Cəmiyyət 

Mövsümi infeksiyalardan necə qorunaq?

Düzgün qidalanma, yuxu rejimi, təmiz hava

Qışda havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyaları geniş yayılır. Hazırda demək olar ki, xəstəliyə yoluxanlar arasında çoxluğu uşaqlar təşkil edir. Qızdırma, öskürək, ümumi halsızlıqla bağlı şikayətlər artıb. Bəzi insanlar qripi yüngül keçirsə də bəziləri, xüsusilə də immuniteti zəif olanlar xəstəliyi heç də yaxşı keçirmir. Buna görə də hazırda Səhiyyə Nazirliyi ölkəmizdə qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə mövsümi qripə qarşı vaksinasiya kampaniyası aparır.

Səhiyyə Nazirliyi əhaliyə müraciətində qeyd edib ki, respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların, xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı uşaqların və yaşlıların qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir.

Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış yeri üzrə yaşından asılı olmayaraq ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər.

Bəs bu xəstəliklərin qarşısını almaq üçün vətəndaşlar nə etməlidir?

Həkim-infeksionist: Risk qrupuna daxil olan şəxslər peyvənd olunmalıdır

Həkim-infeksionist Mərdan Əliyev məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu viruslar hava-damcı yolu ilə yoluxduğu üçün ilk növbədə insanların toplu olduğu yerlərdə maskadan istifadə edilməsi tövsiyə olunur: “Belə məkanlarda sosial məsafənin saxlanması önəmlidir. Qrip olan insanlarla yaxından təmasda olmaq olmaz. Həmçinin olduğumuz məkanlardan asılı olmayaraq əllərin tez-tez sabunla yuyulması vacibdir. Çünki qriplə yanaşı, digər xəstəliklərin də yaranma səbəbi mikroblardır. Mikroblar isə orqanizmə ən çox əllərimiz vasitəsi ilə daxil olur. Əllərimizin təmiz olması bizi viruslardan qoruyur. Digər tərəfdən, risk qrupuna daxil olan şəxslər – 65 yaşdan yuxarı xəstəliyi olanlar, qaraciyər sirrozu, ağciyər xəstəliyi, revmatoid artriti olanlar hansı ki, immun sisteminə görə dərman qəbul edənlər peyvənd olunmalıdırlar”.

M.Əliyev qeyd etdi ki, xəstəliyi yüngül keçirmək üçün immun sisteminin gücləndirilməsi vacibdir: “Vaxtında qidalanmaya, yuxu rejiminə, təmiz havada gəzintilərə və sağlam həyat tərzinə əməl edilməlidir. İmmuniteti gücləndirmək məqsədilə qidalanarkən keyfiyyətli və bitki tərkibli məhsullara üstünlük verilməlidir. Mövsümi meyvələrdən və tərəvəzlərdən daha çox istifadə etmək lazımdır”.

Sayalı Abasova

Daha çox xəbərlər