Evdə ana, baxçada və məktəbdə qadın müəllim… – Ekspertdən çağırış
Bu gün Azərbaycanın 4432 ümumtəhsil məktəblərində çalışan 149 602 müəllimin 71 %-ni xanımlar, 29 %-ni isə kişilər təşkil edir. Bu rəqəmlər vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Yəni, hazırda təhlükə yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və uşaqların xarakterinin formalaşmasıyla bağlıdır.
Bu sözləri “İki sahil”ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

K.Əsədov bildirib ki, uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş, ali məkətəbə qədər ancaq qadın müəllimlərin, evdə isə analarının təsiri altında formalaşır: “Bu da onların xarakterinə təsirsiz ötüşmür. Etiraf edim ki, bu gün müəllimlərin aldığı əməkhaqqı onların aylıq xərclərini ödəmir. Biz 1980-ci illərə nəzər salsaq, görərik ki, bu rəqəm 50/50 vəziyyətində olub. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinliklər müəllim kimi fəaliyyət göstərən çox sayda kişini bu sahədən uzaqlaşdırdı.”
Ekspert həmçinin, hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 min nəfərin qadın, 3600-nün isə kişi olduğunu vurğulayıb:
“Müəllimlərin məvaciblərinin azlığı kişi pedaoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta idman dərslərini keçən müəllimlərin də əksəriyyəti qadındır. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın kənd və rayonlarında qadın müəllimlər yox dərəcəsində idi. Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də, paytaxt Bakı şəhərindən yerlərə kütləvi şəkildə qadın müəllimlər göndərirdilər. Müəllim kimi yeni işə başlayan gənc təbii ki, bu maaşla dolana bilməyəcəyinin fərqindədir və müəllim diplomunu kənara atıb, normal maaşlı iş axtarmağa məcbur olur. Dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur. Uşaqları yalnız kişilər tərbiyə edirlər. Kişilərin tədris və uşaqların tərbiyə prosesinə yanaşması isə fərqlidir. Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir. Hansı ölkələrdə kişilərin sayı qadınların sayından üstündür, bu, təhsilin keyfiyyətinə də müsbət mənada təsir edir”.
Kamran Əsədovun fikrincə, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımlar arasında ən birincisi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsidir: “Bundan başqa, müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əməkhaqqını sosial rifahına yönəldə bilsin. Bu gün gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edən müəllimə ciddi şəkildə diqqət ayırmaq lazımdır. Bilirsiz, müəllimə müqəddəslərə göstərdiyimiz ehtiramı göstərməliyik. Hər bir vətəndaşı yetişdirən, formalaşdıran müəllimdir”.
Sayalı Abasova

