Gündəm 

Mikayıl Cabbarov: “Azərbaycan SPECA ölkələri ilə ticarət dövriyyəsini artırıb”

“2022-ci ildə Azərbaycan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) əhatə etdiyi ölkələrlə ticarət dövriyyəsinin dəyərini 2021-ci illə müqayisədə 3,6 dəfə artıraraq 1,3 milyard ABŞ dollarına çatdırıb, bu ilin yanvar-oktyabr aylarında isə sözügedən göstərici bir il əvvələ nisbətən 16% çox – 1,2 milyard ABŞ dolları təşkil edib”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda SPECA Həftəsi çərçivəsində keçirilən “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda iqtisadi forumda bildirib.

Nazir vurğulayıb ki, Azərbaycanın SPECA ölkələri ilə güclü dostluq və iqtisadi əlaqələri var.

“Getdikcə bir-birimizə daha bağlı olan dünyada yaşayırıq. SPECA regional əməkdaşlığın təşviqinə diqqət yetirir. Azərbaycan digər SPECA ölkələri üçün şərqlə qərb arasında ticarət nöqtəsi rolunu oynayır. Biz transsərhəd əməkdaşlığa diqqət yetiririk”, – deyə o qeyd edib.

Bundan başqa, M.Cabbarov qeyd edib ki, SPECA ölkələri işğaldan azad edilmiş ərazilərdə aktiv fəaliyyət göstərirlər.

“Azərbaycan 30 il suverenliyinin pozulmasından əziyyət çəkib. Hazırda ölkəmiz işğaldan azad edilmiş ərazilərinə investisiya yatırır. SPECA ölkəsi olan Özbəkistan həmin ərazilərdə məktəb inşa edib. Digər ölkələrin də fəaliyyətini yüksək qiymətləndiririk”, – deyə o əlavə edib.

SPECA 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Bu il SPECA-ya sədrliyi Azərbaycan həyata keçirir.

Daha çox xəbərlər