Bölgə 

Bərdə rayonunda mənşəyi bilinməyən idman qidaları aşkarlanıb

 

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bərdə rayonunun Güloğlular kəndində fəaliyyət göstərən və Məhər Mehdiqulu oğlu Atakişiyev məxsus olan “SkyFit” idman zalında yoxlama keçirilib.

Bu barədə ARANTV.AZ-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, baxış zamanı idxal sağlamlıq aktı və müşayiətedici sənədləri olmayan bioloji aktiv qida məhsulları aşkarlanaraq satışdan kənarlaşdırılıb və məhdudlaşdırcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib. Məhsullardan nümunələr götürülərək müayinələrə cəlb edilib.

Agentlik sahibkarlara müraciət edərək bildirir ki, idman qidaları və bioloji aktiv qida məhsullarının istehsalı, idxalı və satışı mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Xüsusilə sosial şəbəkələr üzərindən qeydiyyatsız və qanunsuz formada bu məhsulların satışı ilə məşğul olan sahibkarlıq subyektləri öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmalıdırlar.

AQTA istehlakçıları bu məhsulları əldə edərkən, satıcının rəsmi qeydiyyatının mövcudluğunu, məhsulların idxal sağlamlıq aktına malik olmasını, eləcə də bioloji aktiv qida məhsullarının dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırış edir. İdman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır.

“Bu sahədə nəzarət tədbirləri davam etdirilir. Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildiyi təqdirdə müvafiq tədbirlər görüləcək”, – deyə məlumatda vurğulanıb.

Daha çox xəbərlər