Məktəblərdə dərslər 09:00-da başlaya bilər? – AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, saatların 1 saat irəli çəkilməsi isə həqiqətən də, müəyyən çətinliklər yaradır. Xüsusilə, aşağı sinif şagirdlər üçün müəyyən problemlər törədir. Deputat təklif edib ki, dərslərin saat 08:00-də yox, 09:00-da başlamasını təklif edib. Bəs dərslər 09:00-da başlaya bilər? Dərslərin sözügedən saatda başlaması şagirdlərə necə təsir edəcək?
Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Elşən Qafarov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, hər bir məktəbdə dərslərin saatının başlanması, tənəffüs müddəti, növbələrin müəyyən edilməsi məktəbin iş rejimidir:
“Məktəbin pedaqoji şurasında, ali idarəetmə orqanında qəbul edilir və məktəb direktorunun əmri ilə təsdiq olunur. Ölkəmizdə şəraitə görə, eyni zamanda Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 171 saylı “Şagird yerləri və sanitar gigiyenik normativləri” adları qərara uyğun olaraq dərslər saat 8-də başlayır. Amma kənd və qəsəbələrdə isə şagirdin yaşayış yerinin məktəbə uzaqlığı və kənd-qəsəbələrin infrastrukturunu nəzərə alaraq şəhər saat 8:30-da başlanması tövsiyyə olunur. İnternat tipli məktəblərdə isə yatılı olduğu üçün səhər 9:00 da başlanması uyğun görülür”.
Ekspertin sözlərinə görə, istənilən halda məktəbin tədris prosesi yaxud başlanma saatı pedaqoji şuranın qərarı ilə və direktorunun əmri ilə rəsmiləşir:
“Amma 171 saylı qərara uyğun olaraq dərslərin başlanması məktəbin şəraiti yaxud internat tipli olması nəzərə alınır. Əvvəllər ölkəmizdə yay rejimi və qış rejimi tətbiq olunduğu üçün, xüsusilə yanvar-mart aylarında səhər saatları 8-dən qaranlıq olduğu üçün, hava açılmadığına görə müəyyən çətinliklər aradan qalxırdı. Son illərdə saatların vaxtı görünmədiyinə görə, rəsmi olaraq qış rejiminə və yay rejiminə vaxt baxımından keçmədiyimizə görə bir neçə ay şagirdlərin daha tez dərsə getməsi müşahidə olunur. Çətinliklər ona görə yarana bilir”.

