Fərid Qəhrəmanov: “Əsas məqsədimiz qida məhsullarının təhlükəsiz və sürətli çatdırılmasını təmin etməkdir”
Qida məhsullarının daşınmasını yeni innovativ yolla həyata keçirən “Too Far Logistics” şirkətinin rəhbəri Fərid Qəhrəmanov qida məhsullarının idxalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarların “Too Far Logistics” ilə əməkdaşlıq etməsinin üstünlüyündən və faydalı tərəflərindən danışıb.
Fərid Qəhrəmanovun müsahibəsini təqdim edirik:
– Fərid müəllim, son vaxtlar qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi məsələləri KİV-də tez-tez müzakirə olunur. Qida məhsullarının təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların bir sıra tələblərinin pozulması barədə də çox danışırlar. Sizin şirkətiniz də qida məhsullarının çatdırılması ilə məşğul olur. Yuxarıda deyilənlərlə əlaqədar, bazara çıxmağa qorxmurdunuz?
– Əsla. Öncədən qeyd edim ki, bizim müştərilərimizə göstərdiyimiz xidmət hazır yeməklərin çatdırılması ilə məşğul olan şirkətlərin fəaliyyətindən bir qədər fərqlənir. Lakin, bu məsələ barədə mənim mövqeyim sizin üçün maraqlıdırsa, deyə bilərəm ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qərarlarına birmənalı yanaşmayan və ya etirazını bildirən şirkətlər, hansı qaydalara və normativlərə riayət etməli olmaları barədə lazımınca informasiyaya malik deyillər.
Mən, AQTA ilə iş təcrübəsinə malik olan bir sahibkar kimi, deyə bilərəm ki, qurum qida məhsullarının çatdırılması ilə məşğul olan sahibkarları hərtərəfli dəstəkləyir. Yeganə tələb ondan ibarətdir ki, bu iş mövcud tələblərə və normalara müvafiq şəkildə yerinə yetirilməlidir. Sahibkarlar xoşagəlməz vəziyyətlərlə üzləşməmək üçün, məsləhət görərdim ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun(AQTİ) təqdim etdiyi konsultasiya xidmətindən faydalansınlar.
Bizim şirkətimiz isə, qeyd etdiyim kimi, qida məhsullarının, necə deyərlər, başqa formatda çatdırılması xidmətini təklif edir.
– Məhz hansı formatda? Ümumiyyətlə, necə oldu ki, siz “Too Far Logistics” şirkətini yaratmaq fikrinə düşdünüz?
– Bu təşəbbüs çoxdan yaranmışdı. Bir neçə il əvvəl, mən AQTA-nın biznes layihələrinin inkişafı sektoruna rəhbərlik edirdim. O vaxt Agentlik yeni yaradılan qurum idi, buna baxmayaraq çox peşəkar avtomatlaşdırılmış idarəetmə sistemi yaratmışdı. Bu sistem sahibkara hər hansı malı idxal və ya ixrac etmək istədiyi zaman, Agentliyə elektron formada müraciət etmələrinə imkan yaradırdı. Məlumat üçün izah verim ki, AQTA-nın qoyduğu qaydalara görə, Azərbaycana idxal edilən və ölkəmizdən ixrac olunan bütün qida məhsulları sertifikatlaşmalıdır, bu səbəbdən isə, həmin məhsulların nümunələri gömrük nəzarətindən keçməzdən əvvəl, onların zəruri normalara müvafiq olmasını təyin etmək üçün, akkreditasiya keçmiş laboratoriyalarda müayinədən keçməlidir. Təəssüf ki, sahibkarların müəyyən bir hissəsi sertifikatlaşma prosesi barədə tam məlumat əldə etmədiklərinə görə və bu səbəbdən çətinliklərlə üzləşən zaman, əsassız olaraq hesab edirdilər ki, problemlərin yaranma səbəbi qarşı tərəfdir. Sonralar işdən ayrılsam da, qida sahəsi mənim üçün maraqlı olduğundan, bu məsələlərin həlli yolları fikrimdə qalmışdı.
– Görünür, bu sahəyə marağınız və sahibkarlara idxal və ixrac prosesində dəstək olmaq istəyiniz böyük olub…
– Tamamilə doğrudur… Bir neçə ildən sonra mən yeni, innovativ, necə deyərlər, kreativ bir təklif irəli sürməyə qərar verdim. Məqsədim, idxal və ixrac prosesini sahibkarlar üçün sürətləndirmək, zəncirvari prosesin bütün halqalarında bu işi daha da yüngülləşdirmək idi. Beləliklə, sertifikatlaşma prosesini sürətləndirmək üçün, qida məhsullarının nümunələrinin laboratoriyalara dərhal çatdırılmasını təmin edən bir layihə hazırladım…
Qeyd etmək yerinə düşər ki, layihənin həyata keçməsində AQTA dəstəyini əsirgəmədi – biz agentliyin aidiyyəti üzrə çox sayda əməkdaşları ilə məsləhətləşdik, planlarımızı paylaşdıq və onlarında dəyərli tövsiyələri öz yerini göstərdi. Hətta xəbərdarlıq etdilər ki, müəyyən çətinliklər yarana bilər, çünki sahibkarların heç də hamısı ilk dəfədən yeni təklifləri qəbul edə bilmirlər… Biz isə, bütün gücümüzü toplayıb layihəni reallaşdırmağa start verdik. İdxal və ixracla məşğul olan sahibkarları bizim şirkətin fəaliyyəti ilə tanış etməyə başladıq. Çatdırılma xidmətimizin bu yeni növü, həm operativliyinə görə, həm də effektivliyinə görə, çox əlverişlidir. Xüsusi olaraq onlar üçün test daşımalar həyata keçirilirdi. Xoşbəxtlikdən, biz bütün çətinlikləri qısa müddətdə aradan qaldırdıq və bu gün qida məhsullarının idxalı və ixracı sahəsində mütəmadi fəaliyyət göstərən min beş yüzdən çox sahibkarla ikitərəfli müqavilələr imzalamışıq.
– Hansı çətinliklərlə üzləşməli oldunuz? “Too Far Logistics” şirkətinin fəaliyyətinin nədən ibarət olduğunu izah etmək çətin idi?
– Yaşlı nəslə mənsub olan biznesmenlər bizim təklifimizə bir qədər imkansız yanaşırdılar, lakin biz öz xidmətimiz barədə, bizimlə əməkdaşlığın sərfəli tərəfləri haqqında, malik olduğumuz üstünlüklər barədə ətraflı söhbət açırdıq, stabil xidmətimizi nümayiş etdirirdik və əməkdaşlıq etmək üçün razılıq əldə etməyə yenidən cəhd edirdik.
Zəhmətimiz yerdə qalmadı və sahibkarlar bu gün özləri bizə müraciət edir, bizimlə əməkdaşlıq etmək istəyirlər. Onlar işimizin operativliyini qiymətləndirirlər. Mallar sərhəd-keçid məntəqələrinə daxil olandan sonra, agentliyin müfəttişləri tərəfindən məhsullardan nümunələr götürülür və şirkətimiz tərəfindən təcili qaydada laboratoriyalara çatdırılır..
– “Too Far Logistics”in mobil əlavəsi də mövcuddur?
– Bəli. Tətbiq artıq “Google Play Market” səviyyəsində əlçatandır və yaxın vaxtlarda IOS istifadəçiləri üçün də əlçatan olacaq. İstifadəsi çox asan olan bu mobil tətbiq, bizimlə artıq müqaviləsi mövcud olan sahibkarlar üçün aktivdir.
Fürsətdən istifadə edib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) də təşəkkürümü bildirmək istəyirəm. Bu Agentlik bizim startap layihəmizi dəstəklədi, bizə sertifikat verdi. Hansı ki, şirkəti 3 il mənfəət vergisi ödəməkdən azad etdi.
– Belə ciddi layihənin reallaşdırılması investisiyasız mümkün deyil. Sizi maddi cəhətdən dəstəkləyən kim oldu?
– Dostlarım… Bu layihəni başlamağı qərara alanda vəsait lazım idi. Qeyd etdiyim kimi, müəyyən dövr biz test rejimində işləyirdik, təbliğat işləri aparırdıq, göstərdiyimiz xidmətə görə müqavilə bağlamamış ödəniş almır, yalnız uçot aparırdıq. Bu isə öz növbəsində böyük vəsait tələb edirdi. Həmin dövrdə, dostlarım mənə həm mənəvi, həm də maddi dəstək oldular. Onlardan bir neçəsi investor qismində çıxış etdilər. Buna görə onların hər birinə minnətdaram.
Bu gün “Too Far Logistics” 20 əməkdaşdan ibarət komandadır. Bütün daşımalar qida məhsullarının daşınmasına dair standartlara müvafiq şəkildə həyata keçirilir. Bu o deməkdir ki, bütün nəqliyyat vasitələri termobokslar və mobil soyuducularla təchiz olunub, mütəmadi olaraq dezinfeksiya tədbirləri görülür və əlbəttə, sağlamlıq və gigiyena normalarına riayət edilir.
Hörmətli sahibkarlar, biz sizin qida məhsullarınızın təhlükəsizliyinin qorunmasına xidmət edirik. “Too Far Logistics” etibarlı zəruri tərəfdaşdır, onunla əməkdaşlıq qida məhsulları sahəsində fəaliyyətinizdə maksimum səmərə əldə etməyə imkan verəcək.

