Cəmiyyət 

“Qarabağa qayıdacağımızla bağlı zəng gələndə…” Talışdan reportaj

 

Yenə Talış kəndindəyik. Hava dumanlı və çiskinli olsa da, kəndin küçələri ilə gəzir, 30 ildən sonra doğma yurda qayıtmış insanları, kənddə həyatın öz axarı ilə davam etməsini görür, fərəh və sevinc hissi keçiririk. Talış işğaldan azad olunduqdan sonra AZƏRTAC olaraq bu kəndə dəfələrlə səfər etmiş, aparılan tikinti-quruculuq işləri, sakinlərin doğma torpaqlarına qayıdışı və onların yaşayış tərzləri ilə bağlı reportajlar hazırlamışıq. Kəndə budəfəki səfərimizdə isə Aslanovlar ailəsinin qonağı olduq.

Ailə başçısı Bəybala Aslanov deyir ki, torpaqlarımız işğal olunandan sonra çətin məcburi köçkünlük həyatı yaşayıblar. Əvvəlcə Beyləqan rayonunda, sonra Bərdənin Şorəlli kəndində, daha sonra isə Zümürxan kəndində məskunlaşıblar. Ötən 30 ildə çətinlikləri nə qədər çox olsa da, bir gün belə Qarabağı unutmayıb, yenidən bu torpaqlara qayıdacaqlarına ümidlərini itirməyiblər.

“Köçkünlük illərimiz çox çətin keçdi. Beş nəfər ailə üzvü ilə bir otaqda yaşayırdıq. 30 il keçsə də, hər zaman torpaqlarımızın işğaldan azad olunacağına inanır, bir gün doğma yurda qayıdacağımızı bilirdik. Nəhayət, o gün gəldi. 2023-cü ilin mart ayında “Qaçqınkom”dan Qarabağa qayıdacağımızla bağlı zəng gələndə keçirdiyimiz sevinc hissini ifadə etməyə söz tapmıram. Beləliklə, martın 16-da Talış kəndinə gəldik. Burada hər cür şəraiti olan üçotaqlı evlə təmin edildik. Xoşbəxtik ki, 30 ildən sonra yenidən Qarabağdayıq. Onun saf havasını udur, suyunu içirik”.

Bəybala kişi Talışa köçdükdən sonra burada onlar üçün yaradılan şəraitdən ağız dolusu danışır. “Kənddə bizim üçün gözəl şərait yaradılıb. Qaz, elektrik daimidir. Uşaqlar məktəbə gedir. Mən işləyirəm, həyat yoldaşım da uşaq bağçasında işlə təmin olunub. Bundan başqa, Talış kəndinin təbii şəraitini nəzərə alıb keçi təsərrüfatı da yaratmışıq. Hazırda 36 baş keçimiz var. Məqsədimiz təsərrüfatı daha da böyütmək, süd və pendir satışı ilə məşğul olmaqdır”, -deyə əlavə edir.

 

Ailənin xanımı Zəminə Aslanova da Talış kəndindəki həyatlarından razıdır. Deyir ki, 10 aydır Talışdadırlar: “Axır ki, köçkünlük həyatımız sona çatdı. İndi bizim də gözəl evimiz var. Dövlətimizin bizim üçün yaratdığı şəraitdən, evimizdən, buradakı həyatımızdan, işimizdən, hər şeydən razıyıq”.

Aslanovlar ailəsində üç uşaq böyüyür. Dünyaminlə Mübariz dərslərini yaxşı oxumaqla yanaşı, keçilərə qulluq etməyi də sevirlər. Səkkizinci sinifdə oxuyan Ayselin isə ən böyük istəyi orta məktəbi bitirdikdən sonra Jurnalistika fakültəsinə qəbul olunmaqdır. “Qarabağı görməsəm də, valideynlərimdən soruşur, internetdən araşdırırdım. Çalışırdım ki, Qarabağın tarixi, coğrafiyası, təbii şəraiti, şəhərləri, kəndləri barədə daha çox öyrənim. Həmişə ən böyük istəyim o olub ki, bu torpaqları görüm. Şükürlər olsun ki, bu istəyimə çatdım. Həmişə xəritədə, internetdə baxdığım, haqqında oxuduğum ata-baba yurdumun dağlarını, təbiətini indi hər gün görürəm. Bu sevincli, qürurverici duyğuları bizə rəşadətli Azərbaycan Ordusu, qətiyyətli, Müzəffər Ali Baş Komandan yaşatdı. İndi isə ən böyük istəyim gələcəkdə jurnalist olmaq, Qarabağın hər guşəsində çəkilişlər edib, onu dünyaya tanıtmaqdır”, – deyə Aysel bildirir.

Beləcə Talışda daha bir günü başa vururuq. Hər dəfə bu kənddə yeni bir ailənin qonağı olsaq da, insanların sevinc dolu duyğuları eynidir: “Axır ki, məcburi köçkünlük həyatı sona çatdı, doğma yurdumuzda, öz evimizdə yaşayırıq”. Elə Aslanovlar ailəsində olduğu kimi…

Tahir Ağaməmmədov

AZƏRTAC-ın bölgə müxbiri 

 

Daha çox xəbərlər