Cəmiyyət 

Kiberdələduzlara inanmayın

Bir neçə gün öncə Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müxtəlif üsullarla kibertalamaya məruzqalma risklərinin gündən-günə artması ilə bağlı müraciət etdi. Bildirildi ki, vətəndaşlara kiberüsulla hazırlanan müxtəlif nömrələrdən şübhəli zənglər, mesajlar daxil olur. Həmçinin faktların təhlili nəticəsində məlum olub ki, vətəndaşlar “İnstagram”, “Telegram”, “Facebook”, “TikTok”da səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonda isə həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb.

Bəs, görəsən, insanların belə dələduzlara aldanmasının səbəbi nədir?

İnformasiya texnologiyaları mütəxəssisi Fərhad Mirəliyev məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, həqiqətən sözügedən istiqamətdə sosial şəbəkələr və internet resursları vasitəsilə dələduzluq cəhdlərinin sayı gündən-günə artmaqdadır: “Son vaxtlar şəxsən mənim mobil nömrəmə də xarici nömrələrdən belə mesajlar gəlir. Burada müxtəlif ssenarilərlə üzləşirik. Lakin yekunda dələduzluq halı olduğu məlum olur. Əksər hallarda yazışmalarda iştirak edən botlar olur. Həmçinin artıq xaricdə yaşayan azərbaycanlılar belə dələduzluq hallarına cəlb edildiyi barədə faktlar var. Onları bu oyunlara cəlb etmələrinin səbəbi kiberdələduzların Azərbaycan dilini səlis bilmələri və qeyri-standart vəziyyətlərdə daha yaxşı ünsiyyət yaratmalarıdır. Bu cür hallardan qorunmaq üçün xüsusi bir üsul olduğunu demək olmaz. Biz sadəcə “Whatsapp”, “Telegram” və digər sosial şəbəkələrdə tanımadığımız xarici nömrə tərəfindən yazılan mesajın dələduz tərəfindən edildiyinə əmin olandan sonra həmin hesabı spam etməliyik. Bir neçə belə şikayətdən sonra isə həmin nömrə avtomatik olaraq bloklanacaq. Lakin bu, onların qarşısını almayacaq. Həmin şəxslər yeni nömrələr vasitəsilə hesablar açaraq cəhdlərini davam etdirəcəklər. Bu cür halların uğurlu olmasının səbəbi sosial şəbəkə istifadəçilərinin kifayət qədər rəqəmsal savadlılığının olmamasından irəli gəlir. Eyni zamanda, dələduzlar bu işlərə xüsusi psixoloqlar da cəlb edirlər. Psixoloji hücumlar vasitəsilə onlar qarşı tərəfi şirinlikləndirib etibarını qazanaraq bundan sui-istifadə edirlər.

Ekspert qeyd edib ki, xüsusən də son dövrlərdə ən çox yayılmış dələduzluq hallarından biri ondan ibarətdir ki, bir film təklif edilir və ona baxdığı zaman kartına 5 manat köçürüləcəyi bildirilir. Hər dəfə də başqa bir film təklif olunur və pul kart hesabına köçürülür. Belə üsullar uğurla nəticələnsin deyə hətta dələduzluqlar müəyyən büdcə belə ayırırlar. Bir sözlə, bu cür işbazlara qəti şəkildə inanmaq olmaz. Belə halların 99%-i sonda vətəndaşın zərər çəkməsi ilə nəticələnir. DİN-in vətəndaşlara çağırışındakı “gündəlik sosial həyatınızı paylaşmayın” fikrində həqiqət var. Çünki gündəlik vərdişlərimizdən, həyat tərzimizdən istifadə edərək bizə qarşı çox effektiv və təkmil ssenari hazırlana bilər. Eyni zamanda, paylaşımlarda bir vətəndaşın maddi vəziyyətinin göstəricisi ola biləcək nüanslar varsa, bu qarşı tərəfi həmin şəxsin maddiyyatının müəyyən bir hissəsini talamaq imkanının olduğuna və kiberhücuma məruz qoya biləcəyinə əminlik yaradır. Ona görə də belə paylaşımlar azı qapalı çevrəyə açıq olmalıdır. Deməzdim ki, sosial şəbəkədə hansısa profillər ələ keçirilərək orada hansı paylaşımların olduğuna baxılır. Fikrimcə, belə hallar çox minimaldır. Belə məlumatlar əsasən açıq profillərdən götürülə bilər.”

Daha çox xəbərlər