Sosial 

Cəmiyyət üçün böyük bəla – “ağ ölüm”…

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Nərimanov Rayon Komissiyası mütəmadi illik iş planları əsasında işini qurur.

Narkomanlığın yayılması və qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə əhali arasında maarifləndirmə işlərinin səmərəliyinə diqqət artırılır, bu xəstəliyə düçar olanlar müəyyən edilərək müalicəyə cəlb olunur, narkoxassəli bitkilərin əkilib becərilməsi və yabanı bitənlərin erkən aşkarlanaraq məhv edilməsi sahəsində aidiyyəti orqanlar bir sıra tədbirlər həyata kecirir.

2022-ci il ərzində Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 236 cinayət faktı aşkar edilmiş, bunlardan 99 fakt narkotik vasitələrin satışı ilə bağlı olmuşdur. Keçirilmiş tədbirlər nəticəsində 14 kq 158 qram marixuana, 24 kq 538 qram heroin, 2,041 qram tiryək, 3 kq 453 qram metamfetamin, 17 kq 160 qram metadon, 0.922 qram kokain, 52 kq 564 qram preqabalin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Nərimanov Rayon Komissiyası, rayon Polis idarəsinin əməkdaşları, Gənclər və idman idarəsi, ümumtəhsil, peşə, orta-ixtisas və ali təhsil müəssisələri ilə birgə “Pis vərdişlərə yox deyək”, “Gənclər sağlam həyat tərzini seçir”, “Mən sağlamlığı seçirəm”, “Narkomaniya-gələcəksiz həyat”, “Biz narkotiklərə yox deyirik!”, “Narkomaniya-intihardır”, “Xoşbəxt həyatda narkotiklərə yer yoxdur”, “Sağlam gələcəyə doğru”, “Biz narkotiklərə yox deyib həyatı seçirik”, “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzularında müxtəlif tədbirlər, toplantılar, dəyirmi masalar, idman yarışları, rəsm, inşa yazı müsabiqələri həyata keçirilmişdir. Narkomaniyaya və taksikomaniyaya qarşı keçirilən profilaktik tədbirlərdə “ağ ölüm”ün nə olduğu yeniyetmələrə və gənclərə aşılanmışdır. Dinləyicilərin suallarına səhiyyə və hüquq – mühafizə işçiləri ətraflı cavab vermiş, gələcəyimizi bu bəladan qurtarmağa çağırmışdırlar. Müsabiqələrdə iştirak edib qalib gələnlər mükafatlandırılmışdır.

Dövlət Proqramının 4.4.23-cü bəndinə uyğun olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin müəllimlərinin iştirakı ilə təlim-məşğələ keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, rayonun ümumtəhsil və orta-ixtisas müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar, poliklinikaların həkimləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və gənclər iştirak etmişdir. Tədbirdə çıxış edənlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi, narkotik vasitələrin, prixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kütləvi idman yarışlarının keçirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verərək tədbir iştirakçılarının suallarını cavablandırmışlar.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Nərimanov Rayon Komissiyasının üzvləri rayon Polis İdarəsinin əməkdaşları ilə birgə rayonun inzibati ərazisində yerləşən orta, orta-ixtisas və ali təhsil müəssisələrində mütəmadi olaraq yeniyetmələr və gənclərlə görüşlər keçirir, narkotik vasitələrin insan orqanizmində törətdiyi fəsadlar barədə məlumatlandırılır və bu barədə onlarla qarşılıqlı diskussiyalar aparılır. Belə ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya rayon Polis idarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin, NMB-nin, İctimai təhlükəsizlik şöbəsinin əməkdaşları “Azərbaycan Respublikasında Uşaq hüquqları”, “Narkomaniya ümumbəşəri bəladır” mövzularında tam orta məktəblərdə keçirilmiş tədbirlərdə şagird və tələbələr arasında maarifləndirici və profilaktiki söhbətlər aparılmışdır, şagirdlərə antinarkotik təbliğatlı braşuralar paylanılmışdır.

Narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədikləri və təhsil aldıqları inzibati ərazilər üzrə Polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları, İctimai təhlükəsizlik şöbəsinin və Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin işçiləri, ali və orta ixtisas təhsil müəssisələrinin gənclər təşkilatının üzvləri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının üzvləri ilə birgə əlaqəli profilaktik tədbirlər keçirir. Tədbirlərdə gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, şagirdlərin siqaret çəkmələri, dərsdən yayınmalarına və pis vərdişlərə yiyələnmələrinə qarşı mövzularda çıxışlar edilir, fərdi söhbətlər və fikir mübadiləsi aparılır.

Ümumiyyətlə, 2019-2024-cü illər ərzində Nərimanov rayonu ərazisində fəaliyyət göstərən 23 ümumtəhsil, 3 peşə, 3 orta-ixtisas və 8 ali təhsil müəssisəni əhatə edərək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası və Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 117 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları yaxından iştirak edirlər.

Rayon rəhbərliyi, rayon ictimaiyyətinin, hüquq mühafizə orqanlarının təmsilçilərinin, səhiyyə işçilərinin, fəal gənclərin qatıldığı tədbirlərdə çıxış edənlər narkomaniyanın bütün dünyanı narahat edən problem olduğunu qeyd edərək, ölkələrin və bir çox beynəlxalq təşkilatların bu bəlanın qarşının alınması istiqamətində işlər apardıqlarını vurğulamışlar. Bildirilmişdir ki, narkomaniyanın daha geniş insan kütləsini öz təsiri altına almaması üçün ölkəmizdə də maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac vardır.

Lakin Azərbaycanda son illərdə bu istiqamətdə aparılan işlərə baxmayaraq, narkomaniyaya meyilli insanların sayında artım müşahidə olunur. Qeyd olunan sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, kəsərli proqram və layihələrin icrasının, eləcə də belə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Narkomaniyanın cəmiyyət üçün böyük bəla olduğunu və onun “ağ ölüm” adlandırıldığını vurğulayan çıxışçılar gəncləri bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırmışlar. Diqqətə çatdırılmışdır ki, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur, eyni zamanda, orta və ali məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılmalıdır ki, yeniyetmələr zərərli vərdişlərdən uzaq dursunlar.

Hazırda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə tədbirləri Nərimanov rayonunda davam etdirilir.

İradə Muradova,
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri

Daha çox xəbərlər