Region Xəbərləri 

Heydər Əliyev və Azərbaycan mətbuatının inkişaf xüsusiyyətləri.

Azərbaycanın milli mətbuatının əsası 1875-ci il iyulun 22-də  “Əkinçi” qəzetinin nəşr  olunması ilə Həsən bəy Zərdabi tərəfindən qoyulmuşdur. “Əkinçi” qəzeti necə böyük bir ənənənin başlanğıcında dayandığının fərqində deyildi. Amma bir məsələ faktdır ki, məhz “Əkinçi”nin ardından dünya mətbuatı müstəvisinə can atan Azərbaycan mətbuatı ötən 149  ildə böyük inkişaf yolu keçib.

Zərdabi dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün mütləq maariflənməsi gərəkdir. Xalqın maarifləndirilməsi prosesində isə öndə ziyalılar gedirdi. “Əkinçi” ilə başlanan bu estafet sonradan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, Məmməd Ağa Şahtaxtinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi Rus”, “Həyat”, Əhməd bəy Ağaoğlunun yaradıcısı olduğu “İrşad”, “Füyuzat” kimi mübariz mətbu orqanlarla davam etdirildi.
1918-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi milli mətbuatımızın inkişafında yeni mərhələnin əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyət dövründə Azərbaycan mətbuatı sözün əsl mənasında demokratik meyarlarla inkişaf edirdi. Avropanın, Qərbin hələ demokratiya haqqında mülahizələri mövcud olanda, Azərbaycanda bütün sahələrdə, o cümlədən, mətbuat sahəsində demokratik prinsiplər tətbiq olunurdu.

Təəssüf ki, Azərbaycan Xalq  Cümhuriyyətin ömrü qısa oldu və ölkədə qurulan Sovet rejimi bütün sahələrdə olduğu kimi milli mətbuatın da  boğulmasına gətirib çıxardı.

1920-ci ildə qurulan Sovet rejimi ilk vaxtlarda ölkənin ziyalılarının, xalqın maariflənməsində, vətənpərvərlik ruhunun oyanmasında böyük rolu olan şəxsiyyətlərin repressiyasına start verdi və mütərəqqi, demokratik fikri boğmağa başladı. Rejimin repressiya maşını ölkənin istər mətbuatının, istərsə də ədəbiyyatının aparıcı simalarını sıradan çıxarmaqla keçmişi unutdurmağa, gələcəyi isə yalnız öz arzularına uyğun qurmağa cəhd edirdi.

Sonrakı dövrlərdə isə artıq sovet təbliğatı tam şəkildə öz istəklərini tətbiq etməyə başladı. Totalitar rejimin senzura maşını milli mətbuat ənənəsinin inkişafını dayandırsa da, peşəkarlıq baxımından müəyyən yol qət edildi.
1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaratdı. Məhz Ulu öndərimizin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibətdə dəyişiklik baş verdi. Ümummilli liderimiz Heydər Əliyev hər zaman ana dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması, demək olar ki, bütün qaranlıqlara işıq saçdı.

Məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpırdı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rolunu oynadı. Sovet İttifaqının dağılması ilə müstəqillik əldə edən Azərbaycanın mətbuatının da taleyi keşməkeşli oldu. Həmin dövrlərdə mətbuatın necə böyük çətinliklərlə üzləşdiyi hamıya bəllidir. O baxımdan, müasir, müstəqillik illərindən sonrakı dövrü bir neçə istiqamətə görə qruplaşdırmaq mümkündür.

 1991-ci ildə əldə olunan müstəqilliklə bərabər ölkənin başını qara buludlar aldı. Təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi, silahlı qruplaşmaların mübarizə aparması və ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi.

İstər Həsən bəy Zərdabi dövründən miras qalan, istərsə də Ümummilli liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılan milli mətbuat ənənələri kobud şəkildə dağıdılırdı.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə yol açdı.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.

1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı.

Ümummilli liderimiz Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 2000-ci ilin martında Ulu öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.

2001-ci ildə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu öndər Heydər Əliyev demişdir: “Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi, əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”.

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb.

 

Temur Mustafayev, YAP Bərdə rayon təşkilatı fəalı, Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına məktəb-liseyin direktoru

Daha çox xəbərlər