Bayram niyə fərqli günlərdə qeyd olunur?
Bütün dünya müsəlmanlarının vahid rəyə gələrək, ixtilafsız, mübahisəsiz eyni gündə Ramazan orucu tutmağa başlamasını və eyni gündə bayram etməsini hamımız nə qədər arzulasaq da fakt bundan ibarətdir ki, hələ belə deyil. Hər il yeni ayın başlama və bitməsi ilə bağlı fikir ayrılıqları baş verir.
Əvvəla onu qeyd edək ki, bu fikir ayrılığı yeni məsələ və dövrümüzün məhsulu deyil. Hədis kitablarında bu ixtilafın səhabələr dövründə də baş verməsini əks etdirən hədislər var. Bunların ən bariz nümunəsi Müviyənin xilafəti dövründə Şamda yaşayan Müaviyə və Mədinədə yaşayan İbni-Abbas arasında baş verən məsələdir ki, o zaman Mədinə camaatı Ramazan orucuna Şam əhalisindən bir gün sonra başlamış, xəlifənin və ətrafının şahidliyinə baxmayaraq İbni-Abbas Mədinə üçün Ramazan orucuna fərqli gün seçmiş və səbəbini fərqli üfüqlə əsaslandırmışdı.
Bəs bu fikir ayrılıqlarınıın səbəbi nədir?
Bu fərqliliyin əsas səbəbi, yeni Ayın hilalının hansı formada görünüb görünməməsi ilə əlaqədardır.
1. Bir mövqeyə görə, yeni Ayın hilalı dünyanın hər hansı məntəqəsində gözlə görünsə, bütün müsəlmanlara aiddir və yeni ayın başlanması deməkdir.
2. Əks mövqeyə görə, yeni Ayın hilalı yalnız eyni üfüqdə (gecə və gündüzü bir neçə saat fərqlə eyni olan bölgələr) olan ölkələr üçün keçərlidir. Məsələn, Azərbaycanda gündüz olduğu halda, kimsə Amerikada gecə Ayı görsə, bu Azərbaycan üçün keçərli deyil.
3. Digər bir mövqeyə görə, yeni Ayın hilalının adi gözlə görünməsi də vacib deyil. Teleskopla da görmüş olsalar, gözlə görülmüş sayılacaq.
4. Daha bir mövqeyə görə isə nə adi gözlə, nə də teleskopla görünməsi vacib deyil. Hesablamaya görə yeni Ayın gün batan zamanı üfüqdən yuxarı olması təsdiq olarsa, Ayın gözlə, teleskopla görünməsinə ehtiyac yoxdur, yeni ay daxil olmuş sayılacaq.
Hətta bu sadaladığımız mövqelərin də özündə xırdalıqlar var ki, onlara varmaq istəmədik. Əsas bu dörd metodoloji yanaşma üzrə yeni ay müəyyən olunur.
Qeyd etmək istədiyimiz ən mühüm məqam budur ki, bəzilərinin cidd-cəhdlə təqdim etmək istəməsinin əksinə olaraq bu fərqli mövqelərin MƏZHƏB MƏNSUBİYYƏTİNƏ HEÇ BİR DƏXLİ YOXDUR! Həm sünnilik, həm də şiəlikdə bu fərqli mövqelərdə dayanan alimlər olub və var. Bunu hər il Ramazanı fərqli günlərdə qeyd edən ölkələrin siyahısına baxanda da görmək olar.
Bu il bayramı İran və İraqın şiə alimləri ilə birgə 5 iyunda qeyd edən Malaziya, İndoneziya, Pakistan, Orta Asiya respublikaları, Dağıstan, Hindistan, Banqladeş və Avstraliya müsəlmanları şiə deyil, sünnidir. Eyni zamanda, şiə alimlərindən mərhum Livanlı ayətullah Fəzlullah yeni ayı hesablama ilə müəyyən etməyi, mərhum İranlı ayətullah Fazil Lənkərani isə teleskopla görməyi icazəli biliblər. Müasir iraqlı ayətullah Kamal Heydəri də ənənəvi şiə alimlərindən fərqli mövqeyə malikdir.
Bu mövqelərdə duranların heç biri, inanmaq istəyirik ki, bu fikir ayrılığını qəsdən salmır və Peyğəmbər(s) ənənəsinə daha yaxın olmaq üçün çalışırlar.
Odur ki, gəlin bu fikir ayrılığını bir çoxlarımızın heyranı olduğumuz müasir dünya plyüralizmi və fikir azadlığı kimi qəbul edib hamının mövqeyinə hörmət göstərək. Bir birimizin mövqeyini sərt sözlər və rişxəndlə tənqid etməyək. Son nəticədə, bütün dünya müsəlmanları bir birinə nəyisə sübut etmək xatirinə yox, Allahın razılığını qazanmaq üçün oruc tutublar. Hər halda “qürbətən iləllah” deyərkən belə iddia ediblər. Biz də buna inanmaq istərdik.
Odur ki, Fitr bayramını iyunun 4-də və ya iyunun 5-də qeyd etməsindən asılı olmayaraq, bütün müsəlmanların bayramını təbrik edirik!
