Kimlər 72 saat ərzində qızılca peyvəndi almalıdır? – DİQQƏT
Mütəşəkkil uşaq kollektivlərində (məktəb, məktəbəqədər uşaq müəssisələri və s.) qızılca xəstəliyinə şübhəli və ya qızılca diaqnozu təsdiqlənmiş xəstələrlə təmasda olan və daha öncə peyvəndlənməyən və ya xəstəliyə yoluxmamış uşaqların 72 saat ərzində qızılca peyvəndi alması tövsiyə olunur.
Bunu “İki sahil”ə özəl açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bildirib.

Qurumdan verilən məlumat da o da qeyd olunub ki, xəstə ilə daima ev şəraitində (xəstəlik dövrü ərzində) təmas olan şəxslər 21 gün müddətinə müşahidə və bu müddət ərzində peyvənd olunmamalıdır. Xəstə uşaq ayrı otaqda saxlanılmalıdır. Otaq tez-tez havalandırılmalıdır. Xəstə uşağa qulluq edən şəxslər maskadan istifadə etməlidirlər.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi diqqətə çatdırıb ki, qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, hələ də peyvənddən kənarda qalan əhali qruplarının peyvənd olunması vacibdir. Hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali arasında müalicə-profilaktika müəssisələri tərəfindən peyvənd işləri davam etdirilir. Uşaqları bu yoluxucu xəstəlikdən qorumaq üçün Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan peyvənd cədvəlinə riayət etmək vacibdir. Valideynlərin nəzərinə çatdırırıq ki, uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər.

