Vətən keşiyində ayıq-sayıq…
Milli Ordumuz bundan sonra da hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olmaqla bərabər, daim təkmilləşib güclənəcək
Ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin tamlığı ilə bütünləşdi, bütün dünya Azərbaycan Ordusunun növbəti uğuru ilə Zəfər salnaməmizin yeni şanlı səhifəsinin yazıldığı tarixə şahidlik etdi. Şanlı qələbəmizlə dosta sevinc, düşmənə kədər yaşatdıq.
Qeyd etmək lazımdır ki, ordumuz 3 dəfə Ermənistan ordusuna ağır zərbələr vurmuşdu. 2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı oldu. O döyüşlərdə düşmən ağır itki verərək, silah-sursatını atıb qaçdı. Həmin döyüşlərdə 25 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın 2 min hektarı, o cümlədən bir sıra strateji yüksəkliklər azad edildi. 2018-ci il may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. İki il sonra – 2020-ci il iyul ayında Ermənistan ordusu yenidən təxribatlara əl ataraq Tovuz rayonu istiqamətində atəşkəsi pozdu. Bu dəfə də layiqli cavablarını aldılar. Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi daxil oldu. Bu döyüşdə də yüzdən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta silah-sursatı qoyub qaçdı.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu.
Artıq 30 illik həsrətdən, nisgildən sonra Qarabağın tutqun üzü açıldı, başındakı duman, çən dağıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsdi.
2020-ci il 10 dekabr tarixində Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi şərəfinə Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etdilər. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi Qələbəmizin paradı idi. Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər.
Prezident İlham Əliyevin xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Qələbənin əbədiləşdirilməsi naminə Zəfər muzeyinin yaradılması haqqında Sərəncamı, həmçinin Hərbi Qənimətlər Parkının salınması xüsusi diqqətə və alqışa layiqdir. Parkda sərgilənən eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları şanlı Qələbəmizi təcəssüm etdirməklə yanaşı, dünyaya erməni vandalizminin nümayişini təmin edir.
Bu il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağda local xarakterli antiterror tədbirləri keçirərək separatçıları 23 saat ərzində məhv etdi. 2023-cü ilin 15 oktyabr tarixində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli Bayrağımızı qaldırdı. Bu şərəfli, tarixi gün cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin Zəfər zirvəsinə, xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsinə çevrildi. Xalqımız dövlətimizin başçısının son 20 illik Prezidentlik fəaliyyəti zamanı xreallığa çevirdiyi bütün uğurların şahidləridir xüsusilə də Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə üçrəngli Bayrağımızı ucaltmaqla bir əsrlik saxtakarlığa son qoyulduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan bu il Zəfərimizin üçüncü ildönümündə Xankəndi şəhərində hərbi paradın keçirilməsi ilə bir daha tarixi ədalətə əsaslanan siyasətinin uğurlarını, hərbi gücünü nümayiş etdirdi.
Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Şanlı qələbələrimiz, ötən 20 ildə ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri ordu quruculuğu sahəsində görülən işlərin aydın mənzərəsini yaradır. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
Prezident İlham Əliyevin uğurlu ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusunun infrastrukturunda ciddi dəyişikliklər baş verdi, döyüş hazırlığına yeni tələblər irəli sürüldü, bunun üçün yetərli sayda poliqonlar, döyüş hazırlığı meydanları yaradıldı. Vaxtaşırı döyüş şəraitinə yaxınlaşdırılmış təlimlərin keçirilməsi, beynəlxalq döyüş təcrübəsinin öyrənilməsi və əldə edilən biliklərin ən müasir hərbi texnikanın imkanları ilə əlaqələndirilməsi Azərbaycan Ordusunu keyfiyyətcə yeni səviyyəyə qaldırdı. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
Son vaxtlar aparılan islahatlar fonunda Xüsusi Təyinatlı Qüvvələrin sayının iki dəfə artırılması, Komando briqadalarının yaradılması ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində atılmış ən önəmli addımlardandır. Müdafiə Nazirliyinin tabeliyində olan bütün təhsil müəssisələri 2022-ci ildə yaradılmış Milli Müdafiə Universitetində birləşdirildi, Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin sayı çoxaldıldı, döyüş hazırlığına və peşəkarlığın artırılmasına diqqət və qayğı daha da artırıldı, müasir hərbi texnikanın əldə edilməsi davam etdirildi. Bu məqsədlər üçün 2022-ci ildə dövlət büdcəsindən 4,5 milyard manat, 2023-cü ildə isə 6 milyard manat vəsait ayrıldı.
Bu gün Azərbaycan Ordusunun sıraları daha da genişlənmiş və möhkəmlənmişdir. Silahlı Qüvvələrin peşəkar kadrlarla təmin edilməsi, əsaslı şəkildə struktur islahatlarının aparılması ordumuzu ən qabaqcıl ordular səviyyəsinə çatdırmışdır. Yəni Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun güclənməsi və möhkəmlənməsi davam etməkdədir və şübhə yoxdur ki, Silahlı Qüvvələrimiz gələcəkdə də həm bölgənin, həm də dünyanın ən güclü ordularından biri kimi qalacaq. Milli Ordumuz hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olmaqla bərabər bundan sonra da daim təkmilləşib güclənəcək, Vətənin keşiyində daha da möhkəm və mətin duracaqdır.

