Sosial 

Füzuliyə həyat qayıdır…

Füzuli uğrunda savaş Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Bu ərazidə 30 il ərzində düşmən cəbhənin təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Bir çoxları Füzulini işğaldan azad etmək üçün həftələrlə, bəlkə də aylarla vaxt lazım olacağını düşünürdü. Lakin Azərbaycan əsgəri Vətən torpaqları naminə bütün maneələri ildırım sürəti ilə keçməyə qadir olduğunu bir daha sübut etdi. Bəli, Azərbaycan Ordusu bu istiqamətdə yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirərək, 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri daxil olmaqla, rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini işğaldan azad etdi. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində Bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.

İşğal dövründə daşı daş üstə qalmayan cənnətməkanımız bu gün sürətlə yenidən inşa edilir. Bəli, Zəfərdən sonra işğaldan azad edilmiş Füzulidə nəhəng bərpa və quruculuq işlərinə başlanılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuliyə mütəmadi səfərləri zamanı həmişə yerli şəraitlə tanış olur, bərpa-quruculuq işləri ilə maraqlanır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuliyə ilk səfərləri 2020-ci il noyabrın 16-da, böyük qələbədən dərhal sonra olub. Bu səfərində Prezident Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib və Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun çəkilişinə başlanılıb. 7 noyabr 2021-ci ildə Prezident və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışını ediblər. 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Məhz işğaldan azad edilmiş ərazilərdə sənaye potensialını nəzərə alsaq, Füzulidə açılan hava limanı həm də Qarabağda istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından olduqca vacibdir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yoludur. Tikintisi bu ilin mayında yekunlaşan avtomobil yolunun açılışını Prezident İlham Əliyev şəxsən özü etmişdir. Avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli olacaq bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni 21.5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir.

Rayon ərazisində yol-nəqliyyat infrastrukturu müasir tələblər səviyyəsində qurulub, bütün yolların asfaltlanması tam şəkildə başa çatdırılıb. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində rayon ərazisində icra olunan infrastruktur layihələr, bir-birindən yaraşıqlı binalar, xidmət obyektləri ümumi mənzərəni tamamlamaqla yanaşı, əhalinin işlə təmin edilməsində də mühüm rol oynayır. Hazırda rayon ərazisində qazlaşdırma 100 faiz səviyyəsinə çatdırılıb və ərazidə əhalinin mavi yanacaqla, eləcə də elektrik enerjisi ilə fasiləsiz təminatı həyata keçirilir. Dövlət Proqramının uğurlu icrası rayonda içməli su təchizatına da öz mühüm töhfəsini verib. Belə ki, rayon əhalisinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə kəndlərdə yerləşən subartezian nasos aqreqatları cari təmir edilir, Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı mühüm tədbirlər görülür, şəhərdə yeni içməli su xətləri çəkilərək istifadəyə verilir.

Füzuli bu ildən öz doğma sakinlərinə də qovuşub. Belə ki, artıq burada 187 ailənin, daimi məskunlaşması təmin olunub. Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Füzuli rayonuna səfəri çərçivəsində rayonun Cuvarlı, Qoçəhmədli kəndlərinin, şəhərdəki idman kompleksinin, ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının və inzibati binanın təməlini qoyub. İnşa olunacaq ikinci yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidən ibarətdir. Ümumilikdə 2288 nəfər üçün nəzərdə tutulan kompleks üçün 9 hektardan çox ərazi ayrılıb. Üçüncü yaşayış kompleksinin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub.

Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib ki, Füzuli indi tamamilə yenidən qurulur: “Yəni, aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. Mənə dünən məlumat verildi ki, 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni, bu, belə demək mümkündürsə, ən minimal göstəricidir. Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər”.

Daha çox xəbərlər