Sosial 

Bazarda qiymət: ucuz satılan Rusiya ətidir, yanvardan etibarən…

Son günlərdə paytaxtın bəzi yerlərində ətin qiymətində enmə müşahidə olunur. Əvvəllər 15, hətta 16 manata satılan dana ətinin 1 kiloqramının qiyməti hazırda 13-14 manata təklif olunur. Qəssablar ucuzlaşmanın səbəbini Rusiyadan ölkəmizə daha ucuz qiymətə idxal olunan ət olduğunu deyirlər.

Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Publika.az-a açıqlama verib.

İqtisadçı müəyyən yerlərdə ətin ucuzlaşdığını diqqətə çatdırıb:

“Bu ucuzlaşma hər yerə şamil olunmur. Paytaxt və rayonlarda ət müxtəlif qiymətədir. Yəni, birmənalı olaraq bununla bağlı “ət ucuzlaşıb” deyə bilmərik. Bu periodik bir dönəmdir. Dekabrda yenidən ətin qiymətində artımlar müşahidə olunacaq. Müxtəlif yerlərdə ucuzlaşmanın əsas səbəbi Rusiyadan idxal olunan ətdir”.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov qeyd edib ki, ətin ucuzlaşmasının iki səbəbi var:

“Birinci səbəb Rusiyadan ölkəmizə kifayət qədər ət gətirilib. Gətirilən heyvanlar həm diri, həm də kəsilmiş şəkildədir. Bu da olduqca yaxşı haldır. İkincisi isə heyvanların qışda bəslənmə mövsümü çatıb. İnsanlar bala verməyən, kökəltdikləri heyvanları qışda daha çox kəsilər ki, onlara yem verməsinlər. Yem özü də bir xərcdir. Ona görə də müvəqqəti olaraq belə ucuzlaşmaya şahid oluruq. Buna baxmayaraq, ətin qiyməti növbəti aylarda bahalaşacaq. Hətta Rusiyadan idxal olan ətin miqdarı artsa belə yenə qiymət qalxacaq. Yanvar ayında qiymətin artacağını proqnozlaşdırıram. Mövcud vəziyyət belədir”.

Paytaxtla yanaşı Ağsu, Ağdam və Bərdə rayonlarında da dana ətinin qiymətində enmə müşahidə olunur. Belə ki, rayonlarda da dana əti 14 manatdan 13 manata, quzu əti 18 manatdan 17 manata ucuzlaşıb. Qoç ətinin qiyməti də 1 manat enib.

Daha çox xəbərlər