Oruc tutan insan gərək dilinə də oruc tutsun, gözünə də… – İLAHİYYATÇI/ÖZƏL
Oruc tutan şəxs sübh azanı verilən andan axşam azanına kimi müddət ərzində bir neçə əməldən çəkinməlidir. Oruc tutan şəxsin ruhuna zərər vuran qeybət eləmək, söz daşımaq, bir insanın qəlbini qırmaq və s. kimi mənəvi fəsadlar da var.

“İki sahil”in “Ağızdan bilərəkdən, və yaxud bilməyərəkdən çıxan qeyri-etik ifadələr orucu pozurmu” sualına cavab olaraq ilahiyyatçı Ağa Hacıbəyli bunları bildirib:

“Orucu pozan zahiri amillərlə yanaşı, daxili şərtlər də var. Hədis qaynaqlarımızda göstərilir ki, insanın yeməsi, içməsi, cinsi əlaqədə olması orucu pozar. Daha dərin qatlarında orucun ruhuna zərər vuran qeybət eləmək, söz daşımaq, bir insanın qəlbini qırmaq və s. kimi mənəvi fəsadlar var ki, orucu pozmasa belə həmin alimlər bu kimi əməllərin orucun ruhuna böyük zərbələr vuracağını söyləyirlər. Ancaq qaynaqlarımızda belə bir hədis var ki, bir gün Həzrəti Peyğəmbərimizin (s.ə.s) Oruc tutmuş kiminsə qeybətini edən iki xanıma deyir ki, ağzınızdakı yediyinizi atın. Qadınlar cavabında Ya RasulAllah biz orucluyuq axı deyirlər. Peyğəmbərimiz yenə də siz ağzınızdakını atın deyəndə həmin qadınlar ağızlarını tərpətdikləri zaman qan, irin olduğunu hiss edirlər. Çox təəccüblərirlər ki, bu necə oldu? Peyğəmbərimiz Sallallahu aleyhi və səlləm buyurur ki, bir az öncə danışdığınız adamın əti, qanıdır. Bu əslində məcazi mənada götürülür ki, insan qeybət elədiyi insanın ölmüş qardaşının ətini, qanını yemək kimi vurğulanır. Yəni oruc tutan insan gərək dilinə də oruc tutsun. Gözünə də, digər əzalarına da. Oruc tutan insan bir aylıq ilahi məktəbdə, kursda oturma səlahiyyətini əldə etsin.”

