Xilaskar atanın xilaskar oğlu
Milli Məclisin Komitə sədri, alim, şair Tahir Rza Ulu Öndərimiz, xalqımızın unudulmaz oğlu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə özünəməxsus bir poetik şeir cələngini hədiyyə etmişdir. Otuza yaxın elmi-bədii, publisistik məqalələrin və bir neçə bədii kitabların müəllifi olan,Azərbaycan Yazıçılar Birliyinin üzvi Tahir Rza kütləvi tirajla nəşr etdirdiyi “Xilaskar atanın xilaskar oğlu” poemasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bədxah qonşumuz olan təcavüzkar Ermənistan üzərindəki tarixi Qələbəsini poetik bir dillə tərənnüm etmişdir. O, 8 noyabr 2020-ci il Zəfər Gününə həsr olunmuş, əbədiyyət və ədəbiyyat tariximizdə qalacaq poemasını bu işıqlı misralarla başlayır:
Tarixin dərslərinə hər vaxt möhtacdır bəşər,
Heçdən tarixə dönmür günlər, saatlar, anlar.
Əbədi ömür edib qəlblərdə tarixləşər,
Xalqımın tarixini yazanlar, yaradanlar…
Müəllif Azərbaycan xalqının tarixini öz əbədi zəfərlərilə yazan, həmin qəhrəmanlığı öz yenilməz dəmir yumruğu ilə yaradan bir qalib sərkərdənin – Ali Baş Komandan, Prezident İlham Əliyevin ədəbi- bədii və poetik obrazını isti və işıqlı duyğularla yaradaraq, qüdrətli rəhbərin Zəfər yolunu intyutivliklə dolu ştrixlərlə bədiiləşdirir:
– Rəhbər haqq yolunu seçdi, haqq oldu qibləgahı!- deyir.
Gələcəyə dərin, nikbin şair nəzərləri ilə baxan Tahir Rza bir daha qeyd edir ki, əfsanəvi rəhbərin əli ilə “uğurlar sıralandı”, Prezident “Xalq gücüylə möhtəşəm xarüqələr yaratdı”, – deyə qürurla vurğulayır.. Şair bu poemanın siyasi poetikası ilə Ulu Öndərin bir kəlamını- “Oğlum, tarixi öyrənənlərin ürəyi təpərli, işıqlı olar” – öyüdünü bir daha yada salır.
Əsərdə Xalq-Dövlət, Dövlət-Xalq birliyi məhz elə Ulu Öndərimiz, müstəqil Azərbaycanın banisi və qurucusu olan Heydər Əliyevin bədii obrazı yaddaqalan, eksiztensal duyğularla səciyyələnir:
-Müqəddəs, saf idi yolu öndərin,
Andı millət idi, pənahı Vətən!
Poemanın ümumi bədii ruhu oxucunun qəlbində xoş ovqat yaradaraq bir daha sübut edir ki, Ulu Öndərin “Ömrünü ucaldan, mənalandıran xalqının sevgisi, sevinci və dərdi-səridir”, həm də “İstəyi inkişaf, ümidi insan,ən başlıcası isə “Azad Azərbaycan şah əsəriydi”.
Müəllifin poetik qənaəti inamlı bir misraların siqləti ilə cilalanır və ilhamla səslənir:- bəli, “Azad Azərbaycan Heydər Əliyevin şah əsəridir”.
Poemada qəlbimizi riqqətə gətirən, oxucunun ürəyinin tellərini duyğulandıran elə bənzətmələr, təşbehlər var ki, Ulu Öndər Heydər Əliyevin əbədi və müqəddəs obrazı bir Peyğəmbər simasında incələnir:
Şair yazır- “Haqqa vurğun idi, haqdan doğuldu!”.
Haqq həmişə müqəddəslik timsalında dalğalanmış, bütün bəşəriyyəti ucalığa, ülviliyə səsləmiş, zirvələrin bəyazlığını, əbədiliyini əxz eləmişdir.
Məhz ona görə də müəllifin bu siyasi-elmi-bədii poemasında Haqq, Ədalət, Yüksəliş, Qələbə, Hünər analogiyası əsərin örnəklərində səfərbər olunan bir xalqın himni kimi təsvir edilir. Ona görə də müəllifin poetikasının qanadlarında əbədiyaşar Heydər Əliyev “Haqqına güvəndi ən çətin anda”,-deyə təsvir olunur.
Güvənilən o haqqı şair Azərbaycan, millət yolunda ömrünü şam kimi əridən, ölkəsini hər cür bəlalardan qoruyan, isindirib işıqlandıran böyük şəxsiyyətin ideyalarını “Milyon insanların arzularında” gördü, tanıdı, sevdi!
Tahir Rzanın “Ülvi Həyat MMC” nəşriyyatı tərəfindən nəşr olunan “Xilaskar atanın xilaskar oğlu” poemasında doğma, qədim Azərbaycanımızın uzun illər bundan əvvəl “Başının üstündən qanlı küləklərin” əsməsini, köz bağlamış köhnə dərdimizdə görür,ikiyə bölünmüş Azərbaycanın ağrısını bir daha yada salır.
Bəli, Ulu Öndərin ən böyük, ülvi arzularından ən birincisi olan Bütöv, Müstəqil Azərbaycan ideyası da bu əsərdə xalqın və millətin taleyinin bədii ifadəsi kimi təsvir olunur.
“Gah cənubdan əsdi, gah da şimaldan” əsən quduz küləklərin gətirdiyi qırma qırovlarında “Gülüstanda xalqın qırılan beli” ürək ağrısı ilə göstərilir. İyirminci əsrdə təzələnən “Qanlı Gülüstanın bəlalarını” bu gün gündəmə gətirən şair Tahir Rza xalqımızı o zaman Bakıda, Naxçıvanda, Göyçayda, Qarabağda, Qubada tökülən qanları da unutmamağa çağırır.
Əzəli, dədə-baba yurdumuz olan qədim İrəvana “yan”ların yiyə durmasını misraların dili ilə qamçılayır:
Quyruq bulayanlar artdı, çoxaldı,
“Yan”lar qüvvət aldı ağalarından.
Göyçənin arzusu gözündə qaldı,
Zəngəzur ah çəkib inləyən zaman…
Ancaq “bölməklə arası saz olan” erməni cəlladları bilmədilər ki, vaxt gələcək dünya şöhrətli bir nəhəng şəxsiyyətin-Heydər Əliyevin halal, isti ocağından çıxıb gələn bir Müzəffər Ali Baş Komandan, qalib Prezident İlham Əliyev əzəli və əbədi Azərbaycan torpağı olan Xankəndidə üçrəngli Vətən Bayrağını dalğalandıracaqdır.
Yaxşı demişlər ki, iri həcmli əsərlər, poema və romanlar müasir olsa tarixi əsərə çevrilər.Həm məzmun və ideyası, həm də dil və üslubu və bədii forması əsas götürülməklə.”Xilaskar atanın xilaskar oğlu” poemasında göstərdiyim bu məziyyətlər oxucunu cəlb edir.
Amma bir qədər uzaq zamanın pəncərəsindən bu günlərin üfüqlərində parlamaqda olan Qələbə, Zəfər Günəşinin ilkin şəfəqlərinin ilıq şüalarını hiss edən uzaqgörən şair qəlbi hələ o zaman xəfifcə pıçıldayırdı:
Rəhbər plan cızır, yollar arayır,
Götür-qoy eləyir o min bir kərə.
Atəşkəs, danışıq işə yaramır
Nə də ki, söz çatır qaniçənlərə-
Deməli başqa yol seçilməlidir!
Şairin hələ o zaman vəsf etdiyi “Başqa yol”, yəni danışıqlar baş tutmazsa ordu silah gücünə doğma, torpaqlarını xilas eləməlidir. Ali Baş Komandanın qətiyyəti və Azərbaycan Ordusunun qorxmaz əzmkarlığı sayəsində həmin o “Başqa yol” artıq dünyanın gələcəyə istiqmətlənən dinc quruçuluq yolları ilə qovuşmaqdadır. Şair üçün bundan qürurverici və qəlb isindirən nə ola bilər?!Əsərdə “Bu yurdun Poladı, Mübarizi var!”, – deyə qürurla səslənən bir misranın da gözləri yol çəkir… Ona görə də əlavə edirəm ki, Polad Həşimovlar, Mübariz İbrahimovlar tək deyillər. Bütün xalq, bütöv bir millət cəsurluq şərbəti içərək Vətənin müdafiəsində dayanmışdır.
Qələbə, Zəfər qansız-qadasız, itkisiz yaranmır,“Yaralı əsgərin baxışlarını süzüb, qaşlarını çatıb düşünən rəhbərin- cənab Ali Baş Komandanın sadiq silahdaşı Mehriban xanımın göz yaşlarını təsvir edən şair təsəllini onda tapır ki ,- “Rəhbər haqq səsini dünyaya yayır və muradına çatır yurd yerlərimiz!”
Minlərin, milyonların arzusunu, istəyini, muradını başa çatdırmaq asan iş deyil. Bunun üçün Tahir Rza rəhbərin iradəsinin, Prezidentin Qətiyyətinin, Şəxsiyyətiniin böyüklüyünü özünə məxsus, orijinal, fərqli hermenevtik yanaşma ilə tərənnüm edir. Cənab İlham Əliyev kimi Ali Baş Komandanın “Hər bir əsgəri alınmaz səngər kimi” görməsi poema müəllifinin,- şair, vətəndaş və millət vəkili kimi qənaəti budur ki, “Ədalət uğrunda vuruşur əsgər!..” Həm də ona görə ki, Ali Baş Komandanının “dəmir yumruğ”unun zərbəsinin ağırlığının qarşısında durmaq, dayanmaq çətindir. Çünki yenilməz dəmir yumruğunun sahibinin “Ordu köməyində, xalq yanındadır!”.
Əsər boyu bütün hadisələr,təsvirlər Xalq, Dövlət və Prezident birliyi Vətənin bütövlüyü uğrunda gedən hər bir mübarizədə özünü büruzə verir. Poemada poeziya gerçəkliyinin bədii inikasınının başlıca obyektini Prezident İlham Əliyevin Vətəni sevmək, qorumaq mahiyyətində görən müəllifin bir-birilə həmahəng səslənə-səslənə yaranan misralarında hər bir söz öz məna dəyərlərini getdikcə dərinləşdirir və ürəklərdə xoş bir əks-səda verir:
Xalq döyüşə girdi haqq deyə -deyə,
Rəhbərin gur səsi ucaldı göyə.
Ey qanla, ölümlə öyünən yağı,
Murdar əllərini torpağımdan çək!
Heç zaman vermərik biz Qarabağı,
Haqq, ədalət mütləq qalib gələcək!
Həmin möhtəşəm qalibiyyət yağışının barı-neməti fonunda “Fərəhdən payızda güllər açıldı” və “Ölümü öldürüb ad qazananlar” bir az rahat nəfəs ala-ala azadlığa çıxan doğma, ecazkar Vətən torpaqlarının bərəkətli mənzərələrinə qovuşdular. Öz əsl sahibinin doğma əllərində təzədən isinən, təzədən canlanan hər qarış, hər ovuc torpaq sanki dil açıb Ali Baş Komandanın sözlərini təkar edirdilər: “-Xoşbəxtəm yerinə yetirdim deyir,- Atamın əhdini, vəsiyyətini”.
Bu misralar bütün ölkə boyu şəhər-şəhər, kənd-kənd addımlayır, əks-səda verirdi…
Əsirlikdən azad olunan ana torpaqların müqqədəs səsini hər gün, hər saat, hər addımda hiss edib eşidən həmin təranələrin əks-sədasını ürəyində duyan Qalib və Müzəffər İlham Əliyev:
Dedi ki, Qarabağ Azərbaycandır!
Dedi ki, Qarabağ ürəkdir, candır.
Dedi ki, Qarabağ cəlladlara yox,
Mərdlərə yurd olan cənnət məkandır!!!
Sözə hörmətlə yanaşan, ona ehtiramla üz tutan Tahir Rza “ Xilaskar atanın xilaskar oğlu” adlı tarixi poemasında heç bir deklapatik deyimlərdən istifadə etməmiş, əsəri həm sadə, həm də fəlsəfi simvolikaya bağlayaraq yazmışdır.Çünki onun fikrincə, “Söyüd bar gətirməz, yoxdan var olmaz”.
Poemada siyasi, psixolji paralelizmlər də tez-tez nəzərə çarpır. Bununla belə əsərin lakonik bir dildə qələmə alınması göz önündədir:
Xalqın qüdrətini sözlə, təriflə
Dünyaya göstərdi, hər yana yazdı.
Ədalət sözünü böyük hərflə
Haqqa dönüklərin alnına yazdı!
Bədii təfəkkürü özünün orjinal, siyasi təxəyyülü ilə birləşdirib forma və məzmunca, eləcə də monoqrafik, yeni ruhlu bir əsər yaradan şair həm də ədəbi- tarixi-siyasi mövqeyinin konturlarını real Azərbaycan gerçəkliyinə və ölkəmizin ictimai-siyasi aləminin fövqündə bərqərar olan bir vacib mövzuya həsr etmişdir. O, əbədi qəhrəmanlıq mövsuzudur. Ulu Öndərimiz Heydər Əliyev ideyalarının müdrik fəlsəfəsindən gələn bugünkü Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı qəhrəmanlığın təcəssümüdür. Əsər məhz belə bir nikbin bi sonluqla yekunlaşır.
Tahir Taisoğlu,
yazıçı, Rəsul Rza adına Beynəlxalq mükafatın laureatı

