Sosial 

Mina terroru davam edir…

Son dövrlərdə Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin ərazilərimizə kütləvi şəkildə yeni minalar döşəməsi, bununla da Azərbaycana qarşı mina terroru siyasətini davam etdirməsi müşahidə edilməkdədir. Bu günlərdə Azərbaycan Ordusunun hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlu Ağdam rayonu ərazisində bölmələrimizin təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb. İlk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Azərbaycan Ordusunun hərbi qulluqçusunun minaya düşməsi ilə bağlı bildirib ki, Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan torpaqlarında basdırılmış minalar insanların həyatına təhlükə yaratmaqda davam edir. Dəfələrlə tələb edilməsinə baxmayaraq, Ermənistan tərəfi minalanmış ərazilərin dəqiq xəritələrini ölkəmizə təhvil verməkdən hələ də boyun qaçırır. Beynəlxalq ictimaiyyətin, nüfuzlu beynəlxalq təşkilatların mina terroru ilə əlaqədar Ermənistana təsir göstərməməsi onların bu cür təxribatlar törətməkdə davam etməsinə, nəticədə çoxsaylı insan itkisinə və ya ağır xəsarətlərə səbəb olmaqdadır.

Ombudsman Ermənistanın bu təxribatlarını qətiyyətlə pisləyib, beynəlxalq ictimaiyyəti hərbi qulluqçularımızın, eləcə də mülki şəxslərin həyatına təhlükə yaradan mina terrorunun qarşısının alınması və dəqiq mina xəritələrinin ölkəmizə təqdim edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

Düşünmək olardı ki, Vətən müharibəsindəki məğlubiyyətindən sonra və edilən bütün çağırışlarımız qarşısında Ermənistan bu qəddarlığından əl çəkəcək. Amma… İrəvanın mina terroru ilə beynəlxalq hüququ kobud surətdə pozması dünya birliyinin gözü qarşısında davam etməkdədir. Buna baxmayaraq, nüfuzlu beynəlxalıq təşkilatlar bu istiqamətdə də ikili standartlar siyasətindən əl çəkmir, təcavüzkar ölkənin beynəlxalq hüquq normalarına hörmətsizliyinə laqeyd yanaşırlar. Bu, danılmaz faktdır ki, Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını, 10 oktyabr 1980-ci il “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqın­da” Konvensiyanın müddəaları da Ermənistan tərəfindən açıq-aydın pozulur. Sözügedən Konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürüblər. Təəssüf ki, İrəvan bu öhdəliyə də əməl etmir.

Bir müddət əvvəl bütün bunları nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən 10-a yaxın qeyri-hökumət təşkilatlarının rəhbərləri humanitar minatəmizləmənin sülhün qurulması prosesindəki potensialından istifadəyə çağırışla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar. Müraciətdə də bildirildiyi kimi, Azərbaycan minalar və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında ilk yerlərdən birini tutur.

Son məlumatlara görə, bu vaxta qədər 30 minə yaxın piyada əleyhinə mina, 17 minə yaxın tank əleyhinə mina və 40 mindən çox partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. İkinci Qarabağ müharibəsi bitdikdən sonra 305 nəfər mina qurbanı olub. Onlardan 57 nəfəri həyatını itirib, qalanları isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Eyni zamanda, Azərbaycan Prezidetinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  “X” hesabında paylaşımında yazıb ki, 1991-ci ildən bu günə kimi 3 385 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub. Bunlar Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü şəkildə mina terroru siyasətinin dəhşətli rəqəmləridir. Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları “boz zona”nın bütün perimetrləri boyunca yerləşdirməyə davam edir.

Xatırladaq ki, Ermənistanın mina terroru iyulun 21-də Şuşa Qlobal Media Forumunun açılışında çıxış edən Prezident İlham Əliyevin toxunduğu əsas məsələlərdən biri olub. Dövlətimizin başçısı 49 ölkədən 150 qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun iştirak etdiyi forumda Ermənistanın törətdiyi ağır müharibə cinayətlərini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin minaların sayının 1 milyona yaxın olması ilə bağlı açıqlaması Ermənistanın faşist dövləti olduğunu, işğal dövründə torpaqlarımızda insanlığa sığmayan əməllər törətdiyini bir daha sübut edir. Belə çıxır ki, 30 ilə yaxın davam edən işğal dövründə onların işi-gücü ancaq mina basdırmaqdan ibarət olub. Bu hərəkət, hayların azərbaycanlılara necə dərin nifrət hissi bəslədiklərinin daha bir nümunəsidir.

Ancaq ermənilər bilməlidirlər ki, bu gözəl diyar minalardan tam təmizlənəcək, yenə də insanlar burada qurub-yaradacaq. Xain hayların etdiyi qəddarlıq isə insanlıq adına utanc olmaqla bəşəriyyətin tarixində qara ləkə kimi qalacaq.

Daha çox xəbərlər