Meyvəsi yeməli, toxumu zəhərli – dəfnəgilənarı
Yarpaqları dəfnənin, meyvəsi gilənarı xatırladan dəfnəgilənar Mərkəzi Nəbatat Bağında uzun illərdir ki, yetişdirilir. Dünyanın müxtəlif bölgələrində – Asiya, Afrika və Amerikada həmin kol bitkisinin 25-ə yaxın növü var. Azərbaycanda isə yalnız bir növünə – dərman dəfnəgilənarına rast gəlinir.
Mərkəzi Nəbatat Bağının laboratoriya rəhbəri Asif Mehralıyev AZƏRTAC-a bildirib ki, dəfnəgilənarının meyvəsi və yarpaqlarından dərman məqsədilə geniş istifadə edilir: “Daha çox iri yarpaqlarına görə dekorativ bitki kimi becərilir. Bitki təbii şəraitdə ancaq toxumları vasitəsilə çoxaldılır. Təbiətdə yoxa çıxmaq üzrə olduğundan mədəni şəraitdə becərilməsi və çoxaldılaraq təbiətə yenidən qaytarılması nəzərdə tutulur”.
Onun bildirdiyinə görə, bitkinin meyvəsi yeməli, qabığı, tumurcuğu və toxumu isə zəhərlidir, çünki tərkibində sionid turşusu var. Toxumla və vegetativ üsulla çoxaldılır. Ölkəmizdə əsasən Hirkan meşəsində yayılıb. Sayı ildən-ilə azaldığına görə “Qırmızı kitab”a salınıb.
Dəfnəgilənarının xüsusi qulluğa ehtiyacı yoxdur. Tək-tək becərildikdə 6 metrə qədər boy atır. Ağ və ətirli çiçəkləri olur. Çiçəyi dekorativ olduğuna görə yaşıllaşdırmada bitkidən geniş istifadə oluna bilər.

