Qohumlar arasında nikah nə kimi fəsadlar yaradır?
Sosioloq: Qanunvericilikdə yaxın qohum evliliyi qadağan edilməlidir
Bu gün ölkəmizdə ailə münasibətləri ətrafında müzakirə edilən məsələlər arasında yaxın qohumlar arasında evlilik hələ də həll olunmayan məsələlərdəndir. Hər il ölkəmizdə neçə-neçə insan yaxın qohumu ilə ailə qurur və bunun fəsadlarını yaşamalı olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına bir sıra hallarda yol verilmədiyi qeyd edilir. Belə ki, onlar arasında yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər var. Lakin bu siyahıda digər yaxın qohumların bir-biri ilə evlənməsi ilə bağlı heç bir bənd yoxdur. Halbuki qohum evliliklərinin bir sıra xəstəliklərə səbəb olduğu zamanla insanlara bildirilir. Hətta mütəxəssislər Azərbaycanda uzun müddət yaxın qohum evliliklərinin olmasının gen mutasiyalarını xeyli artırdığını qeyd edirlər. Bunun isə onkoloji xəstəliklərin baş verməsində əsas rol oynayan amillər arasında olduğunu vurğulayırlar.
Bəs nəyə görə bir sıra fəsadların yaranmasına səbəb olmasına baxmayaraq, hələ də ölkəmizdə yaxın qohumlar arasında nikah bağlanması azalmır?
Sosioloq Əhməd Qəşəmoğlu məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, qohum evliliklərindən söz açarkən biz daha çox əmiqızı, xalaqızı, dayıqızı, dayıoğlu, xalaoğlu kimi yaxın insanların evliliklərindən danışmalıyıq: “Hansı ki, xristianlarda belə bu qohumlara ikinci bacı-qardaş deyirlər. Axı, biz görürük ki, bu cür evliliklərdən fəsadlı və əlil uşaqlar doğulur. Hətta dəhşətli bir məqam var ki, bəzən belə nikahdan uşaqlar tam sağlam dünyaya gəlir. Lakin illər keçəndən sonra onlarda xəstəlik də üzə çıxa bilər. Mənə məlum olan fakt var ki, əmisi qızı ilə evlənən şəxsin bir oğlu doğulmuşdu. O da 28-29 yaşında ailə həyatı qurdu və bir övladı oldu. Lakin 30 yaşından sonra onun böyrəyində çürümə prosesinin başladığı məlum oldu. Ailə övladını hətta başqa ölkələrə də apararaq müayinələr etdirdi. Sonradan bu fəsadın kökündə qohum evliliyi məsələsinin olduğu üzə çıxdı. Başqa belə bir hadisə isə sevərək evlənən əmioğlu və əmiqızının başına gəlib. Belə ki, onların üç övladı dünyaya gəlib. Lakin onların hər biri əqli cəhətdən zəif doğulub. Bu ailənin bütün qazandığı vəsaitlər də uşaqların müalicəsi üçün sərf olunur. Bir sözlə, onlar öz həyatlarını puç ediblər. Bəs burada uşaqların nə günahı var?! Belə evliliklərdə ana bətninə düşən ilk gündən uşağın xəstə doğula biləcəyi ilə bağlı ana, ata, qohumlar 9 ay boyu gərginlik içərisində yaşayırlar. Bu müddət ərzində gərginlik uşağa belə sirayət edir. Bu da uşaqda yeni fəsadların yaranmasına səbəb ola bilir. Ona görə də yaxın qan qohumu olan adamların evlənməyi ağlamalı, utanmalı bir hadisədir. Hətta bütün xristian aləmi belə bu məsələdə bizə ironiya ilə gülür. Bütün bunları nəzərə alaraq qanunvericilikdə yaxın qohum evliliyi qadağan edilməlidir. Belə evlənən adamlara sərt münasibət olmalıdır. Dini idarələr də bu cür evliliyi haram elan etməlidir. Haram sözünün ilk növbədə fəlsəfəsini anlamaq lazımdır. İslamda o şeylər haram buyurulub ki, onlardan insanın bədəninə, həyatına xəta, bəla gəlir. Bundan böyük təhlükə ola bilərmi?! Bəzən fəsadlar uşağın özündə yox, onun övladında olur. Ona görə də bu məsələyə ciddi şəkildə həm qanunvericiliklə, həm də dinlə qadağa qoymalı olduğumuzu düşünürəm. Bizim xalqımızda bu ənənə olmamalıdır. Çox yaxşı olar ki, müsəlman, İslam aləmində biz bu sahədə qabağa düşək. Bunun özü də çox maraqlı bir tarixi hadisə ola bilər”.

