Siyasət 

“Binokl diplomatiyası”, yoxsa odla oyun? – Binokllarınızı da götürüb … burdan!

“İki od arasında qalmaq” əlbəttə, qəliz vəziyyətdir. Amma bundan da betəri odur ki, belə durumdan çıxmağa cəhd göstərməyəsən, hətta ağılsız hərəkətlərinlə onu daha təhlükəli, riskli edəsən.

İndi kapitulyant Ermənistan da. 44+1 günlük savaşdan, işğalçı kimi başı tam əziləndən sonra vaxt itirmədən qonşu Azərbaycan və Türkiyə ilə barışıq yolu tutmaq əvəzinə, öz xalqının xoşbəxtliyini yenə uzaqlarda axtarır, Rusiya (KTMT) və Qərb (NATO) arasında qalıb. Daha dəqiqi, özü-özünü bu vəziyyətə salıb. Nə qərbçi kimi qərbçidir, nə də Rusiyanın ətəyini buraxa bilir. Guya hər ikisinin yanındadır, amma hər ikisi ondan narazıdır.

Paşinyan iqtidarının davam edən bu siyasi oyunbazlığında tək hədəf isə hansısa şəkildə Azərbaycanı “sancmaq”, sülh anlaşmasını ləngidib təzə ordu qurmaq fürsəti qazanmaqdır. Hətta hakim partiyadan olan deputat Armen Xaçatryan dünən iddia edib ki, bir neçə ilə Ermənistanın “yüksək döyüş qabiliyyətinə malik, müasir ordusu” olacaq. Kimə qarşı? Aydın məsələdir…

Hələliksə, sülh gündəliyini bacardıqca gözdən salmaq, “Bakının günahı üzündən onun mümkünsüzlüyü” görüntüsünü dünyaya sırımaq lazımdır. Bundan ötrü ən ideal variant Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması barədə yalançı tezisi körükləmək, ölkəmizi müharibə tərəfdarı qismində haqsız yerə hədəfə gətirməkdir.

Əfsus ki, bu məsələdə İrəvanın Qərbdəki tərəfdarları “bəs” deyincədir. Fransadan tutmuş, ABŞ-a və AŞPA-ya, Avropa İttifaqınadək (Aİ). İki ildir Aİ-nin uzunmüddətli, yarım-hərbi missiyasının Azərbaycanla sərhəddə nə iti azıb? Üstəlik, İrəvandakı Qərb ölkələrinin səfirləri az qala hər ay sərhəddən binoklla Azərbaycan tərəfi seyr edib nə axtarırlar görəsən? İş-gücləri qurtarıbmı?

Xeyr. Yazdıq artıq. Azərbaycandan “vəhşi”, “ipə-sapa yatmayan düşmən”, “sülh istəməyən”, “işğala hazırlaşan qonşu” imici yaratmaq lazımdır. Ki, ardınca Qərbin qat-qat böyük hərbi kontingentlə ərazidə, qulağımızın dibində yerləşməyə əsas əldə etsin. Bu məqsədə çatmaq üçün şəkk-şübhəsiz Aİ missiyasının tərkibində yetərli sayda casus, kəşfiyyatçı da yerləşdiriblər. Az öncə sərhəddə Çexiya vətəndaşının ələ keçməsi qənaətimizi dönə-dönə təsdiqləyir…

5f020e8a-22a5-409d-b778-89172aad70d5.jpg (73 KB)

Söz düşmüşkən, bu gün Aİ-in Azərbaycandakı səfiri Peter Mixalko ilk dəfə Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, görüş zamanı qurumun Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu onun diqqətinə çatdırılıb. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu vurğulanıb.

Bundan əlavə, missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunduğu bildirilib. O da bildirilir ki, “binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə Azərbaycan və Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunması xüsusilə narahatlıq doğurur.

Və ən əsası, rəsmi Bakı Ermənistan ərazisindəki missiyanın bəyan edilmiş mandatına uyğun surətdə neytral, mülki və silahsız missiya qismində fəaliyyət göstərməsi, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək hər hansı fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün lazımi tədbirlər görməyə dair Aİ tərəfinə ciddi şəkildə çağırış edib.

Nə əlavə etmək qalır? Onu ki, orada, sərhəddə, Ermənistanda hansı hoqqalardan çıxdığınızı burda hamı yaxşı bilir. Odur ki, yaxşı olar, nə qədər gec deyil, binokllarınızı da götürüb sürüşəsiniz burdan. Erməniyə ümid olan “şamsız” yatar. İnanmırsınızsa, ruslardan soruşun…

Daha çox xəbərlər