Cəmiyyət 

Ən çirkli silahdan axan erməni zəhəri

2020-ci il noyabrından bu ilin sentyabrın 1-dək Qarabağda və Şərqi Zəngəzurda 95318 hektar ərazi minalardan və part­lamamış hərbi sursatlardan təmizlənib, 93410 mina və partlamamış hərbi sur­sat tapılaraq zərərsizləşdirilib

Erməni terrorizminin əsas təzahür formalarından biri də bu günə qədər bir çox insanın həyatına son qoymuş mina terrorudur. Həm işğal dövründə, həm də sonrakı dönəmdə Qarabağda və Şərqi Zəngəzurda basdırılan minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatını itirməsinə və ya yaralanmasına səbəb olur, eyni zamanda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngidir, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaradır.

Xain düşmən çaylar vasitəsilə də partlayıcı qurğuları regionlarımıza yaymağa cəhd edir. Hətta heyvanlara (itlərə) partlayıcı qurğular bağlayaraq sərhəd ərazilərimizə göndərir. Tərk etdikləri yerləri minalamaq, vətəndaşlarımızın həlak olmasına cəhd etmək və bütün bunların fonunda işğaldan azad olunmuş ərazilərə öz sahiblərinin qayıtmasını hər vasitə ilə gecikdirmək kimi düşmənin xislətini təsdiqləyən minlərlə fakt var. Basdırdığı bir milyondan çox minanın xəritəsini verməmək, yaxud da qeyri-dəqiq xəritələr təqdim etməklə Ermənistan  terrorru mahiyyətini bir daha təsdiqləyir.

Statistikaya əsasən, 2020-ci ilin noyabrından bu ilin sentyabrın 1-dək 95318 hektar ərazi minalardan və part­lamamış hərbi sursatlardan təmizlənib, 93410 mina və partlamamış hərbi sur­sat tapılaraq zərərsizləşdirilib. Onminlərlə tank əleyhinə minalar aşkarlanıb. Onların arasında partlamamış sursatlar, piyada əleyhinə minalar da var. Aşkarlanan minaların çoxu plastik tank əleyhinə minalardır. Onların tərkibində metal tərkibi az olduğu üçün aşkarlanması çətinləşir. Minaların çoxu Ermənistanın öz istehsalıdır. Onlar Rusiya istehsalı olan minaların bənzərini yaratmağa çalışıblar.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycan torpaqlarında 1,5 milyon mina basdırılıb, 147 min 988 hektar ərazi yüksək səviyyədə, 675 min 570 hektar ərazi isə orta və aşağı səviyyələrdə çirkləndirilib. Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 406 nəfər olub. 2020-ci il noyabrın 10-dan bugünədək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində 327 nəfər minadan zərər çəkib. 48-i mülki (o cümlədən üçü jurnalist), 15-i hərbçi olmaqla 63 nəfər həlak olub. Eyni zamanda, mina partlayışları nəticəsində ümumilikdə 102 nəfər mülki şəxs, 162 hərbçi yaralanıb. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38-si qadın, 357-si uşaqdır.

Onu da qeyd edək ki, ermənilər Laçın rayonu ərazisini tərk edəndən sonra təkcə burada 2021-ci ildə Ermənistanda istehsal edilən E-001M markalı 1400-dən artıq piyada əleyhinə mina aşkarlanıb. Habelə Zabux və Sus kəndlərində evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələləri tapılıb.

Torpaqlar işğaldan azad edildikdən sonra da Azərbaycan Ermənistanın çoxsaylı təbəqələrə yerləşdirdiyi milyonlarla minaların gözlənilən təhlükəsi ilə üz-üzə qaldı. Humanitar minatəmizləmə böyük insan və maliyyə resursları tələb edir. Bu, həm də işğaldan azad olunan ərazilərdə quruculuq və bərpa işlərinə mane olur.

Sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində təxminən 480 km təmas xəttindəki ərazilərin minalandığı müəyyən edilib. Ermənistan və havadarlarının Azərbaycan ərazisində gizli “qatilləri” fəaliyyət göstərir. Bu, onların ölkədə terrorla məşğul olduqlarını təsdiqləyən amillərdəndir və Ermənistanın, eləcə də onun müdafiəçilərinin Laçın yolundan hərbi sursat, o cümlədən mina daşımaq üçün də istifadə etdiklərini bir daha təsdiqləyir. Lokal antiterror tədbirləri  zamanı bir daha sübut etdik ki, artıq tarixin zibilliyinə atılmış Qarabağdakı xunta rejimi hələ bundan sonra da müxtəlif diversiya qrupları vasitəsilə ərazilərimizdə minalama prosesi aparmaq niyyəti güdüb. Belə ki, onların təslim olması və döyüş mövqelərini tərk etməsi ilə yanaşı, silah-sursat anbarı da aşkar edildi ki, buradan müxtəlif növ partlayıcı qurğular, mərmilər və minalar vardı.

Yeri gəlmişkən, minalar müharibə silahı sayılır. Ancaq onun qurbanlarının yalnız 10 faizi hərbçilərdir. Qurbanların 90 faizi qadınlar və uşaqlardır. Bir sutkalıq antiterror tədbirləri də regiondakı separatçıların güclü silahlandırıldıqlarını aşkarladı. Onların əraziyə mina döşədikləri də müəyyən edildi.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatlarına əsasən, Xankəndidə xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb. DİN əməkdaşları tərəfindən inzibati binalara baxış keçirilən zaman qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan tələ qurğular, eləcə də silah-sursat aşkar edilib.

ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı ərazinin girişində yerləşən boruların içərisində sürpriz formaya salınmış əl qumbaraları, habelə otaqlarda yerləşən çəkməcələrdə, pərdələrin arxasında, hərbi jiletlərin ciblərində, binanın zirzəmisində əl qumbaraları və yüksək partlayış gücünə malik müxtəlif hərbi sursatlardan ibarət tələ qurğular aşkarlanıb. Eyni zamanda, yüksəklikdən buraxılaraq partlayış törətmək və geniş radiusda qəlpələnmə yaradılması məqsədilə minaatan mərmiləri, qəlpələnən bombletlər, VOQ-17 silah qumbaralarından ibarət improvizə olunmuş partlayıcı qurğulara rast gəlinib.

Qeyd etmək lazımdır ki, düşmənin bu cür xain fəaliyyəti “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini, BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəalarına ziddir. Ümumi ekosistemə də olduqca böyük mənfi təsir göstərən bu cinayət əməlinə qarşı beynəlxalq ictimaiyyət isə səssiz qalmaqdadır. Xain düşmən 30 il boyunca müxtəlif yollarla dilbər guşələrimizi minalar ilə zəhərləmiş, bu ərazilərdə hər cür cinayət əməli törətmişdir. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı terrorçu simasını bir daha nümayiş etdirir. Buna görə Ermənistan beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunmalı, bu qanlı hadisələrin günahkarı kimi cəzalandırılmalıdır.

Azərbaycan dəfələrlə Hayastanın işğal etdiyi ərazilərdə müxtəlif qruplaşmaları silahlandırdıqlarını, əraziyə mina basdırdıqlarını bəyan edib. Amma selektiv yanaşma sərgiləyən beynəlxalq qurumlar, o cümlədən ATƏT və onun keçmiş Minsk qrupunun həmsədrləri dini-tarixi abidələrinin, yaşayış evlərinin dağıdılması, təbii sərvətlərinin talan edilməsi ilə bağlı ölkəmizin çoxsaylı etirazlarını gözardı ediblər. Bu səbəbdən işğaldan azad olunmuş ərazilərdə erməni xainliyinin nəticəsini Azərbaycan vətəndaşları yaşamalı olurlar.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin açıq nümayişidir.İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. Aidiyyəti beynəlxalq təşkilatların Ermənistanın mina terrorunun dayandırılması, işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı qəti addımlar atmasının zamanı çoxdan çatıb. Eyni zamanda, Azərbaycanın texniki yardımla və minatəmizləmə təcrübəsi ilə təmin olunması da zəruridir.

Şübhəsiz ki, Azərbaycan bu problemi də həll edəcək. Uzun illər Ermənistanın işğalçılıq, etnik təmizləmə siyasətinə məruz qalan Azərbaycan bu gün də mina terrorunu ağır fəsadlarını aradan qaldırır. Azərbaycan bu məsələdə Türkiyə və Britaniya ilə əməkdaşlıq etsə də, bu fəaliyyət ölkəmizin dövlət büdcəsi hesabına gerçəkləşir. Azərbaycan bu işdə daha çox xorvatiyalı mütəxəssislərin xidmətindən yararlanır. ANAMA, Müdafə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunlar və Sərhəd Xidmətinin mina təmizləmə heyətləri işğaldan azad olunan ərazilərdə kifayət qədər çətin və riskli proses olan minatəmizləmə işlərində üzərlərinə düşən vəzifələri tam həcmdə yerinə yetirirlər.

Mövcud çətinliklərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır və bu əraziləri dünyanın ən gözəl guşələrindən birinə çevirmək üçün böyük işlər görülür. Eyni zamanda regionda sülhün, əmin-amanlığın bərqərar olması üçün Ermənistanla münasibətlərin normallaşmasına, xalqların birgəyaşayışına hesablanmış məqsədyönlü addımlar atılır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın niyyəti təhlükəsiz, qarşılıqlı anlaşma əsasında birgə həyat qurmaqdır. Ermənistanın xisləti, əqidəsi isə göz qabağındadır…

Daha çox xəbərlər