Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdən biridir. Onun həyat və fəaliyyəti elmə, insanlara xidmətin parlaq nümunəsidir. Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə təhsilini əla qiymətlərlə başa vurmuşdur. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinə qarşı mübarizədə Zərifə Əliyevanın rolu əvəzsiz olmuşdur. Traxoma infeksion xəstəliyi gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan xəstəlikdir. Zərifə Əliyeva xəstəliyin daha çox yayıldığı bölgələrdə müalicə və profilaktik tədbirlər təşkil etmiş, həkimlər üçün maarifləndirici çıxışlar etmişdir. Onun hazırladığı müalicə üsulu bütün respublikada tətbiq olunmuş və nəticədə traxoma xəstəliyi demək olar ki, aradan qaldırılmışdır. Traxoma ilə yanaşı Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparmışdır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi. Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. 1960-cı ildə “Traxomanın sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 1983-cü ildə professor vəzifəsinə yüksəlmişdir. Onun elmi tədqiqatları yalnız traxoma ilə məhdudlaşmamış, qlaukoma, virus mənşəli göz xəstəlikləri və peşə patologiyaları kimi sahələri də əhatə etmişdir. Zərifə Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. “Terapevtik oftalmologiya”, “Herpetik göz xəstəliyi” kimi əsərləri bu gün də həkimlər üçün mühüm mənbədir.1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsindəki xidmətlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdür. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.Zərifə xanım yalnız alim deyil, həm də pedaqoq və ictimai xadim idi. O gənc həkimlərin yetişdirilməsində mühüm rol oynamış, səhiyyə sahəsində kadr hazırlığına böyük töhfə vermişdir. Onun “Yüksək etimad” kitabı həkim etikası baxımından dəyərli əsərlərdən sayılır. Zərifə Əliyeva sadəliyi, xeyirxahlığı və insanlara olan diqqəti ilə seçilən bir ziyalı idi. O, Azərbaycan mədəni mühitinin görkəmli nümayəndələri ilə sıx əlaqədə olmuşdur. Həyat yoldaşı, Ümummilli Lider Heydər Əliyev onun haqqında yüksək fikirlər söyləmiş, onun ailə və dövlət həyatındakı rolunu xüsusi vurğulamışdır. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmişdir. 1994-cü ildə nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun adı bu gün də yaşayır: Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi fəaliyyət göstərir. 2023-cü ildə 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Akademik Zərifə Əliyevanın həyatı elmə, insanlara və cəmiyyətə xidmətin nümunəsidir. Onun zəngin elmi irsi və humanist fəaliyyəti Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynamış və gələcək nəsillər üçün örnək olmuşdur.

