Sosial 

Vətənə həsr olunan ömür

Famil Əlizadəni Vətəninə, xalqına sonsuz məhəbbəti şəhidlik zirvəsinə ucaltdı. 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açın Famil Habil oğlu həyatı dərk edən gündən doğma Azərbaycanın müqəddəsliyinə tapınmaqla onun hər qarışını özünə əziz bilib. Odur ki, yağı düşmənin əzəli, əbədi yurd yerimiz Qarabağ torpaqlarına təcavüzü onu heç rahat buraxmırdı. Elə birinci arzusu Qarabağı azad görmək olur, qönçə ömründən keçməklə arzusu çiçək açır. Bir də bu ilahi sevgi Famili cismən bizdən ayırsa da, gələn xoşbəxt günlərə işıq olmaq üçün onu əbədi parlaq günəşə çevirdi. Milyonların ürəyində əbədiləşən qəhrəmanlıq əfsanəsinə həm də ölümündən sonra dövlət tərəfindən verilən “Vətən uğrunda” və digər medallar əlavə olundu. Fəqət özü tez getdi, xalqı, milləti üçün qoyduğu neçə-neçə gələn nəsillərə örnək olacaq saf Vətən sevgisi oldu.

Vətən üçün böyüyən Famil 2016-cı ildə Ərkivan qəsəbə 3 saylı tam orta məktəbi bitirib, təhsilini 2 sayli Bakı Peşə Liseyində davam etdirib. Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru peşəsinə yiyələnib. Bu müddətdə yüksək mədəniyyəti, əxlaqı, fəal vətəndaşlıq mövqeyi ona böyük hörmət, el-oba sevgisini qazandırır. 2017-ci ilin iyulunda ordu sıralarına yola düşəndə dostların, qohumların qarşısında and içir ki, məqam gəlsə son damla qanıma qədər yağı düşmənlə döyüşüb Vətənimin qisasını alacağam. Qoy, adım bütün elimə baş ucalığı olsun…

Bəli, cəbhə bölgəsində həqiqi xidmətə başlayan Famil Əlizadə bunu özünə fəxr bilir, Vətən qarşısında müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirir. Əsgər yoldaşlarına nümunə olan Famil bütün təlimlərə həvəslə gedir, hərbin sirlərinə mükəmməl yiyələnir. Vətən torpağını qorumaq ,mübarizliklə yağıya qalib gəlmək onun həyat amalına dönür.

2020-ci ilin yanvarında ordudan tərxis olunub alnıaçıq evinə dönən Famil heç cür rahatlıq tapa bilmir. Ürəyində mənfur düşmənə kin, nifrət ondan alacağı öcün vaxt-vədəsini gözləyir.

27 sentyabrda İkinci Qarabağ müharibəsi başlayanda bir çox qeyrətli, igid oğullar tək Famil də könüllü ön cəbhəyə yollanır və ilk gündən Vətən torpaqların azad olunması uğrunda ölüm-dirim savaşına qatılır. Cəbhə boyu əksər döyüşlərdə qəhrəmanlıqla, qələbəyə böyük inamla vuruşur. Füzuli rayonunun, eləcə Yuxarı Əbdürrəhmanlı kəndinin düşməndən alınmasında igid döyüşçü hünər göstərir. Dığaların çoxsaylı canlı qüvvəsini, saysız-hesabsız texnikasını məhv etməklə, özü də şəhidlik zirvəsinə yüksəlir. Beləcə Famil Vətəni üçün canında keçdiyi üçün qısa ömür yolu əsl qəhrəmanlıq simvolu olaraq əbədiyyət qazanır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər