onun sözlərinə görə, Laçın-Xankəndi yolunda qaldırılmış hay-küydən istifadə edərək əraziyə Fransa sülhməramlılarını cəlb etmək arzusu puça çıxan Paşinyan sonuncu dəfə Qarabağdakı erməniləri rus sülhməramlıları ilə üz-üzə qoymağa çalışdı. Məhz buna görə də indi Kremldə Ermənistan etibarsız və xəyanətkar ölkə kimi xarakterizə olunur.

Daha çox xəbərlər