Gündəm 

İran niyə narahatdır?

İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərlə regionda yeni reallıqlar yaradan Azərbaycan hazırda bütün addımlarını postmüharibə dövrünün tələblərinə uyğun atır. Xüsusilə ölkəmizin iqtisadi qüdrəti Qarabağda böyük tikinti-quruculuq işlərinin aparılmasına imkan verir. Eyni zamanda, bu gün dövlətimiz əsas ni məhz Qarabağın dirçəlişi ilə bərabər, Zəngəzur dəhlizinin açılmasına yönəldib.

Amma məğlub Ermənistan yenə də məkrli niyyətini nümayiş etdirərək bu prosesdən, yəni dəhlizin açılması istiqamətində üzərinə götürdüyü öhdəlikdən, xüsusilə də sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Azərbaycan isə qalib ölkə kimi Ermənistanı 10 noyabr üçtərəfli Bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməkdə israrlıdır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz hələlik səbirli, təmkinli davranırıq : «Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın».

Azərbaycan müharibədən ötən üç ilə yaxın dövrdə işğaldan azad edilmiş ərazilərdə min kilometrlərlə yol çəkib. Bu mənada, ölkəmiz üçün Zəngəzur dəhlizinin Ermənistandan keçən 40 kilometrlik hissəsini inşa etməyə qısa zaman lazımdır. Belə görünür ki, Azərbaycan işğaldan azad edilmiş rayonlarda yol infrastrukturunu tam başa çatdırdıqdan sonra Ermənistanı Zəngəzur dəhlizinin açılmasına məcbur edəcək rıçaqlarını tam gücü ilə işə salacaqdır. Bunun üçün ölkəmiz həm hərbi, həm iqtisadi, həm də geosiyasi nüfuza, gücə malikdir.

Təbii ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın iqtisadi mənfəətinə hesablanmayıb. Bu dəhlizdən qonşu ölkələr, o cümlədən Asiyanın böyük dövlətləri də yararlanmaq istəyirlər. Xüsusilə Çin kimi fövqəlgüc Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu dəfələrlə bəyan edib. Ona görə ki, bu dəhlizin açılması Çinin mövcud yükdaşımalarını zaman və məsafəni azaltmaqla səmərəli nəticələrə gətirib çıxaracaq. Zəngəzur dəhlizi həm də türk dünyası arasında körpü rolunu oynayacaq. Qeyd edək ki, bu gün türkdilli ölkələrin ümumi daxili məhsulu 1,1 trilyon dollara çatır. Zəngəzur dəhlizinin açılması ilə bu ölkələr arasındakı ticarətin həcmi daha 10-15 faiz artmaqla bolluq və firavanlığın coğrafiyası da genişlənəcək.

Bu gün Ermənistanla bərabər, Zəngəzur dəhlizinin açılmasına ən ciddi maneələr yaradan digər ölkə İran İslam Respublikasıdır. Həm İkinci Qarabağ müharibəsində, həm də postmüharibə dövründə Ermənistana hərbi, iqtisadi və siyasi dəstək verən bu dövlət Zəngəzur dəhlizini özünün «qırmızı xətti» elan edib.

Əslində, molla rejimi Zəngəzur dəhlizinin açılmasından ona görə narahatdır ki, birincisi, dəhliz açılarsa Naxçıvan Muxtar Respublikası 33 illik blokadadan çıxacaq. Bu isə Azərbaycanın İrandan asılılığını sonlandırmaq deməkdir. İkincisi, Zəngəzur dəhlizi açılarsa Rusiya Yaxın Şərqə çıxış əldə edəcək. Hazırda isə Rusiya bu məsələdə İrana möhtacdır. Demək, İran Rusiyanı da bu məsələdə özündən asılı vəziyyətdə saxlamağa çalışır. Üçüncüsü, dəhliz layihəsi reallaşacağı təqdirdə Türkiyə Orta Asiyaya yeni bir giriş qazanmış olacaq. İran isə türk dövlətlərinin yaxınlaşmasını, onların genişlənmiş iqtisadi əməkdaşlığını qəbul etmək istəmir.

Əvvəldə qeyd etdiyimiz kimi, Zəngəzur dəhlizinin açılmasını İran özünə qarşı siyasi, iqtisadi və təhlükəsizlik baxımından böyük təhdid hesab edir. İran güman edir ki, Azərbaycanla bərabər, qardaş Türkiyənin də buradakı siyasi və iqtisadi nüfuzu artacaq. Demək Türkiyə NATO dövləti olduğu üçün dolayı yolla regionda ABŞ-ın və İsrailin də möhkəmlənmək ehtimalı var. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması Türkiyənin İrandakı nəqliyyat -loqistik xərclərini azaldacaqdır ki, bu da blokadada olan İranın iqtisadiyyatını daha da zəiflədəcəkdir. Bu gün Türkiyədən yüklər İran vasitəsilə həm Azərbaycana, həm də Mərkəzi Asiya və digər dövlətlərə göndərilir. Hazırda Türkiyə İrandan keçən hər avtomobil üçün 1000-1800 dollar arasında tranzit xərci ödəyir. Bu səbəbdən də İran nəqliyyat qovşağı kimi mövcud mövqeyini itirmək istəmir.
Təbii ki, Türkiyənin, Rusiyanın, Çinin və bəzi Avropa ölkələrinin Zəngəzur dəhlizinin açılması ilə bağlı təşəbbüsləri, Azərbaycanın bu məsələdə qəti mövqeyi İranın və Ermənistanın haqsız mövqelərini ciddi şəkildə zəiflədəcək. Yəni, bu dəhlizin beynəlxalq əhəmiyyəti həm İranı, həm də Ermənistanı oyundankənar vəziyyətə sala bilər.

Daha çox xəbərlər