Cəmiyyət 

Laçında “əsrə bərabər” gün – FOTOLAR, VİDEO

Yolumuz Laçınadır! 28 ildən artıq düşmən tapdağında qalan, 44 günlük Vətən Müharibəsindən sonra igidlərimizin əzmi qarşısında dirəniş göstərə bilməyərək ağ bayraq qaldıran Ermənistanın işğalçı ordusundan təmizlənən, 26 avqust 2022-ci il tarixdən əbədi bizim olan dağlar diyarına.

Paytaxt Bakının 450 km-liyində olsa da, işğal dönəmində hamımız üçün əlçatmaz ünvana çevrilən Laçını yenidən və əbədi bizə qaytaran oğullara dualar edərək müqəddəs ziyarətə üz tutmuşuq. Avtomobilin maqnitofonundan ölməz Məhəbbət Kazımovun “Qartal olum göylərində süzüm mən…” harayı ucalır yolçuluğumz boyunca. Amma işğal dönəmində bizimçün təsəlliyə, ağıya dönmüş bu mahnı əvvəlki kimi köksümüzü parçalamır, yalnız ona heyfslənirik ki, kaş bu möcüzəli səsin sahibi də görəydi Laçınımızın bu növrağını…

Yolboyu Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının daşı-daş üstə qalmayan yaşayış məskənlərini ürək ağrısı ilə müşahidə etdikcə erməni vandalizmini lənətləyirik, bu, goreşən xislətli topluma ünvanlamaq üçün sözlər arayırıq, ürəyimizi soyutmaqdan ötrü. Amma…Əslində sözü Azərbaycan Ordusu deyib, düşməndən qisasımızı almaqla, tarixi Zəfər qazanmaqla! Şəhidlərimizin qanı hesabına azad olunmuş tarixi yurdlarımızda sürətlə davam edən quruculuq işləri çox yaxın gələcəkdə Şərqi Zəngəzurun, Qarabağın əvvəlki dövrlərdən də gözəl simasını bərpa edəcəyinə şübhə yeri qormur. Tikilən yollar, körpülər, yaşayış məntəqələri, qurulan infrastruktur…Zəngəzur dəhlizinin tikintisi davam edən avtomobil yolu və dəmir yolu xətləri möhtəşəmliyi ilə səfərin təşkilatçısı və iştirakçısı olan jurnalist heyətimizin hər bir üzvünü qürurlandırır.

Cəbrayılın Arazqırağı viran qoyulmuş kəndlərinin ağrı-acısına, Xan Arazın o tayındakı Güney elinin həsrəti də əlavə olunur, köks ötürüb ara-sıra tüstü-bacalarından həyat əlamətlərini müşahidə etdiyimiz ünvanlardakı, Vətən Müharibəsi günlərində o taydan ordumuzun düşmənə endirdiyi zərbələri alqış və dualarla müşahidə edən, bizim qədər sevinən, fəxarət duyan canı və qanı bir bacı-qardaşlarımıza xəyalən salam və sayğılarımızı yollayırıq…

Öz sakinlərini isti qoynuna almış Zəngilanın Ağalı kəndində isə həyat öz axarı ilə davam edir. Müqayisə üçün tək bir fakt yetərlidir: bir tərəfdə Azərbaycan dövlətinin qurub-yaratdığı, bu torpaqların sahiblərini yaşatdığı kənd, digər tərəfdə Ermənistanın vandal siyasətindən geriyə qalanlar…

İlk dayanacağımız Zəngilanın Babaylı kəndi olur. Həmkarımız, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlının, həmçinin ustad jurnalistimiz Qulu Məhərrəmlinin və mərhum Zabil Müqabiloğlunun doğulduğu kənd…O anlarda işğal dönəmində Qulu Məhərrəmlinin “anam hərdən durub deyir ki, kəndimizə gedirik?”-sualını və Zabilin “kəndimizin ermənilər tərəfindən necə yandırıldığını Arazın o tayından öz gözlərimlə gördüm”-sözlərini xatırlayıram. Hətta o zaman ağsaqqallardan biri kəndi tərk etməmişdi ermənilər hücuma keçəndə…Babaylı kəndi Qarabağın və Şərqi Zəngəzurun işğaldan sonrakı halının acı bir nümunəsidir: evlərin dağıdılmış qəbristanlığını xatırladır. XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Babaylı kəndindən köçüb gələnlər saldığı bu kənddə erməni canilər məscidi də darmadağın ediblər, darmadağındır Allah evi… Elməddin Muradlı atasının, babasının, digər həmkəndlilərinin “ev”lərini göstərir, danışır, çəkiliş edirik. Hansı hisslər keçirdiyini duymaq çətin deyil… “Xoş gəlmisiniz kəndimizə. Mənfur düşmənin ucbatından mən sizi belə qarşılayıram, ata-baba evimizdə qonaq edə bilmirəm”-deyir həmkarımız. Sonra da əli ilə göstərərək “baxın, yuxarıda dağıdılmış ev bizim evimizdir, mən orda anadan olmuşam, 12 il orda yaşamışam”-söyləyir…Ardınca da qazılmış bir yeri xatırladan ərazini göstərib bildirir ki, burada babası Rəsul kişinin ikimərtəbəli evi olub, əzər-əlamət qalmayıb. 4-5 əsr əvvəlki məsciddən də dağılmış hissələr qalıb…

Bu, ağır təəssüratlarla Həkəri çayının sahili ilə yolumuza davam edirik. Yolboyu ağır tonnajlı yük maşınları, tikinti işlərinə cəlb olunan texnikalarla qarşılaşırıq. Fədakar polis əməkdaşlarımız ərazinin təhlükəsizliyini yüksək səviyyədə qoruyur. Yol çəkilişi bu ünvanda da yüksək sürətlə davam etdirilir. Laçınlı həmkarımız, Report.az İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə sükutu pozur: “Atamgilin 54 günlük mühasirədən sonra xilas olduğu yeri göstərəcəyəm sizə…” Ayaq saxlayırıq həmin ünvanda, bu dəfə İmdadın ağrılı xatirələrini dinləyirik.

Bölgəni elektriklə təmin edən ilk ünvanlardan biri olan Güləbird Su Elektrik Stansiyasının yanından ötüb irəliləyirik, Həkəri körpüsünün altından keçib gedirik. Əmin-arxayın, əsgərimizə, sərhədçimizə, polisimizə, təhlükəsizlik əməkdaşlarına güvənərək! 23 aprel 2023-cü ildə bu ünvanda sərhəd buraxılış məntəqəsini qoyaraq, tarix yazan oğullara minnətdarlıq edərək, solda ölgün vəziyyətdə sallaq vəziyyətdə qalmış Ermənistanın bayrağına ötəri nəzər salıırıq, Azərbaycan bayrağının əzəməti qarşısında çox miskin görünür…

Bu qürurula şəhərlər gözəli, igidlər məskəni Laçına yetişirik! Amfiteatr şəklində tikilmiş şəhərin cazibə qüvvəsi ilk anlardanca ruhumuza hopur, bir-birindən gözəl, arxitektura qaydalarına uyğun şəkildə tikilmiş evlər, abad yollar, marketlər, iaşə obyektləri, müxtəlif qurumların yerli təşkilatlarına məxsus ünvanlar. Bütün bunlardan vacib olan Laçın sakinləri! 2023-cü ilin 28 mayından başlayan Böyük Qayıdış davam edir. Qayıdışla bağlı “Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayevlə görüşdük. “Laçında quruculuq-abadlıq işləri keçən ilin sentyabrında başlayıb. İlk ayda Bakı Abadlıq Xidməti tərəfindən mobilizasiya, yerdəyişmə aparıldı. Ümumi işlərə 2022-ci ilin oktyabr ayından başlanıb.8 ay kimi qısa müddətdə şəhəri təhvil vermişik.Qışda sərt soyuğa baxmayaraq, çox operativ işlər gedib. 28 may tarixində Prezident Laçına səfər etdi və 20 ailəyə evlərinin açarını verdi. Növbəti aylarda da bu proses davam edəcək. Demək olar ki, hər həftə köçümüz var. Hazırda Laçın şəhərində 346 ailə 1326 nəfər köçüb. Zabux kəndinə bu gün növbəti köç baş verib və 121 ailə 475 nəfər gəlib.Toplam 467 ailə 1801 nəfər Laçına qayıdıb”-E.Abdullayev bildirdi.

Laçın ağsaqqalı Qəzənfər Hüseynovun Laçının yüksək nöqtələrindən birində qərarlaşmış evində qonaq olduq, o qədər mehriban qarşıladı, heyət üzvlərini bağrına basdı ki… Deyir Laçın şəhərində özünü çox rahat hiss edir, hər hansı narahatlığı yoxdur: “Mənə hərdən sual verirlər ki, darıxırsan? Deyirəm yox, mən orda – Bakıda – darıxırdım. 31 ildir darıxırdım, həm də inanırdım və bu günü gözləyirdim. Allaha dua edirdim ki, bu günü – Laçının azadlığını görüm”. Hər hansı çətinliyin olub-olmadığını soruşanda “nə çətinlik ola bilər ki? Nə çətinlik olsa da, işğal dövrü, köçkünlük dövründəkilərlə müqayisədə çətinlik deyil. Gözəl şəhərimiz abadlaşır, gözəl təbiətimiz var”-deyir və ətrafdakı füsunkar mənzərələri vəsf edir Qəzənfər müəllim. Ömür-gün yoldaşı da ürəkdolusu razılıq edir, şükranlığını bildirir. İsrarla qonaq olmağımızı istəyir bu, ürəyigeniş Laçının rəmzinə çevrilmiş ziyalımız. Amma qayıtmalıyıq, inşallah növbəti dəfə, deyirik…

Laçına sevə-sevə qayıtmış digər sakinlərlə, şəhərda çalışan şəxslərlə görüşüb, söhbətləşirik. Hər birisindən xoş təəssüratlar eşidirik. Şəhidlərimizin ruhuna dualar edir, Ali Baş Komandanımıza təşəkkürlərini bildirirlər. Laçına getdiyimizi duyub bizimlə fikirlərini bölüşən laçınlı ziyalılarından biri Arif Gurşadoğlunun dediklərindən: “Bir vaxtlar yazmışdım ki,

Dağlardan Laçını görməkdən ötrü,

Sinəmdəki dağın zirvəsindəyəm…

Şükürlər olsun bu günlərə- artıq Laçını Laçının əzəmətli dağlarından görürük. Dağların əzəmətindən yoğrulan Laçın özü də əzəmətlidir, vüqarlıdı, qürurludu… 28 illik həsrətə 44 günə son qoydu Azərbaycanın igid oğulları. Hərbi meydandakı möhtəşəm qələbənin davamı siyasət masasında da davam elədi və Laçın öz azadlığına qovuşdu. 28 il ərzində Laçının daşı, qayası da düşmənə təslim olmamışdı. Ancaq qəribsəmişdi. Doğma eli-obası üçün yaman darıxmışdı Laçın… Cəmi bir ildə bərpa olunmuş Laçın şəhəri… Şəhidlərimizin canı, Qazilərimizin qanı bahasına azad olunmuş bütün ərazilərimiz, eləcə də Laçında bərpa-quruculuq işlərimiz davam edir. Evlər, yollar, məktəblər, bütöv bir şəhər bərpa olunur…” Bu möhtəşəmlikdən danışan Arif Gürşadoğlu ayrı-ayrı hallarda ortaya çıxan fikirayrılıqlarına da aydınlıq gətirir: “Bizlərin də istədiyimiz odur ki, Laçın məhz Laçının adına layiq bərpa olunsun. Səhlənkarlıq, özbaşınalıq, məsləhətsizlik heç olmasa 30 ildən sonra elinə qovuşan Laçını yaralanmasın… Laçın çox gözəldir! Allah bizlərə qismət eləsin, Laçınsevər dostlarımızı doğma Laçınımızda qarşılayaq…”

Laçın şəhərinin ilk sakinlərindən biri, ixtisasca jurnalist olan Emil qardaşımız Laçının işğalından sonra, 1992-ci ildə Bakıda anadan olub. Amma Böyük Qayıdışın ilk heyətində məmnuniyyətlə yer alıb, bu ilin 28 mayından artıq Laçında yaşayır, işləyir. Bu faktın özü bəs edir ki, Qarabağda, Zəngəzurda doğulmayanların guya azad olunmuş yurd yerlərimizə qayıtmaq istəməyəcəkləri barədə bədxah fikirlərin üstündən xətt çəkilsin. Laçının Seyrəngah adlanan ərazisində söhbətləşirik. Elə Prezidentlə ilk görüşü də bu məkanda olub, ilk sakinlərin mənzillərinin açarları burada təqdim olunub. “Nə zaman gəlsəniz, gözümüz üstə yeriniz var”-deyir Emil bəy.

Həmsöhbət olduğumuz hər kəsdə eyni istək gördük, fərqi yoxdur, rəsmi şəxslər, yaxud sadə insanlar, hamı hesab edir ki, Laçın qələbəsinə layiq çalışmalıyıq, yaşamalıyıq, şəhidlərimizin ruhunu şad etmək, Ali Baş Komandanımızın qələbəsinə layiq olmaq üçün. Ümumilikdə Laçın şəhərinə və 17 km-likdəki Zabux kəndinə köçürülən sakinlərin sayı 1800-ü adlayıb.Qaz, elektrik, internet, su problemi yoxdur. Laçında artıq kinoteatr var, sakinlərin mədəni istirahəti üçün işlərə başlanılıb. İş yerlərinin açılması ilə bağlı isə unikal layihələr həyata keçirilir. Bizim səfərimizdən bir gün sonra isə Laçında ilk dəfə əmək yarmarkası keçiriləcək, sakinlərə yeni iş yerləri təklif ediləcək. Burada çalışan işçilər aldığı maaşdan məmnun olduqlarını bildirirlər. 1 saylı məktəb göz oxşayır, köç davam etdikcə, şagird sayı da artır.

Laçın bulvarına endik, şəhəri gəzdik, Prezident İlham Əliyevin Bayraq meydanında ucaltdığı bayrağımızı ziyarət elədik, Laçına, onu üzük qaşı kimi həlqəyə alan vüqarlı, zirvələri qarlı dağları seyr etdik. Günəşli Laçının mavi səmasından asılmış buludlar da bir ayrı biçimdədir, rəngarəngliyi ilə sehrə salır insanı. Laçının gecəsindən də zövq aldıq, dolanbac yollarboyunca sayrışan işıqlar Laçının ecazkarlığını daha da artırır. Qarşı tərəfdə – Qərbi Azərbaycan torpaqlarında közərən lampalarla müqayisədə Laçının gur işıqları bam-başqadır…Azad və abadLaçında hər kəs məmnundur, qüruruludur, güvənlidir. Hər kəs dövlətimizə inanır, arxayındır, hər şeyin daha yaxşı olacağına əmindir. Laçına qayıtmış insanlardan “qonağımız olun, Laçında hər bir evi öz eviniz bilin”, sözlərini eşitmək nə qədər xoşdur. “Azərbaycanın İsveçrəsi”dir Laçın, yerli və xarici turistlər üçün “olmazsa, olmaz”a çevriləcək tezliklə.

Beləliklə, Laçında “əsrə bərabər” gün yaşadıq, 30 ilə yaxın düşmən əlində əsir-yesir qalmış, birdəfəlik əsarətdən xilas edilmiş müqəddəs yurdumuzda… Təbii ki, doymadıq. Bunca həsrətdən sonrakı vüsalın şirinliyini duymayan duymaz. Laçın elə gözəlliklərə sahibdir ki, saymaqla bitən-tükənən deyil. Uca Yaradan Laçından heç nəyi əsirgəməyib. Azərbaycanımızın gözəl məkanlarından biri olan bu, dilbər guşəmiz dosta cənnət bağı, düşmənə göz dağı olacaq tarix boyunca. Hələlik, salamat qal Laçın, deyib gecənin xəfif mehi əsir, məşhur “Yeddiqat” dolaylarla üzü Şuşaya, oradan da başkəndimizə yol alırıq, xoş təəssüratlarla…

 

Elşad Paşasoy,

Bakı-Laçın-Bakı

Daha çox xəbərlər