Gündəm 

Azərbaycan Hərbi Doktrinasına yenidən baxmalı – səbəblər

Bölgədəki yeni təhdidlər ciddi analiz edilməli və Azərbaycanın təhlükəsizlik maraqları çərçivəsində hərbi doktrinada yer almalıdır- Şuşa Bəyannaməsinin də həmin sənəddə əks olunmasının zamanı çatıb

2020-ci ilin noyabr ayının 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət və hökumət başçılarının imzaladığı üçtərəfli bəyanatla başa çatan 44 günlük Vətən müharibəsindən sonra dünyanın bir çox ölkəsi öz hərbi doktrinasına yenidən baxmağa başladı.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra da bəzi ölkələr hərbi doktrinalarına yenidən baxmalı oldular. Əksəriyyəti isə bu sənəddə əsasən, yeni təhdidlər ətrafında yeni yanaşma ortaya qoymağa başladı. Müharibədən məğlubiyyətlə çıxan Ermənistanda da hərbi doktrina ətrafında müzakirələr genişləndi.

Hələ 2007-ci ilin dekabr ayının 25-də Ermənistanın sabiq prezidenti Robert Köçəryanın imzaladığı fərmanla təsdiqlənən Ermənistanın hərbi doktrinası dörd əsas hissədən – Hərbi-siyasi əsaslar; Ermənistan Respublikasının müdafiə strategiyası; Hərbi təhlükəsizlik sistemi və hərbi təhlükəsizlik sisteminin islahatlarından ibarət idi.

Ermənistanın hazırkı hərbi doktrinasında nəinki Azərbaycan və Türkiyə düşmən dövlət kimi göstərilir, bu sənəddə həm də Rusiya ölkənin əsas strateji tərəfdaşı kimi qeyd edilir. Ehtimal var ki, Ermənistan hərbi doktrinasını dəyişməli olsa, orada əsas hədəf kimi Rusiya götürüləcək. Ən azından ona görə ki, hazırda Ermənistan siyasətini sürətləndirən və hər gün genişləndirən Qərb Avropa İttifaqı pərdəsi altında İrəvanı mümkün qədər tez zaman içərisində Moskvadan qoparmağı hədəfləyib.(Ordu.az)

Digər tərəfdən, Fransa və Hindistandan alınan yeni silahların tətbiqi mövcud hərbi nizamnamələr və hərbi qanunvericiliklə üst-üstə düşmədiyi üçün rəsmi İrəvan doktrina dəyişikliyinə getməyə məcburdur.

Məlumdur ki, 2010-cu ilin iyun ayının 8-də Milli Məclis Azərbaycanın Hərbi Doktrinasını qəbul edib. 

Hərbi Doktrina 8 bölmə və 75 maddədən ibarətdir. Hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, onlara yetərli müqavimətin göstərilməsi, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, müharibə və silahlı münaqişələrin qarşısının alınması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir. Doktrinanın 2-ci fəsli Azərbaycanın təhlükəsizlik mühitinə dair məsələləri özündə ehtiva edir: “Azərbaycan Respublikasının təhlükəsizlik mühiti qlobal və regional səviyyələrdə hazırda mövcud olan və gələcəkdə meydana çıxa biləcək müxtəlif qarşılıqlı əlaqəli amillərlə müəyyən edilir. Milli təhlükəsizlik konsepsiyasında əks olunmuş müasir meyllər real və potensial təhdidlərin, o cümlədən hərbi sahədə milli təhlükəsizliyə təhdid və risklərin spektrini formalaşdırır, dövlət və yerli özünüidarəetmə orqanları, Silahlı Qüvvələr və başqa silahlı birləşmələr tərəfindən onların qabaqlanması, zərərsizləşdirilməsi və aradan qaldırılması üzrə fəaliyyətin xarakterinə təsir göstərir”.

Azərbaycanın Hərbi Doktrinasına dəyişiklik etməklə də bağlı son zamanlar təkliflər səslənir. Məsələn, Milli Məclisin deputatı Elşad Mirbəşir bildirib ki, Azərbaycanın hərbi təhlükəsizliyinə olan təhdidlərin xarakteri dəyişib: “Bu, Azərbaycanın iradəsi və gücü sayəsində dəyişdi. Azərbaycan Cənubi Qafqaz regionunda regional təhlükəsizlik sisteminin qurulması missiyasını öz üzərinə götürüb. Azərbaycanın Hərbi Doktrinasında bu məqamın ayrıca göstərilməsi vacibdir”.

Bəzi ekspertlərə görə, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin də Hərbi Doktrinada əks olunmasının zamanı çatıb. Hərbi Doktrinaya əsasən, Azərbaycanın qoşulduğu beynəlxalq sazişlərdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ölkəmizin ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol verilmir. Bununla belə, hərbi-siyasi vəziyyətdə köklü dəyişiklik baş verən hallarda Azərbaycan öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə və ya başqa formada xarici hərbi iştiraka müvəqqəti icazə vermək hüququnu özündə saxlayır. Regionda artan təhdidlər, ümumiyyətlə, dünyadakı mövcud hərbi-siyasi qarşıdurmaların artdığı zamanda Şuşa Bəyannaməsinin Hərbi Doktrinada əks olunmasının vacibliyi vurğulanır.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu məsələ ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Azərbaycanın Hərbi Doktrinasına yenidən baxılmasına ehtiyac olduğunu düşünürəm. Azərbaycan müstəqil xarici və təhlükəsizlik siyasəti yürüdür. Biz qonşularla münasibətləri qarşılıqlı maraqlar əsasında qururuq. Azərbaycan hərbi doktrinasını qəbul edərkən torpaqlarımız işğal altında idi. İndiki dövrdə bölgədə təhdidlərin xarakteri dəyişib. Bu təhdidlər ciddi analiz edilməli və Azərbaycanın təhlükəsizlik maraqları çərçivəsində hərbi doktrinada yer almalıdır. Bu arada, Azərbaycan Türkiyə ilə strateji ittifaqı dərinləşdirib və bu məqamın hərbi doktrinada xüsusu vurğulanmasına ehtiyac var. Yeni hərbi doktrina Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılmasını istisna etməməlidir. Şuşa Bəyannaməsinin ana xətti yeni hərbi doktrinada vurğulanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra “Qafqaz evi” ideyasını irəli sürüb. Bu ideyanın reallaşmasının bu və ya digər şəkildə hərbi doktrinada yer almasına ehtiyac var. “Qafqaz evi” ideyası bölgədə sülh və əməkdaşlıq üçün zəmin yaradır. Cənubi Qafqaz ölkələri bir-biriləri ilə əlaqələri genişləndirərlərsə, regional layihələrdə rol alarlarsa, bu, bölgəyə olan təhdidləri xeyli dərəcədə azaldacaq”.

Emin Həsənli: “Ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu  danılmazdır”

 Emin Həsənli

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-in sədri Emin Həsənli isə qeyd etdi ki, hər bir ölkənin hərbi doktrinası onun üçün çox böyük bir sənəddir: “Hərbi doktrina həmin ölkənin təhlükəsizlik sistemi, silahlı qüvvələri, ölkəyə olan təhdidlər, eləcə də düşmən ölkələr bu sənəddə bildirilir. Hansı istiqamətdə təzyiqlər, təhdidlər gözlənilir, qarşıya qoyulan məqsədlər nədən ibarətdir və s. sənəddə yer alır. Azərbaycanın Hərbi Doktrinası, hüquqi bazası var. Nəticədə ölkəmizdə çox güclü ordu yaradıldı. Təhdidlərin istiqaməti doğru müəyyən edilib. Ona görə də, 44 günlük Vətən müharibəsində, bir günlük antiterror əməliyyatımızda Azərbaycan böyük qələbə əldə etdi. Ermənistanda isə vəziyyət tamam başqa cürdür. Ermənistan ilk öncə Rusiyadan asılı idi. Rusiya qanunlarını özünə kopya etmişdi. Kreml onların strateji tərəfdaşı idi. İndi bu NATO olacaqsa, Türkiyə açıq düşmən kimi göstərilməyəcək. Ermənistana ordu nəyə lazımdır? Azərbaycanla, yaxud Türkiyə, İranlamı döyüşəcək? Onun hərbi doktrinası nəyi həll edəcək? Dünyada təhdidlər dəyişir. Dünya dəyişir, qanunlar zamana görədir. Hərbi doktrinada bəzi əlavələrin edilməsi təbiidir. Azərbaycan bütün bu məsələləri dərindən təhlil edir”.

Daha çox xəbərlər