Yerin altını üstünə çevirən xislətin 337 qurbanı
Ermənistanın antibəşəri siyasətini davam etdirmək qəsdi ilə minaladığı ərazilərin dəqiq xəritəsini verməkdən boyun qaçırması yeni faciələrə səbəb olur və təəssüf ki, bir sıra qüvvələr bu reallığa lal, kar-kor siyasəti yürüdür
Azərbaycan dünyada ən çox mina ilə çirkləndirilən ölkələrdən biridir. Ermənistan 30 illik işğal dövründə çoxlu sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. Xain düşmən hətta heyvanlara partlayıcı qurğular bağlayaraq sərhəd ərazilərimizə göndərir. Azərbaycan ərazilərində kütləvi şəkildə minalar və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsi üçün ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün təhlükə yaradır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA)məlumatında bildirilir ki, işğaldan azad edilmiş torpaqlarımızda təxminən 1,5 milyon ədəd mina basdırılıb. Minalar daha çox evlərin astanasında, həyətlərdə yerləşdirilib. Ümumiyyətlə, mina partlayışlarının 70 faizi əvvəlki təmas xəttindən çox uzaqlarda baş verib.Onu da qeyd edək ki, minalar “müharibə silahı” kimi istehsal edilsə də, əslində, onun qurbanlarının yalnız 10 faizi hərbçilərdir. Qurbanların 90 faizi gündəlik həyatlarını davam etdirən, su gətirən, məktəbə gedən və ya tarlalardan məhsul toplayan günahsız insanlar, o cümlədən qadınlar və uşaqlardır.
Ermənistan dəqiq mina xəritələrinə malik olduğu halda, onları Azərbaycan tərəfinə vermək istəmir. Düşmən müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədilə guya bütün mina sahələrini əhatə edən formulyarların verildiyini iddia etsə də, bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir və ciddi problemlər yaradır. Ermənistanın daha öncə Ağdam, Füzuli və Zəngilan rayonları üzrə verdiyi mina sahələri üzrə məlumatların dəqiqliyi ən yaxşı halda 25 faizdir.
Bəzi ekspertlər ermənilərin mina terrorunu alman faşizmi ilə müqayisə edirlər. Əslində ermənilərin mina terroru bəşəriyyət və insanlıq üçün alman faşizmindən də qorxulu və təhlükəlidir.
Ermənistanın bu cür əməlləri “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini, BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəalarını kobud şəkildə pozur. Bu baxımdan, ermənilərin vəhşi əməllərini alman faşizmi ilə belə müqayisə etmək mümkünsüzdür. Çünki almanlar Fransanı, Polşanı və digər əraziləri işğal etdiyi zaman minalar basdırmayıblar. Amma ermənilər xalqımızı öz yurdlarından didərgin salmaqla kifayətlənməmiş, həmçinin bütün əraziləri minalarla çirkləndirmişlər.
Azərbaycan Ermənistanın həyata keçirdiyi mina terroruna laqeyd münasibət bəsləyən beynəlxalq təşkilatlara baş verən partlayışlar, insan itkiləri ilə bağlı məlumat versə də, beynəlxalq təşkilatlar Ermənistanın hərbi cinayətlərinə göz yumur. Fransa isə mina terrorçusunu dəstəkləməkdən əl çəkmir. Halbuki, ortada bir sıra hüquqi aktlar və həmin o təşkilatların üzərinə götürdüyü öhdəliklər var. Beynəlxalq təşkilatlar vaxtında öz öhdəliklərini yerinə yetirsəydi, təcavüzkara təzyiq göstərsəydi, nə müharibə olar, nə də mina partlayışı nəticəsində həyatını itirənlərin statistikası hər keçən gün bir az daha artardı. Azərbaycanda davam edən mina partlayışlarını və dövlət qurumlarının bu problemi həll etmək istiqamətində üzləşdikləri çətinlikləri nəzərə alaraq, minatəmizləmə sahəsində Azərbaycanın potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var. Bu cür dəstək minatəmizləmə səylərinə kömək etməklə yanaşı, minalarla mübarizə istiqamətində qlobal kampaniyaya töhfə verəcək və regionda sülh və əməkdaşlığa sadiqliyi nümayiş etdirəcək.
Müharibədən sonrakı dövr ərzində ANAMA və digər qurumlar tərəfindən 106 min 938.1 hektar ərazinin təmizlənməsi təmin edilib. Bu günədək ekoloji qiymətləndirmə və elmi-tədqiqatlar üçün nəzərdə tutulmuş 12 min 514.7 hektar, həmçinin enerji layihələri üçün nəzərdə tutulmuş 6 261.4 hektar, kənd təsərrüfatı üçün 53 min 078.4 hektar, meliorasiya və su təsərrüfatı fəaliyyətləri üçün 3421 hektar, nəqliyyat infrastrukturu üçün 5759 hektar, yenidənqurma və yaşayış infrastrukturun inkişafı üçün 20 min 118 hektar, digər məqsədlər üçün 5784.8 hektar ərazi partlayıcı sursatlardan təmizlənib. Nəticədə təmizlənmiş 106 min 938.1 hektar ərazidən ümumilikdə 105 488 ədəd olmaqla, piyada əleyhinə 30 min 539 mina, tank əleyhinə 18 min 303 mina və 56 min 646 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Dövlət Proqramına əsasən, 2023–2026-cı illərdə, ümumilikdə, 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 2026-cı ilin sonunda, ümumilikdə, 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Bu işlər üzrə əsas icraçı Minatəmizləmə Agentliyi, digərləri isə Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Dövlət Sərhəd Xidmətidir.
Hazırda təmizlənmiş ərazilərdə müasir infrastruktur qurulur, şəhər və kəndlər yaşayış üçün hazır vəziyyətə gətirilir və əhalinin məskunlaşdırılması davam etdirilir. Minlərlə yeni iş yerləri yaradılır. Bu proseslər mərhələli şəkildə, həm də ən müasir standartlar səviyyəsində həyata keçirilir. Minalardan təmizlənmiş ərazilər həm də əkinə cəlb edilir. Bu ərazilərdə kənd təsərrüfatı və heyvandarlıq məhsullarının istehsalı sözsüz ki, bazarda bolluq yaradacaq ki, bu da bilavasitə qiymətlərin aşağı düşməsinə səbəb olacaq.
Daxili İşlər Nazirliyi və ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırıb. Çağırışda təhlükəli ərazilərdə hər bir addımın ölümcül fəsadlar törədə biləcəyi qeyd edilir. Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstəyə çağırış edilib: Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın; Yalnız gündəlik işlək yollardan istifadə edin; Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun; Naməlum əşyalara toxunmayın; Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!
Azərbaycana qarşı işğalçılıq mövqeyindən uzun illər əl çəkməyən, terrorlar törədən Ermənistan nəhayət, bəd əməllərindən, məkrli niyyətlərindən uzaqlaşmalı, sülh şəraitində, dinc yaşamağı öyrənməlidir. Bu yolda atacağı ilk addımlardan biri minaladığı ərazilərin dəqiq xəritəsini Azərbaycana verməsi olmalıdır. Bununla işğalçı dövlət mina terrorunu dayandıra bilər. Bir daha mina partlayışları nəticəsində günahsız insanlar həlak olmaz və ya sağlamlığını itirməz.

