TDT: Türkçülük ideyasının birlik, həmrəylik, bərabərlik platforması
Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü, qəbul edilən Qarabağ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının sülhə çağırış, konstruktiv dialoq tribunası olduğunu göstərdi
Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunun , iqtisadi qüdrətinin yüksəlməsi naminə dövlət başçısı kimi üzərinə düşən məsuliyyəti xalqımızın maraqları, dövlətçilik mənafeinin qorunması baxımından yerinə yetirən, liderlik cəsarəti ilə doğruldan Prezident İlham Əliyev üçün əsas prioitetlərdən biri də ümumtürk birliyinin möhkəmləndirilməsi idi. Ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən sayılan bu hədəfə nail olmaq üçün türkdilli xalqların oxşar milli irsinə, mental xüsusiyyətlərinə güclü syasi-ideoloji təsir vasitəsi kimi diqqət göstərən, türk dövlətləri arasında birləşdiricilik missiyasının vacibliyini zamanın qarşısıalınmaz tələbi kimi dəyərləndirən Prezident İlham Əliyev bu məqsədlə zəruri elmi, ideoloji zəminin formalaşdırılması, təkmil konsepsiya əsasında güclü təşkilatın yaranması zərurətini aktuallaşdırdı.
2009-cu ildə Naxçıvanda Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan dövlət başçılarının iştirakı ilə keçirilən IX Zirvə görüşündə imzalanmış bəyannamə əsasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) yaradıldı. İlk dövrlərdə qurum haqqında o qədər cəsarətlə danışa bilməsək də artıq bu təməl əsasında formalaşan, daha da təkmilləşən, coğrafiyası genişlənən, beynəlxalq aləmdə nüfuzu artan Türk Dövlətli Təşkilatı (TDT) birlik və həmrəyliyimizin nümunəsi kimi varlığımızı göstərən hüquqi əsaslara malik geniş tribunadır. Həmin Zirvə toplantısında «Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır» bildirən dövlət başçımız İlham Əliyevin sözləri kimi , niyyətləri də artıq gerçəkləşib. Son illərdə keçirilən TDT-nin Səmərqərd, İstanbul, Astana kimi digər Zirvə görüşlərində də qarşıya qoyulan hədəflərin yerinə yetirlməsi, beynəlxalq aləmdə böyük nüfuz qazanması türk birliyini daha da gücləndirib. XXI yüzilliyin türk əsri olması reallığını artıq cəsarətlə səsləndiririk.
Bu günlərdə Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşada Prezident İlham Əliyevin, Özbəkistanın, Qırğızıstanın, Qazaxıstanın dövlət başçıları Şavkat Mirziyoyevin, Sadır Japarovun, Kasım-Jomart Tokayevin, Macarıstanın Baş naziri Viktor Orbanın, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin iştirak etdikləri Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin liderlərinin qeyri-rəsmi Zirvə görüşü türk birliyinin, həmrəyliyinin sarsılmazlıq nümunəsi, tarixi hadisə kimi yaddaşlada iz saldı. Şuşa görüşü bir daha təsdiqlədi ki, türk dünyasının gücləndirilməsi, böyük coğrafiyanı əhatə edən bu dünyanın siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi Azərbaycanın xarici siyasətinin əsas məsələlərindəndir. Zəngin təbii resursları, tarixi , milli-mənəvi dəyərləri ilə fərqlənən Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən TDT-yə üzv dövlətlərin davamlı inkişafı da göstərir ki, nüfuzlu beynəlxalq təşkilatlarla eyni səviyyədə söz sahibi olan qurum türkçülük ideyasının birlik, həmrəylik, bərabərlik platformasıdır. 2021-ci ildə Şuşanın «Azərbaycanın mədəniyyət paytaxtı»” elan olunması, Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il respublikamızda «Şuşa İli»nin” elan edilməsi, TÜRKSOY tərəfindən bu şəhərin 2023-cü il üçün «Türk dünyasının mədəniyyət paytaxtı”», ICESCO tərəfindən isə 2024-cü il üçün «İslam dünyasının mədəniyyət paytaxtı”» elan olunması bu qədim yurd yerinin türk dünyası üçün əhəmiyyətini ehtiva edir. Azərbaycanla Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsinin bu şəhərdə imzalanması mədəniyyət paytaxtı Şuşaya siyasi maraqların birləşdiyi şəhər statusu da qazandırdı. Qeyri rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi isə türkçülüyün sarsılmazlıq nümunəsi kimi tarixə yazıldı.
Türk dövlətləri rəhbərlərinin Ermənistanın işğalından azad edilmiş torpaqlara davamlı səfərləri, Füzulidə Özbəkistanın, Qazaxıstanın dəstəyi ilə inşa olunan orta məktəbin və yaradıcılıq mərkəzinin istifadəyə verilməsi, qardaş dəstəyi ilə tikiləcək məktəblər, digər sosial obyektlər ortaq dəyərlərə malik türk qardaşlığının təzahürüdür.
Türk dövlətlərinin beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinin kəsişdiyi əlverişli coğrafi ərazilərdə yerləşməsi TDT-nin əhəmiyyətini daha da artırır. Orta Dəhliz layihəsinin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyətinin artması türk dövlətlərinin iqtisadi inkişafına güclü təsirə malikdir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətlərinə önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalar nəzərə alınaraq hazırda Bakı gəmiqayırma zavodunda daha 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Qardaş dövlətlərin enerji sahəsindəki strateji tərəfdaşlığı, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığı regional əhəmiyyətli layihələr kimi dəstəklənir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan «Rəqəmsal İpək Yolu»” layihəsi də birliyin möhkəmləndirilməsinə xidmət edən mühüm təşəbbüslərdəndir. Azərbaycanın COP29-a sədrliyinin yekdilliklə dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsi olmaqla türk birliyinin sarsılmazlıq amili kimi dəyərlidir. 200-ə yaxın ölkənin mühüm əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsinə tərəfdar olması bütünlükdə türk həmrəyliyinin ifadəsidir.
«Əminəm ki, bu gün imzalayacağımız Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edəcək. Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatının hesabına ayırdığı 2 milyon ABŞ dollar daha mühüm layihələrin həllinə yönəldiləcəkdir.
İkinci Qarabağ müharibəsindəki Zəfərimizi təkcə işğalın sonu deyil, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolunda tarixi bir fürsət pəncərəsinin açılması kimi dəyərləndirən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın əminliklə söylədiyi «Orta Asiya, Qara dəniz və Xəzər dənizi hövzələri də daxil olmaqla, bütün Türk dünyası üçün böyük imkanlar yaradacaq, yeni fürsətlər doğuracaq» sözlərində türk dünyasının möhtəşəmliyi əks olunub. Qeyd olunduğu kimi, Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması təkcə bölgə ölkələri üçün deyil, beynəlxalq nəqliyyat xətlərinin açılması, qlobal təhlükəsizlik və kommunikasiyalar baxımından da böyük önəm daşıyır. Qlobal enerji, nəqliyyat layihələrinin reallaşmasında təşəbbüskarlığı, malliyyə dəstəyi ilə fərqlənən Azərbaycanın uğurları bütünlükdə türk dövlətlərinin birlik və həmrəyliyinin möhkəmlənməsinə xidmət edir.
Zirvə toplantısında çıxış edən digər dövlət və hökumət başçılarının qeyd etdikləri kimi, konstruktiv dialoq platforması olan dünyada sülhün, sabitliyi qorunmasına önəmli töhfələr verən TDT-nin Zirvə görüşlərinin məqsədi dövlətlərarası əməkdaşğılığın möhkəmləndirilməsi, beynəlxalq əhəmiyyətli qlobal enerji layihələrindən, nəqliyyat dəhlizlərindən, yük daşımalarından səmərəli istifadədir. «Bu istiqamətdə Azərbaycanla sıx əməkdaşlıq edirik”» söyləyən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev COP29-da fəal iştirak edəcəklərini diqqətə çatdıraraq iqlim məsələləri ilə bağlı türk dünyası ilə əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirdi.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın ən vacib qlobal forumlardan birinə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyini dəstəkləyərək bərpaolunan enerji sahəsində Azərbaycanın təbliğ olunan təcrübəsinin əhəmiyyətini vurğulayaraq bildirdi ki, ölkəmizlə həmrəylik , türk birliyinin güclənməsi naminə göstərilən diqqətdir. Qarabağ Bəyannaməsində qeyd edildiyi kimi, bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanır və Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsində (Yaşıl dəhliz) yeniliklər dəstəklənir
Beş il əvvəl məhz Azərbaycanda keçirilən toplantıda Türk Dövlətləri Təşkilatına üzv olduqlarını xatırladan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sözləri ilə deyilsə, dünyada qlobal risk və təhdidlərin artdığı, qarşılıqlı inam böhranının daha da dərinləşdiyi bir vaxtda beynəlxalq aləmdə hörmət və nüfuzu artan Azərbaycanda belə möhtəşəş tədbirin keçirilməsi birlik və həmrəylikdən güc alan, keyfiyyətcə yeni səviyyəyə yüksələn və inkişaf edən əlaqələrin möhkəmlənməsi müasir hədəflərin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir.
Dünyada enerji təhlükəsizliyinin önəminin artdığı, bu sahədə əməkdaşlığın həyati məsələ kimi aktuallaşdığı bir zamanda təbii resurslarla zəngin və əlverişli coğrafi mövqedə yerləşən türk dövlətlərinin bir araya gəlməsi göstərir ki, TDT beynəlxalq aləmdə həqiq mənada sarsılmaz güc mərkəzi kimi tanınır. Başda Türkmənistanın təbii qazı olmaqla, Xəzərin digər tərəfindəki resursların Türkiyəyə və Avropaya daşınması, enerji mexanizminin təkmilləşdirilməsi, şaxələndirilməsi təkcə türk dövlətlərinə deyil, Avropanın enerji təhlükəsizliyinə töhfədir.
Şimali Kipr Türk Cümhuriyyətinin Zirvə görüşündə təmsil olunması, TDT-nin sıralarının artması tarixi hadisə kimi dəyərləndirildi.
Macarıstanın Baş naziri Viktor Orban Şuşa görüşünü Qərb ilə Şərq arasında əməkdaşlıq üçün çox vacib platforma adlandırdı. Qeyd edildi ki, Şuşa görüşündə Orta Dəhlizin əsas mövzu olaraq seçilməsi təşkilatın gələcəyinə və ortaq hədəflərə – «Türk dünyasına baxış-2040”» sənədində qarşıya qoyulan məqsədə çatmaq baxımından strateji əhəmiyyətli seçimdir.
Beynəlxalq ictimaiyyətin, xüsusilə dünyada islamofob meyilləri təbliğ edib, milli münaqişələri qızışdıran, türkçülüyü özləri üçün təhlükə hesab edən dairələrin TDT-nın güclənməsinə münasibətləri təbii ki, birmənalı deyil. Dini radikalizmin, terror aktlarının, ksenofobiya meyillərinin, neokolonializmə nifrətin artdığı dünyamızda TDT-nin özünəməxsus, sülhpərvər mövqeyini ötən il ölkəmizdə keçirilən «Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər» Forumunda Ceymstaun Fondunun sabiq prezidenti Qlen Hovardın «Sizin Türk Dövlətləri Təşkilatı ilə bağlı baxışınız nədən ibarətdir… Siz hesab edirsinizmi ki, xarici qüvvələrə qarşı Türk Dövlətləri Təşkilatı bir təhlükəsizlik ittifaqına, dövlətlər blokuna, bir növ Türk dövlətlərinin NATO-suna çevrilə bilər? Türk Dövlətləri Təşkilatının gələcəyini necə görürsünüz?» sualını cavablandırarkən bildirən Prezident İlham Əliyev dünyagörüşü, hadisələri təhliletmə qabiliyyəti ilə bir daha liderlik məharətini təsdiqlədi. Qlobal problemlərlə zəngin dünyamızda siyasi gərginliyi artıran hadisələri proqnozlaşdırmağın çətin olduğunu, geosiyasi qarşıdurmaların nə ilə nəticələnəcəyinin sual altında qaldığını diqqətə çatdıran Prezident İlham Əliyev bildirmişdi ki, regionumuzda, Qafqaz, Mərkəzi Asiya ölkələrinin sərhədləri boyu, xüsusilə də, Əfqanıstandakı vəziyyəti nəzərə aldıqda təhlükəsizlik mövzusu başlıca prioritet olmalıdır. Eyni zamanda diqqətə çatdırmışdı ki, türk dünyasının böyük potensialı və geniş coğrafiyası var. Nəhəng enerji ehtiyatları milli təhlükəsizlik məsələsinin həllində başlıca amildir. «Bizim coğrafiyamız Avropadan Şərqi Asiyaya qədər uzanan ərazini əhatə edir. Bizim istifadə edə biləcəyimiz müəyyən infrastruktur var və biz ondan istifadə edirik. Şərq-Qərb marşrutu boyu dostluq mühiti var, niyə səylərimizi səfərbər etməyək ki?» söyləyən Prezident İlham Əliyevin əlavə, məntiqli sözləri TDT-yə fərqli , qərəzli yanaşmalara tutarlı cavab oldu: «Hazırda biz NATO-ya bənzər təsisatın yaradılması haqqında danışmırıq. İlkin mərhələdə birgə təhlükəsizliyimizin hansı şəkildə təmin edilməsi ilə bağlı konsensus olmalıdır. Bunun üçün bütün ölkələrin razılığı olmalıdır. Mən, sadəcə, Azərbaycanın mövqeyini ifadə etdim. Sual versəniz ki, bununla bağlı hansı əlavə ideyalar var, deyə bilərəm, biz müdafiə və müdafiə sənayesi sahələrində daha sıx əməkdaşlıq etməliyik, birgə istehsal, birgə təlimlər keçirməliyik və sərhədlərimizin qorunması üçün birgə səylər göstərməliyik. Türk Dövlətləri Təşkilatı ölkələrinin milli təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi baxımından bunlara nail olmaq üçün yol xəritəsi hazırlanmalıdır. Zənnimcə, bu, praktiki baxımdan faydalı ola bilər və hər bir ölkə vahid amal naminə öz töhfəsini verə bilər. Əlbəttə, bu, hələ ki, ilkin mərhələdir. Mənim sonuncu Zirvə toplantısında dediklərim həmkarlarıma mesaj idi. Məsləhətləşmələr prosesində bəlli olacaq ki, biz bu işdə haraya qədər gedə bilərik. Mən haraya qədər gedə biləcəyimizlə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Hesab edirəm, bu mövqe təkcə son illər bizim əldə etdiyimiz təcrübə deyil, həm də regionda və dünyada proqnozlaşdırıla bilinməyən vəziyyətdən irəli gəlir.»
Şuşada imzalanan Qarabağ Bəyannaməsində təşkilatın beynəlxalq aləmdə rolunu, qlobal hadisələrə təsir imkanlarını artıracaq bütün prioitetlər əksini tapıb. Belə ki, türkçülük ideyasının aparıcı qüvvəsi, birlik və həmrəyliyinin sarsılmazlıq, güc mərkəzi olan TDT-nin məqsədi, amalı xalqlarası dostluqluğu, əməkdaşlığı gücləndirmək, malik olduqları təbii resursları sülhün, sabitliyin təminatına yönəltməkdir. Prezident İlham Əliyevin aforizmə çevrilən «Nəyin, necə, nə vaxt» həll ediləcəyi müdrik kəlamının TDT-nin gələcək fəaliyyətindəki məntiqi nəticəsini zaman göstərəcək.
Xuraman İsmayılqızı, «İki sahil»