Tərtərdə yas mərasimləri ilə bağlı yayılan məlumatlar yalandır – rəsmi açıqlama
Son günlər sosial şəbəkələrdə və bəzi internet resurslarında Tərtər rayonu ilə bağlı yayılan əsassız və həqiqətə uyğun olmayan məlumatlar cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Belə ki, guya Tərtər rayonunda keçirilən yas mərasimlərinin birində kabab və şirdan verilməsi ilə bağlı iddialar irəli sürülüb. Qeyd edək ki, bu məlumatlar tamamilə uydurma, yalan və dezinformasiya xarakterlidir.
Bu cür məsuliyyətsiz paylaşımlar ictimai fikri çaşdırmaqla yanaşı, eyni zamanda illərdir adət-ənənələrinə, mənəvi dəyərlərinə sadiq olan Tərtər camaatının adına ləkə yaxmaq cəhdi kimi qiymətləndirilir. Sosial mediada yayılan bu tip saxta xəbərlər insanların haqlı narazılığına və təşvişinə səbəb olmaqla yanaşı, rayonun ictimai-mənəvi mühitinə xələl gətirir.
Məsələ ilə bağlı Qerbiazerbaycanaz.tv media qurumu dərhal araşdırma apararaq rəsmi şəxslərlə əlaqə saxlayıb.
Tərtər rayonunun “Cümə” məscidinin axundu, tanınmış din xadimi Hacı Sadiq Cəfərov telefon əlaqəsi zamanı bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar tamamilə yalandır və reallıqdan uzaqdır. Axund xüsusilə vurğulayıb ki, Tərtər rayonunda yas mərasimləri İslam qaydalarına və milli-mənəvi dəyərlərə uyğun şəkildə keçirilir və yayılan iddiaların heç bir əsası yoxdur. O, bu cür məlumatların qəsdən yayılmasının cəmiyyətdə yanlış təsəvvür yaratmağa xidmət etdiyini bildirib.
Eyni zamanda Tərtər Bələdiyyəsinin sədri Tünzalə Vəliyeva da yayılan xəbərlərə münasibət bildirərək qeyd edib ki, bu məlumatlar açıq-aşkar dezinformasiyadır. Onun sözlərinə görə, yas mərasimlərində ehsanın yığışdırılması təşəbbüsü Azərbaycanda ilk olaraq Tərtər rayonunda həyata keçirilib. Hazırda rayonda yas mərasimləri sadələşdirilmiş formada təşkil olunur və yalnız çay, halva və xurma verilməsi ilə kifayətlənilir.
Bələdiyyə sədri həmçinin qeyd edib ki, sosial mediada adı çəkilən “şirdan” anlayışı Tərtər camaatına tamamilə yad bir anlayışdır və belə bir halın yas mərasimlərində baş verməsi mümkün deyil. O, bu kimi əsassız iddiaların Tərtər ictimaiyyətinə qarşı qarayaxma və nüfuzdan salma məqsədi daşıdığını bildirib.
Qeyd etmək lazımdır ki, Tərtər rayonu hər zaman öz yüksək mənəvi dəyərləri, sadə və nümunəvi yas mərasimləri ilə seçilib. Bu gün də rayonda yas mərasimlərinin israfçılıqdan uzaq, dini və milli dəyərlərə uyğun şəkildə keçirilməsi ictimaiyyət tərəfindən dəstəklənir və təqdir olunur.
Qerbiazerbaycanaz.tv olaraq bir daha bəyan edirik ki, yayılan bu tip saxta və təsdiqlənməmiş məlumatlar həqiqəti əks etdirmir. Media qurumu olaraq ictimaiyyəti yalnız rəsmi mənbələrə əsaslanan xəbərlərə inanmağa, cəmiyyətdə çaşqınlıq yaradan dezinformasiyalara qarşı həssas və diqqətli olmağa çağırırıq.

