Lənkəranda davam edən Qanlı Yanvar hadisələri – şahidlər danışır VİDEO
1990-cı il yanvarın 26-sı. Soyuq qış günü. Bakıdan törədilən Qanlı Yanvar qırğınından sonra bu dəfə dəhşətli xəbərlər bölgələrdən gəlməyə başladı. Ölkəmizin hər yerində imperiya əsarətinə, torpaqlarımızın işğalına qarşı etiraz edən həmvətənlərimiz haqq səslərini dünyaya çatdırmağa çalışırdılar. Cənub bölgəsində, o cümlədən Lənkəranda da vəziyyət gərgin idi, azadlıq, müstəqillik istəyən xalq ayağa qalxmışdı.
Hər gün şəhərin əsas meydanında mitinq keçirilirdi. Sovet hakimiyyətinin anti-Azərbaycan qərarlarına etiraz edən insanları qorxutmaq üçün səmaya helikopterlər qaldırılsa da, əhali geri çəkilmirdi. Bunu görən sovet ordusu Bakıda, Cəlilabadda və Neftçalada həyata keçirdiyi qırğını Lənkəranda da törətmək üçün hərəkətə keçdi. Lakin Lənkəran Milli Müdafiə Batalyonunun dəstələri şəhərdə baş verə biləcək kütləvi qırğının qarşısını almaq üçün Haftonu meşəliyinə çəkildi və şiddətli döyüşlər başladı.
Hadisə şahidi Baləddin Cəlalov o günləri belə xatırlayır: “Saat 2 olardı. Şəhər tərəfdən dağlara doğru bir neçə helikopter, tank və BTR-in hücumunun şahidi olduq. Kənd camaatı gərginlik içərisində idi. Görəsən nə baş verir..? Saat 4-də sanki müharibə başladı. Silahlanmış rus əsgərləri kəndə daxil oldular və hara gəldi atəş açmağa başladılar. Təxminən iki saatdan çox şiddətli atışma getdi. Sanki müharibə idi. Bir çoxunu əsir götürdülər, neçə-neçə insanı öldürdülər. Şəhidlərimizin nəşi ortalıqda qalmışdı. Rus hərbçiləri imkan vermirdi ki, kənd sakinləri onları götürsün. Kim yaxınlaşırdısa, güllələyirdilər. Sonra yaralıları və ölənlərin hamısını vertolyota yığıb apardılar.”
Haftoni meşəliyində qeyri-bərabər şəraitdə keçən döyüşdə 5 nəfər amansızlıqla qətlə yetirildi, qalanları isə saxlanıldı. Onlardan biri – Tariyel Abdullayev helikopterlə Bakıya aparılarkən yolda boğularaq öldürüldü.
Qanlı Yanvar hadisələrinin digər iştirakçısı Mehman Bayramov da saxlanılanlar arasında olub: “Bizi Haftoni meşəsində tutdular, orada üç nəfər öldü. Sağ qalanları helikopterlə işgəncə verə-verə Bakıya apardılar. Bakıya çatanda gördüm ki, bir nəfər yerə yıxılıb. Yaxınlaşdım, amma əllərim bağlı idi. Dişimlə onun əlinə bağlanan ipi açmaq istəyəndə gördüm ki, Tariyeldir. Bir sinifdə oxumuşduq, həm də qonşu idik. Onun əlindəki ipi açmaq istəyəndə təpiklə vurdular, dişlərim qırıldı”.
“Lənkəran hadisələri”nin canlı şahidi olmuş Qismət Əmirov da o günləri unuda bilmir. Deyir ki, düşmənin Lənkəranı hədəfə alması təsadüfi deyildi. Çünki, 20 Yanvar hadisələrindən 9 gün əvvəl Lənkəranda Qarabağı ermənilərdən qorumaq üçün müdafiə qərargahı yaradılmışdı. Hər kəs Vətənin bütövlüyü, azadlığı uğrunda ayağa qalxmışdı.
“Bakıda 20 Yanvar faciəsi baş verdikdən təxminən bir həftə sonra Lənkəranda da bu hadisələrin davamı yaşandı. Döyüşlər, əsasən, bizim həyətdən başlayaraq meşə istiqamətinə yönəldi. Hətta küçələrdə də döyüş gedirdi. Lənkəranın kiçik özünü müdafiə batalyonu böyük bir sovet ordusu ilə üz-üzə dayanmışdı. Özünümüdafiə batalyonunun üzvləri ov silahları ilə silahlanaraq döyüşə atılmışdı. Hər birimiz bilirdik ki, bu qeyri-bərabər döyüşdə şəhid olacağıq. Amma Vətənə bağlılıq, azadlıq hissi o qədər güclü idi ki, geri çəkilmədik. Ağır döyüşlərdə dəstəmizin bir neçə üzvü şəhid oldu”, – deyə o həmin günlərin bir daha yada salır.
Bu hadisədən sonra imperiya qoşunlarının silahlıları 16 lənkəranlı gənci Rusiyanın Ulyanovsk, 30 nəfəri isə Bakı yaxınlığındakı Şüvəlan qəsəbəsinə apararaq 30 gün həbsxanada saxlayıblar.
Nizam Həmidov da Ulyanovskda həbsdə qalıb: “Mən Rusiyada idim. Bakıdakı faciəni eşidib Vətənimin dar gününə, onun harayına gəldim. Bakıdan sonra azğınlaşmış rus ordusunun Lənkərana hərəkət etdiyi deyilirdi. Yanvarın 26-da günorta rus ordusu vertolyot, tank və BTR-lərlə üstümüzə gəlməyə başladı. Onlar şəhərə girməsin deyə Haftoni meşəsinə çəkildik. Rus əsgərlər də istiqaməti dəyişib, meşəyə doğru atəş açmağa başladılar. Bizi mühasirəyə aldılar, şiddətli döyüş getdi, şəhidlərimiz, yaralılarımız oldu. Yenə də mübarizəmizdən dönmədik. Çünki Azərbaycan bizimdir, müstəqillik uğrunda şəhid olmağa dəyər. Təki Vətən sağ olsun, bütöv olsun”.
Qırğınlara, sovet rəhbərliyinin cəhdlərinə baxmayaraq, insanların haqq səsini, azadlıq istəyini boğmaq mümkün olmadı. Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən bu qırğınlarda xalqımız qurbanlar versə də, bir yumruq kimi birləşib imperiyaya qarşı çıxdı və böyük xalq olduğunu bir daha təsdiqlədi.
Həmin günlərdə Lənkəran 5 nəfəri Bakıda olmaqla, ümumilikdə, 11 şəhid verib. Onların adı Lənkəran şəhərinin girişindəki Şəhidlər xiyabanında əbədiləşdirilib. Sakinlər bu müqəddəs məkanı ziyarət etməklə, Vətən uğrunda şəhid olan həmyerlilərinin xatirəsini daim əziz tuturlar.