Cəmiyyət 

Getdikcə artan boşanmalar: Ailələrin belə sürətlə dağılmasının kökündə nə durur?

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin oktyabrın 1-i vəziyyətinə 39 134 nikah və 16 226 boşanma halları qeydə alınıb. Qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,1-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Statistikadan da göründüyü kimi, son zamanlar boşanma sanki “dəb” halını alıb. Əvvəl boşanana pis baxırdılarsa, indi elə bil kimki boşanmır onlara pis baxırlar. Maraqlıdır, boşanmanı tərəflər üçün çıxış yolu halına gətirən amillər hansılardır? Ailələrin belə sürətlə dağılmasının kökündə nə durur?  Necə edək, yolun sonu boşanmaya çıxmasın? Gənc nəsildə ailə dəyərlərinin müqəddəsliyini, ailə məsuliyyətini necə formalaşdırmalıyıq? Bu kimi suallara cavab tapmaq üçün mütəxəssislərlə həmsöhbət olduq. Sözügedən problemin çözümü birgə axtardıq. Axtaran tapar, deyirlər…

Boşanmaların səbəbkarı kimi yalnız bir cinsi günahlandırmaq düzgün deyil

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin aparıcı məsləhətçisi Ləman Mahmudova “İki sahil”ə açıqlamasında bildirdi ki,  hər zaman olduğu kimi, bu gün də ailə məsələləri xüsusi diqqət və həssas yanaşma tələb edən bir mövzudur: “Ümumiyyətlə, son illərdə bir çox dünya ölkələrində boşanma saylarının artmasını müşahidə edirik. Müasir ailə modelində stresə dayanıqlılıq, tərəflərarası emosional sabitlik və problemin həll etmə bacarığının getdikcə azalması,  sosial şəbəkələrdən asılılıq, ailədə asudə vaxtın düzgün təşkil olunmaması kimi bir çox səbəblər ailədaxili münaqişələrə və boşanmalara gətirib çıxaran əsas amillərdəndir.  Bu məsələdə mənəvi, psixoloji məqamlar da əksini tapmaqdadır. Bu gün  boşanmaların səbəbkarı kimi yalnız bir cinsi günahlandırmaq düzgün olmazdı. Çünki hər iki tərəf ailə öhdəliyinin, dəyərlərinin, hüquqlarının, ailədə sağlam psixolojin mühitin qorunması müstəvisində eyni dərəcədə məsuliyyət daşıyır.  Burada əsas məsələ isə boşanmalara səbəb olan amillərin mümkün qədər aradan qaldırılması, bu, mümkün olmadıqda isə nikahların pozulmasından sonra yaranan hüquqi-psixoloji problemlərin qanuni və sivil şəkildə həll olunmasıdır.”

Müsahibimiz diqqətə çatdırdı ki, dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərləri özündə ehtiva edən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir.  Ailələrin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, güclü ailələrin formalaşması və qorunması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında duran əsas vəzifələrdəndir. Komitə tərəfindən bu istiqamətdə mütəmadi olaraq genişmiqyaslı  tədbirlər və maarifləndirmə layihələri həyata keçirilir.

Hər zaman bir tərəf qarşı tərəfi ittiham edir, özünü haqlı göstərməyə çalışır

“Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva “İki sahil”ə açıqlamasında qeyd etdi ki, son zamanlar  demək olar heç də xoş olmayan hallardan biri olan boşanmaların sayının artması həyəcan təbili çalınmasının vacibliyini tələb edir: “İstər aidiyyəti qurumların açıqladığı statistikalar, istərsə də gündəlik həyatımızda müşahidələrimiz son illərdə boşanma sayının kəskin şəkildə artdığını bir daha sübut edir.”

Həmsöhbətimiz  boşanmaların səbəblərini bir neçə amillərlə əlaqələndirdi: “Səbəblər müxtəlif və çoxsaylıdır. Lakin daha çox qarşılaşılan hallar sırasında sosial, maddi, psixoloji və digər səbəblər üstünlük təşkil edir. Belə ki, boşanma saylarının artmasını nisbi faizlə müqayisə edərkən daha çox səbəblər kimi ailənin maddi durumunun yaxşı olmaması, ailədaxili şiddət və zorakılıq, psixoloji problemlər, zərərli vərdişlərə aludəçilik, müxtəlif xəstəliklər və digər amillər aşkara çıxarır.”

T.Paşayeva vurğuladı ki, ümumiyyətlə, təkcə boşanmalar deyil, digər xoşagəlməz hallar zamanı da birbaşa kimisə günahlandırmaq doğru deyildir: “ Təbii ki, tərəflərin hər biri özünü haqlı, digər tərəfi haqsız görəcəkdir. Belə olacağı təqdirdə ortaq qərara gəlmək, problemi həll etmək mümkün olmayacaqdır. Boşanma ilə bağlı hadisələrdə də  hər zaman bir tərəf qarşı tərəfi ittiham edir, özünü haqlı göstərməyə çalışır. Amma bununla heç nə əldə edilmir. Təsadüfi deyil ki, bu gün bəzi boşanmış cütlüklərin həyatlarının sonrakı mərhələlərində yaşadıqları xoş olmayan hadisələr az deyildir. Burada cinsi ayrı -seçkilik etmək olmaz, səbəblər araşdırılmalı və tərəflərin qane edəcək nəticəyə gəlinməlidir.”

Boşanan ailələrin uşaqları ciddi psixoloji çətinliklərlə qarşılaşırlar

Mütəxəssis bildirdi ki, ata və anaları ayrıldıqdan sonra uşaqlar psixoloji problemlər yaşamağa məcbur olurlar. Çox təəssüf ki, bu gün cəmiyyətdə  boşanan şəxslərin heç də hamısı xoş şəkildə ayrılmır və boşanmadan sonra da anlaşılmazlıqlar, narazılıqlar davam edir. Ən çox qarşılaşdığımız hallardan biri də, uşağını vaxtlı-vaxtında görməmək, alimenti zamanında ödəməmək və s. dir. Təbii ki, belə olan halda ən çox psixoloji gərginlik həmin valideynlərlə yanaşı, uşaqların da yaşamasıdır. Bir müddət öncəyə kimi valideynləri yanında olan, onların istədiklərini valideynləri qarşılayan uşaqlar boşanma mərhələsindən sonra tam başqa mühitə düşürlər. Valideynlərinin biri yanında olmayan, yaranan xoşagəlməz səbəbdən əvvəlki kimi həyat tərzini yaşamayan həmin uşaqlar ciddi psixoloji çətinliklərlə qarşılaşırlar. Bir psixoloq kimi qeyd etməliyəm ki, yetərincə olmayan qayğısızlıq, əvvəlki kimi olmayan diqqətsizlik, maddi sıxıntılar həmin uşaqların psixologiyasına birbaşa və ya dolayı formada təsirini göstərməyə başlayır.”

Psixoloq diqqətə çatdırdı ki,  yeni ailə həyatı qurmuş şəxslər ailə anlayışının nə dərəcədə vacib olduğunu dərk etməli, bir-birlərinə qarşı anlayışlı olmalı, fikirlərinə hörmət etməli, hər hansı bir vacib qərar verərkən birgə müzakirə etməli, ailə daxilində yaranacaq problemlərin onlarda formalaşdıracaq psixoloji fəsadlarını dərk etməlidirlər: “Yeni ailə qurmuş, lakin boşanmaz mərhələsinə çatmış yetərincə cütlüklər vardır ki, onlar məhz qeyd etdiyim məqamları zamanında diqqət etməyib, istədikləri kimi davranıb və bu mərhələyə gətirib çıxarıblar. Nəticədə isə tərəflər stress, aqressiya, özünəqapanma, depressiya, panik atak pozuntuları və digər psixoloji problemlərlə üzləşirlər”.

Onlardan soruşmaq lazımdır: Niyə boşanırsınız?

Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, boşanmaların artmasının səbəblərindən biri  bu məsələyə cəmiyyətin laqeydliyidir: ”Problemin həlli üçün  bir tədbir kifayət deyil, burada tədbirlər kompleksinə ehtiyac var.  Problemin  həlli üçün  əvvəlcə onun baş verdiyi obyekti, səbəbləri dərindən öyrənmək lazımdır. Boşananlar, onların valideynləri arasında həqiqi sorğu keçirib soruşmaq olar ki, niyə boşanırsınız? Məhkəmə işçilərindən soruşmaq olar ki, boşanmalarda əsas səbəb hansılardır? Bütün bunlar edilmədən problemin həlli mümkün deyil. Bu sahədə sosial işlər qurulmalı, maarifləndirici tədbirlər görülməli, geniş fəaliyyət proqramı tərtib olunmalıdır. Fəaliyyət proqramında nəzərə alınacaq ki, indiki mürəkkəb cəmiyyətdə nə edək ki, ailə institutu qorunsun, öz əbədi, əzəli funksiyalarını yerinə yetirsin.”

Mənəviyyatla bağlı məsələlərdən söz açan həmsöhbətimiz qeyd etdi ki, bütün tarix boyu hansı ailədəki mənəvi dəyərlər öndədir o ailədə xoş münasibətlər yaranır. O ailədəki bu dəyərlər sıxışdırılır, arxa plana keçir, o ailələr dağılır: “Biz çalışmalıyıq ki, ailə quran gənclərin ailə haqqında təsəvvürləri aydın olsun. Məsələn, 50 il bundan qabaq bundan aydın idi. Hər kəs bilirdi ki, ailə qurur və borcu, vəzifəsi nədən ibarətdir. Amma, indikilərin ailə haqqında mücərrəd təsəvvürləri var.İndi internet resursları var ki, ailələrin dağılması üçün xüsusi proqramlar həyata keçirir. O proqramların təsiri altına düşən gənclərimiz var. Bu sahədə  lazımi işləri görmədən problemin qarşısını almaq olmaz. Əgər bir adam xəstədirsə, onu lazım olduğu səviyyədə müalicə etmək lazımdır ki, sağalsın.  Bu gün isə ailə institutun qorunması üçün lazım olan işlər görülmür. Ona görə də belə vəziyyət yaranır. “

Daha çox xəbərlər