Rəssam: Bu peşənin vurğunu oldunsa, taxta üzərində də gözəlliklər yarada bilərsən FOTO VİDEO
Bu sözlər rəssam Seymur Bayramlıya məxsusdur. Hərçənd ki, belə istedad sahibləri elə də çox deyil. AZƏRTAC-ın bölgə müxbiri onunla görüşüb, yaradıcılığı ilə maraqlanıb.
Seymur Bayramlı Biləsuvar rayon sakinidir. O, 20 ildən çoxdur taxta üzərində yandırma üsulu ilə bir-birindən maraqlı əsərlər yaradır. Onun kağız üzərində rəsm əsərləri çəkməyə həvəsi uşaq yaşlarından yaranıb. Daha sonra taxta üzərində yandırma üsulu ilə rəsmlər çəkməyə başlayıb. Rəsmləri çəkərkən elektriklə işləyən qurğudan istifadə edir. Əl işlərində əsasən təbiət mənzərələrini, heyvanlar aləmini əks etdirir. Bir əl işinin hazırlanmasına isə təxminən bir həftə sərf olunur.
“Mən uşaq vaxtlarımdan milli ornamentləri çox sevirəm. Bədii oyma sənəti haqqında olan verilişlər daim diqqətimi çəkirdi. Beləcə məndə bu sahəyə maraq formalaşdı. Taxta üzərində yandırma üsulu sənətini rəssamlıqla sintez edib, daha fərqli və maraqlı əsərlər ərsəyə gətirə biləcəyimi düşündüm. Rəssamlığı bacardığım üçün bu sənəti öyrənmək mənə elə də çətin olmadı”, – deyə o bildirir.
Gənc rəssam deyir ki, bir əsəri yaradarkən əvvəlcə süjet xətti, o əsərin ayrıca hekayəsi olmalıdır: “Hər hansı əsəri işləməmişdən öncə ideyanı beynimdə formalaşdırıram. Çünki bizim işimizdə ən güclü amil yaradacağın əsəri əvvəlcədən düşüncələrdə canlandırmaqdır”.
“Taxta seçərkən əvvəlcə onun səthi yumşaqlıq və qalınlıq dərəcəsinə baxıram. Yandırma zamanı işlənilən əsərin hansı dərinlikdə olacağını bilmək taxta seçimi üçün vacib məqamdır. Şəkil çəkməzdən əvvəl taxtanın üzəri cilalanma kağızı ilə hamarlaşdırılır, ölçüləri tam qaydaya salındıqdan sonra işə hazır olur. Taxta üzərində boya ilə də işləmək mümkündür. Bunun üçün öncə taxta üzərində əsər kontur xətlər vasitəsi ilə işlənilir. Daha sonra rəngləmə aparılır, – deyə rəssam vurğulayır.
Seymur Bayramlı müxtəlif formalı suvenirlər də hazırlayır. Deyir ki, uşaq vaxtı məftildən müxtəlif arabalar, çöplərdən hündürmərtəbəli binalar düzəldib: “Bu bacarığımı postpandemiya dövründə daha da inkişaf etdirdim, gözəl işlər ərsəyə gətirdim. Məsələn məftil, yun sap və şam ağacının qozasından çox gözəl flaminqo düzəltdim. Taxta və boyadan istifadə etməklə gözəl dəyirman evləri, söhbətgah ərsəyə gətirdim”.
Taxta üzərində çəkilən şəkillər alıcılara ölçüsündən asılı olaraq 60-100 manata təklif edilir. Seymur Bayramlı əsərlərinin turistlərə satışını təşkil etmək üçün xüsusi sərgi də açmaq istəyir: “Əsərlərimdə yaratdığım qəhrəmanları çox sevirəm. İstərdim ki, əsərlərimin qəhrəmanları ilə birlikdə sərgim olsun”.
Rəssamın əsərləri bir çox sərgi və festivallarda nümayiş etdirilib