Bölgə 

Xaçmazda emal olunan fındığın 90 faizi xarici bazara göndərilir VİDEOREPORTAJ

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qusarçay kəndində fəaliyyət göstərən fındıq fabrikində gün ərzində 20 ton məhsul emal olunur.

Fabrikdə təsərrüfatçılardan alınan qabıqlı fındıq sındırılaraq ləpə halına salınır. Emal olunan fındıq ləpəsinin 90 faizi xarici bazara ixrac edilir.

Müəssisənin icraçı direktoru Malik Eldarov bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən fabrikdə 150 işçi çalışır. Burada emal olunan məhsullar Rusiya, Almaniya, İtaliya, Belçika, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri və başqa ölkələrə göndərilir.

“Emal prosesini günün tələblərinə uyğunlaşdırmaq üçün yeni addımlar atılır. Əvvəllər məhsul xaricə ancaq ləpə formasında göndərilirdi. İndi biz təkrar emal da həyata keçiririk. Ləpələnmiş fındıq təkrar emaldan sonra qovurularaq bütöv halda, doğranmış və üyüdülmüş formada qablaşdırılır. Çünki indi xarici bazarda daha çox belə məhsula ehtiyac var. Bu məhsullar əsasən müxtəlif şirniyyatların hazırlanmasında istifadə olunur”, – deyə Malik Eldarov əlavə edib.

Fabrikdə emal edilən fındıq xarici bazarla yanaşı, paytaxtda yerləşən marketlər şəbəkələrinə də təqdim olunur.

Gələcəkdə müəssisənin emal imkanlarını daha da genişləndirmək nəzərdə tutulur. Dövlət tərəfindən regionlarda sahibkarlığın inkişafına yaradılan şərait buna imkan verir.

“Biz tez-tez xarici ölkələrdə keçirilən satış-sərgilərə qatılıb, məhsullarımızı potensial alıcılara təqdim edirik. Həmin sərgilərdə iştirakımız dövlət tərəfindən təmənnasız təşkil olunur. Hər dəfə sərgilərdə təqdimatla çıxış etdikdən sonra xarici bazara yeni çıxış imkanları qazanırıq”, – deyə Malik Eldarov söyləyib.

Rayondakı fındıq bağlarının ümumi sahəsi 12 min hektara yaxındır. Bu bağların 10 min hektarı barverəndir. Təsərrüfatçılar cari mövsümdə rayon bağlarından 8 min 462 ton məhsul əldə ediblər.

Xaçmazda emal olunan fındığın 90 faizi xarici bazara göndərilir  VİDEOREPORTAJ

Daha çox xəbərlər