Cəmiyyət 

Hərbi xidmətə getmək istəməyən gənclərimiz nə qədər pul ödəyəcək? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda bədəlli hərbi xidmətin tətbiq edilməsi ilə bağlı təkliflər irəli sürülüb. Milli Məclisin iclasında deputat Elnur Allahverdiyev deyib ki, tam müddət hərbi xidməti saxlamaqla aşağı müddət qradasiyalar müəyyən oluna bilər. Buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 və ya 6 ay müddətində keçmək olar. Bəs Azərbaycanda bədəlli əsgərlik tətbiq olunarsa, ödənişi nə qədər olacaq?

Məsələ ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, bədəlli əsgərliyin həyata keçirilməsi üçün qanunvericilikdə dəyişikliklər həyata keçirilməlidir:

” Xüsusən biz bilirik ki, əgər Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə modelinə və Şuşa bəyannaməsindən sonrakı mərhələdə keçidi təmin olunursa, qardaş ölkədə necə həyata keçirildiyini araşdırmalıyıq. Türkiyə Silahlı Qüvvələrində bədəlli əsgərliyin qiymətləri və ayı müəyyən olunub. Ona görə düşünürəm ki, əlimizdə bir təcrübə var. Üzərindən əsaslanmalı olacağımız məsələ bunun hansı həcmdə qarşılığının müəyyən edilməsidir. Təbii ki, parlamentin müzakirələrində, xüsusən təhlükəsizlik komitəsinin müvafiq komissiyasında müzakirələrin edilməsi çox asan bir məsələdir. Xüsusilə qiymətlərin müəyyən olunması müxtəlif zamanlar üçün müəyyən ediləcək. 3 və 6 ay, 1 il bədəlli əsgərlik var”.

Ekspertin sözlərinə görə, ümumiyyətlə əsgərlikdə xidmətin qiyməti zamanına bağlı olaraq hesablamalıdır:

” Ona görə də konkret məbləğ olaraq bunun neçə manat qarşılığında olması ilə bağlı nümunələri olan ölkələr var. Oradan bunu əsas olaraq götürmək mümkündür. Amma hazırda konkret olaraq rəqəm demək ancaq müzakirələrin nəticəsində gelinecek bir qərardır. Əslində istənilən bir halda Azərbaycan Silahlı Qüvvələrində “Hərbi xidmət keçmək haqqında” əsasnamənin tələblərinə uyğun olaraq formalaşmış bir hərbi xidmət keçmə qaydaları var. Amma bu yeni qaydaların parlamentdə müzakirəsi, qanunvericilikdə öz əksini tapması üçün müvafiq təkliflərin üzərindən qərar verilməsini gözləməliyik”.

Daha çox xəbərlər